“Oğuz, Qəbələ, Şəki rayonunda elə abidələr var ki, diri-diri satılıb”





“Azərbaycan dövlət muzeylərinin kataloqları araşdırılmalıdır”
1994-cü ildən 21 may 2020-ci ilədək Azərbaycanın mədəniyyət naziri vəzifəsini daşıyan Əbülfəz Qarayev dönəmində Azərbaycan mədəniyyəti elə nazirin soyadı kimi qara qaldı. 26 ildə Əbülfəz Qarayevin fərqli adlarda rəhbərlik etdiyi bu nazirlik mədəniyyətimizin inkişafına demək olar ki, heç bir töhfə vermədi. Rəhbərlik etdiyi nazirlik kinoteatrların yerini satıb, restorana, ticarət mərkəzlərinə çevirdi. Bakının tarixi-memarlıq abidəsi sayılan İçərişəhərin hər yerində ticarət obyektləri tikildi, bir çox sənət əsərlərimiz xaricdə satışa çıxarıldı, peşkəş edildi.
Maraqlıdır ki, ölkəmizə məxsus olan və satılan sənət əsərləri necə qaytarıla bilər?
“Hər hansı bir sənət əsəri eyni zamanda beynəlxalq kataloqa düşür”
“Hürriyyət”in sualını cavablandıran Qafqaz üzrə araşdırmaçı Ənvər Börüsoy deyir ki, muzeylər haqqında beynəlxalq qanun var: “Hər hansı bir əsər muzey əsəri sayılırsa, onun sənədi muzey tərəfindən qeyd olunursa, o əsər hansı ölkəyə məxsusdursa, o muzey əşyasının həmin ölkəyə geri qaytarılması haqqında İnterpol tərəfindən iddia qaldırılır və o sənət əsəri həmin ölkəyə təhvil verilir. Prosedur qaydası belədir. 90-cı illərin ortalarında Azərbaycan Respublikasının Dövlət İncəsənət Muzeyindən o dövrün pulu ilə 420 milyon dollar həcmində, indiki kursla götürsək, 4 milyard dollardan yuxarı sənət əsərləri oğurlanmışdı. Əsasən Bremen muzeyindən daşınan orjinal sənət əsərləri idi. O əsərlər Bremen muzeyindən Azərbaycana necə gəlib çıxıb? İkinci dünya müharibəsi vaxtı Sovet ordusu Almaniyanı işğal edəndə orada sənət əsərlərinin oğurlanması halları kütləvi xarakter daşıyıb. Bu əsərlərdən bir xeylisi də Azərbaycanın muzeylərinə gəlib çıxmışdı. Artıq Azərbaycanın kataloqundan sayılırdı. Çünki hər hansı bir sənət əsəri eyni zamanda beynəlxalq kataloqa düşür. Həmin əsərlər oğurlanmışdı. İnterpol tərəfindən axtarılanda məlum oldu ki, Yaponiyaya aparılıb, oradan Amerikaya, oradan da özəl kolleksaçiyalara gedib çıxmışdı. Bu, böyük bir beynəlxalq skandal oldu”.
“Kataloqda əsər varsa, demək yerindədir, yerində deyilsə, demək o əsər artıq oğurlanmış sayılır”
Ə. Börüsoy hesab edir ki, Əbülfəz Qarayevin işlədiyi dövrdə muzeylər idarəsinin ölkəyə daxil olan və ölkədən xaric olan sənət əsərləri haqqında verilən arayışlar araşdırılmalıdır: “İkincisi də Azərbaycan dövlət muzeylərinin kataloqları araşdırılmalıdır. Çünki kataloqda əsər varsa, demək yerindədir, yerində deyilsə, demək o əsər artıq oğurlanmış sayılır və belə olduğu təqdirdə İnterpol tərəfindən sənət əsəri axtarışa verilir, onun haqqında olan sertifakt, kataloq sənədi İnterpol tərəfindən bütün ölkələrin daxili işlər orqanlarına təqdim olunur. O əsər hansı ölkədədirsə, Azərbaycana təqdim edilməlidir. Amma Əbülfəz Qarayevin başqa cinayət əməllərini deyə bilərəm. Çünki Azərbaycan Respublikasının bütün ərazisi maddi-mədəniyyət abidələri, xüsusən də arxeoloji abidələrlə zəngindir. Təsəvvür edin, Oğuz, Qəbələ, Gəncə, Qazax, Salyan, Masallı, Lənkəran və digər bölgələrdə çoxsaylı arxeoloji abidələr tamamilə məhv edilib və onların üzərində sosial obyektlər tikilib. Kimsə obyekt, zavod, fabrik, kimsə böyük yaşayış binaları tikib, yaxud yol, qaz kəməri çəkiblər. Bu hallara göz yumulub”.
“Oğuz, Qəbələ, Şəki rayonunda elə abidələr var ki, diri-diri satılıb”
Ə. Börüsöyun fikrincə, əslində, hər bir qanunsuzluğa göz yumma yüksək məbləğdə vəsait mənbəyidir: “Yəni biri kənddə ev tikirsə, yol çəkirsə, zavod tikirsə, Mədəniyyət Nazirliyi orada tarixi, arxeoloji abidə varmı-yoxmu, maddi-mədəniyyət abidələri kataloqa salınıb-salınmayıb, diqqət etməliydi. Çox abidələr var ki, süni şəkildə kataloqa salınmayıb. Niyə? Çünki həmin ərazilər satılıb. Oğuz, Qəbələ, Şəki rayonunda elə abidələr var ki, diri-diri satılıb və indi onlar ictimai iaşə abidələrinə çevrilib. Halbuki, Azərbaycan tarixinin ayrılmaz bir parçası olan abidələrdir”.
Tarix: 15-06-2020, 09:39
Xəbəri paylaş





Xəbər lenti