Özünüzü və ətrafınızı zəhərləməyin: Zibili yandırıb zibilə düşə bilərsiniz...

 

Məişət tullantılara arasında metal məmulatlar varsa, bu tullantılar yandırılan zaman yox olmur, buxarlanaraq ətraf mühitə yayılır.

 Məişət tullantılarının qalaqlanması, daşınmaması və yandırılması xüsusilə yay aylarında həmin ərazilərə yaxın yaşayan sakinlərin kabusuna çevrilir.

Tullantıların qoxusu, anti-sanitariya, yandırılan zaman ətrafa atılan zəhərli maddələr və tullantılara yığılan həşəratlar Xırdalan şəhər Bünyad Sərdarov küçəsinin sakinlərini cana yığıb. Bir tərəfdən su problemi, digər tərəfdən kanalizasiya sisteminin olmaması və ən nəhayət məişət tullantılarının qalaqlanması və daşınmaması sakinlərin həyatını təhlükə qarşısında qoyub.

Ərazidə yaşayanlar iddia edir ki, məişət tullantıları günlərlə daşınmır və qalaqlanaraq, üfunət iyi verir. Müraciətləri isə hər zaman olduğu kimi cavabsız qalır.

Analoji hallar Binəqədi qəsəbəsində də baş verir. Məhz bu səbəbdən sakinlər uzun illərdir ki, məişət tullantılarını paketlərə yığıb qapılardan asır. Burada heç olmasa həftədə bir dəfə tullantılar yığılır.

Ümumiyyətlə məişət tullantılarının qalaqlanması, vaxtında daşınmaması halları ilə tez-tez qarşılaşırıq. İstəyir mərkəz ərazilərdə, istərsə də kənarda qəsəbələrdə bu həll edilməyən problem olaraq qalır.

Sumqayıt poliqonu - real təhlükə: almanlar gənclər şəhərini xilas edə biləcəkmi?

Bəzi ərazilərdə isə məişət tullantıları yandırılır. Ətrafa qatı tüstü, zəhərli maddələr atılır. Yerli sakinlər isə bu tüstü ilə nəfəs almaq məcburiyyətində qalır.

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu problem paytaxtın bütün bölgələrində var. Daha çox isə Binəqədi, Balaxanı, Xırdalan, Hövsan ərazilərdə yaşanır.

"Məişət tullantılarını yandıranlar da bizim vətəndaşlardır. Ancaq başa düşmək lazımdır ki, bu tullantılar yandırılan zaman ətraf mühitə 200-dən çox zəhərli maddə atılır. Atılan qazlardan karbon monoksid, karbon dioksid, sulfid oksid və nitrogen oksid insan sağlamlığı üçün kifayət qədər təhlükəli qazlardır. Bu qazlar bütün təbiətə zərər verir" –deyə ekoloq vurğulayıb.

Onun sözlərinə görə, bu qazlar xərçəng, tənəffüs yolu xəstəlikləri, endokrin sistemin pozulması və digər xəstəliklərin yaranmasına səbəb olur: "Hazırda pandemiya dövründə vətəndaşlar daha diqqətli olmalıdır. Məişət tullantıları saxlanılan ərazilərdən uzaq olmalı, onları yandırmağa çalışmamalıdır. Çünki ətrafa atılan hər bir zəhərli qaz immun sistemə mənfi təsir göstərir, gücsüzləşdirir və xəstəliklərə yoluxma riskini artırır. Bu qazların çoxu xərçəng, tənəffüs yolu xəstəlikləri və endokrin sistemin pozulması kimi fərqli xəstəliklərə yol açır”.

"On il bundan əvvəl vəziyyət daha acınacaqlı idi. İndi vətəndaşlar daha anlayışlıdır. Əvvəl belə hadisələr daha çox olurdu. Məişət tullantısı yandırılan zaman onun tərkibində hansı maddələr olduğu yandıran şəxslərə məlum olmur. Onlar havaya nə qədər zəhərli maddələrin atıldığından xəbərsiz olurlar. Məsələn, əgər məişət tullantılara arasında metal məmulatlar varsa, bu tullantılar yandırılan zaman yox olmur, buxarlanaraq ətraf mühitə yayılır. Yüksək istilikdə yanma zamanı isə atmosfer havasına kadmium, arsen, civə, xrom və s. bu kimi toksik metallar atılır. Daha sonra bu tənəffüs zaman insanların ağciyərlərinə hopur” – deyən Vaqif Əliyev yandırılmanın təhlükəsindən danışıb.

"Yaxşı olardı ki, aidiyyatı qurumların məişət tullantılarını vaxtında daşıyaraq, vətəndaşların onları yandırması üçün zəmin yaratmasın" – deyə o, əlavə edib.

Xatırladaq ki, məişət tullantılarının qalaqlanması və yandırılması İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tənzimlənir.

Belə ki, məcəlləyə görə, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Tarix: 15-06-2020, 22:50
Xəbəri paylaş





Xəbər lenti