Dərsə hazırlaşan uşaqlar ekran başına keçər-keçməz işıq sönür, müəllimin sözü ağzında, uşaqların arzusu ürəyində qalır
Lerik-Lənkəran şosesinin 30-cu kilometrliyində yerləşən Hamarmeşə kəndindəyik. Kənd sakinləri bildirirlər ki, toy-bayramı sevən xalqımız uzun müddətdir ki, nə toy görür, nə bayram. Pandemiya işimizi əlimizdən aldığı kimi, kiçik əyləncələrimizdən də bizi məhrum buraxıb. Novruzu keçirə bilmədik, el şənlikləri də yoxdur. Hamının ümidi Ramazan bayramına idi, ona da “Azərişıq” ASC imkan vermədi.
AYNA bu dəfə ucqar rayonlardan biri olan Lerik rayonundan xəbər verir. Həmin bölgədə olan əməkdaşımız rayon ərazisində elektrik enerjisinin tez-tez kəsildiyinə, gün ərzində fasilələrlə verildiyinə şahid olub.
Hamarmeşə kəndinin uzun müddət evə qapanmış camaatı pandemiyadan daha çox “Azərişıq”dan əziyyət çəkdiyini danışır. Karantin qaydalarının yumşaldılması ərəfəsinə təsadüf edən Ramazan bayramında qız-gəlinlər, xalalar-bibilər, analar-nənələr qollarını çirmələyib süfrə ətrafına oturublar ki, qoğal bişirələr, halva çalalar. Qoğalları sobada bişməkdəykən işıqlar sönüb.
Kənd sakinlərinin sözlərinə görə, elektrik enerjisi uzun müddətdir ki, gün ərzində dəfələrlə kəsilir. Məktəblər bağlı olduğu üçün Təhsil Nazirliyinin göstərişi əsasında uşaqlar hamısı onlayn dərs sisteminə keçiblər. Səhər sübhdən oyanıb dərsə hazırlaşan uşaqlar elə ekran başına keçib müəllimləri ilə salamlaşırlar ki, işıq sönür. Müəllimin sözü ağzında, uşaqların arzusu ürəyində qalır.
Kənd sakinləri onu da bildirirlər ki, elektrik enerjisi bəzən gecənin gec saatlarında da kəsilir. Dağlıq ərazi olduğu üçün küləkli, qarlı, yağışlı havalarda hər hansı texniki nasazlığın yaranmasını hamı anlayışla qarşılayır. Lakin isti və mülayim havalarda, sakit və ulduzlu gecələrdə elektrik enerjisinin kəsilməsi, xüsusi ilə də bu kəsintinin uşaqların dərs prosesinə mane olması kənd sakinlərinin haqlı qəzəbinə səbəb olur. “Azərişıq” təkcə kənd sakinlərinin işığını söndürmür, onların bayram həvəsini də, uşaqların təhsil arzusunu da söndürür.
ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məsələ ilə bağlı AYNA-ya deyib ki, Lerik rayonunda və bir sıra başqa bölgələrdə elektrik dirəkləri və naqillərinin təmir-bərpa işləri gedir: “Bütün ölkə ərazisində bölgə-bölgə bərpa prosesi davam etməkdədir. Əyri dirəklərin düzəldilməsi, sıradan çıxmış naqillərin yenilənməsi ilə bağlı elektrik enerjisinin verilməsində müəyyən fasilələr yaranır. Demək olar ki, işlər artıq yekunlaşıb. Bundan sonra işıqlar kəsilməyəcək”.