Adın, abrın, pulun və inamın məhv edildiyi məkanlar: - onların tənbehini payızda verəcəklər
Son illər xüsusilə özəl tibb müəssisələrində qoyulan diaqnozların səhv olması ilə bağlı şikayətlər artmaqdadır. Bu günlərdə özəl klinikalardan birində pasiyentə qoyulan diaqnoz isə hər kəsi şok edib. Belə ki, Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib. Bu barədə Medicina.az-a pasiyentin özü məlumat verib. O bildirib ki, qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla “Sağlam ailə” klinikasına gedərək, orada USM müayinəsindən keçib. Lakin orada ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər. Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib: ""Sağlam ailə"nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.
Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm. Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük. Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu dedilər. Kağızda “Ekstranterin hamiləlik" yazılmışdı və sual işarəsi qoyulmuşdu. Soruşdum, bu nədir, dedilər, gedin, test edin, analiz verin. Dəfələrlə həkimə dedim ki, bu, ola bilməz. Necə hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram. Təsəvvür edin həmin an nişanlımın vəziyyətini. Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki, etirazımı bildirim, məni içəri buraxmadılar. MRT üçün verdiyim pulu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.
Nəticədə başqa klinikada yenidən USM olunan xanımda yumurtalıqda ağırlaşmış follikulyar kist aşkar olunub və müalicə yazılıb: “Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. Məni bütün xəstəxanada, nişanlımın qarşısında biabır etdilər, məni alçatdılar. O kist partlayardı, qanama güclənərdi... Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri tələb edirəm. Bir də onların məni bu dərəcədə alçaltdıqları üçün cavabdehlik daşımasını istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm. Sağ olsunlar Şəfa klinikasının həkimləri, son anda doğru diaqnoz qoyub, məni xilas etdilər”.
Sputnik Azərbaycan məsələ ilə bağlı əvvəlcə "Sağlam ailə", daha sonra “Avrasiya” Hospitalı ilə əlaqə saxlamağa çalışsa da, hər iki klinika sualımıza cavabdan yayındı. Qeyd edək ki, buna bənzər olaylara son illər özəl klinikalarda tez-tez rast gəlinir. Sağlamlığı təhlükə altında qalan pasiyentlərə isə dəyən nə mənəvi, nə də maddi ziyan ödənilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür hallarla bağlı onlara çoxsaylı şikayətlər daxil olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, son illər özəl klinikalardan belə şikayətlərin sayı artıb. E.Hüseynov ölkəmizdə pasiyentlərin hüquqlarını qoruyan qanun olmadığından, belə halların tez-tez təkrarlandığını bildirir. AİB sədri vəziyyətdən çıxış yolunu pasiyentlərin hüquqlarını qoruyan qanunun qəbulunda görür.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən halların özəl klinikalarda daha çox qeydə alınmasının müəyyən səbəbləri var. Deputat bəzi özəl klinikalarda pasiyentlərə səhv diaqnoz qoyulduğunu təsdiqləyir. O bildirir ki, buna səbəb, həmin klinikaların savadsız kadrları işə cəlb etməsidir: "Sahibkar klinika açdıqdan sonra işçi götürdükdə keyfiyyətə önəm vermir. Savadsız, hətta mən deyərdim ki, ixtisassız kadrları işə cəlb edirlər. Bu da belə halla nəticələnir. İnsanların həyatı və sağlamlığı təhlükə altına düşür".
K.Əliyeva "Pasiyent hüquqları haqqında" qanunun qəbulundan sonra yaranmış bu problemlərin aradan qalxacağını söyləyir. O, qanun layihəsinin Milli Məclisin payız sesiyasında müzakirə olunacağını bildirir.