Milli Məclisin bu gün keçirilən toplantısında avtomobilin idarə edilməsi üçün etibarnamə verilməsinin ləğvi ilə bağlı təklif səslənib. Millət vəkili Azər Badamovun təklifinə əsasən sovet dövrünə məxsus bu yanaşma ortadan qaldırılmalı, inkişaf etmiş ölkələrdə olduğu kimi sivil yanaşma ortaya qoyulmalıdır.
Moderator.az-a açıqlamasında bu təklifi dəstəkləyən yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Ərşad Hüseynov, illərdir ki, bu təkliflə çıxış etdiklərini bildirdi:
“Bu təklifi dəstəkləməklə yanaşı bildirim ki, bu təklif yeni deyil. Millət vəkillərinin bu təklifi dəstəkləməsi çox yaxşı haldır. Biz neçə illərdir bu fikri səsləndiririk ki, avtomobillərin istifadəsində etibarnamənin məcburiliyi yığışdırılmalıdır. Söhbət etibarnamənin ümumiyyətlə yığışdırılmasından getmir. Etibarnaməni əmək haqqı almaq üçün də, ev satmaq üçün də verirlər. Avtomobili satmaq üçün də kimsə kimsəsə belə bir səlahiyyət verə bilər. Bu, tamam başqa şeydir.
Etibarnamə avtomobilin istifadəsində məcburi olmamalıdır. Bu nüansı dəyişmək lazımdır. Alqı-satqı proseduru tam şəffaf və dəqiq olmalıdır ki, heç kim etibarnaməyə maarq göstərməsin. Avtomobilin idarə edilməsi üçün etibarnamə isə dövriyyədən çıxarılmalıdır. Bu məsələdə məcburiyyət aradan qaldırılmalıdır”.
Seymur ƏLİYEV