“Jurnalistikamız istər Vətən müharibəsi, istərsə də ondan sonrakı dönəmdə özünü ləyaqətlə aparıb”


Vüqar İskəndərov: “Mediamız çox önəmli məqalələrlə Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirib”
 
“Mənbəyini Zərdabidən alan Azərbaycan mediası zaman-zaman bir çox önəmli jurnalist simaları ilə ölkəmizi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda layiqincə təmsil edib. Şirməmməd Hüseynov və bir çox jurnalisti nümunə gətirmək olar ki, onlar jurnalistikamızın ləyaqətli simvollarına çevriliblər. Müasir Azərbahcan jurnalistikası da öz üzərinə düşən vəzifəni layiqncə yerinə yetirməyə çalışır”.
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib. Vətən müharibəsində Azərbaycan mediasının da böyük fədakarlıqlar göstərdiyinə diqqət çəkən millət vəkili, düşmən üzərində qələbədə jurnalistlərimizin də ciddi pay sahibi olduğunu bildirib:
 
“Təbii ki, hər sahədə müəyyən problemlər mövcuddur. Jurnalistika sahəsində də mediamızın imicini korlayan, peşəkarlıqdan uzaq insanlar var. Lakin onların varlığı jurnalistikamızn fəaliyyətinə kölgə sala bilməz. Çünki mediamızda kifayət qədər savadlı, peşəkar, ləyaqətli, öz peşəsinin vurğunu olan insanlar var.
 
Vətən müharibəsi dönəmində də, ondan əvvəl və sonrakı dönəmdə də jurnalistikamız özünü çox ləyaqətlə apardı. Vətən müharibəsində qələbəmizin təmin olunmasında informasiya müharibəsinin də mühüm rolu oldu. İnformasiya müharibəsinə rəhbərlik edən Ali Baş Komandan Vətən müharibəsi dönəmində dünyanın 30-dan çox nüfuzlu telefiziyasına, media orqanına verdiyi müsahibələrlə informasiya cəbhəsində dövlətimizin üstünlüyünü təmin etdi. Jurnalistikamız çox önəmli məqalə və yazılarla Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirdi.
 
44 günlük Vətən müharibəsində qələbəmizə töhfə verən sahələrdən biri də jurnalistika oldu. Jurnalisltərimiz müharibə zamanı qaynar nöqtələrdən reportajlar hazırlayır, hadisə yerindən dəqiq və əhatəli məlumatlar çatdırmaqla cəmiyyəti informasiya ilə operativ şəkildə təmin edirdilər. Bu məsələdə qardaş Türkiyə mediasının da əməyini qeyd etmək lazımdır. Türkiyə mediası da Azərbaycan jurnalistikası ilə birlikdə haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etdi, böyük işlərə imza atdı.  
 
Ümumiyyətlə, görülən işlərin cəmiyyətə çatdırılması, onun sürətlə ötürülməsində medianın əvəzsiz rolu var. Gördüyümüz işlərin önəmini birə beş artıran da məhz jurnalistlərdir.
 
Cəmiyyətin maarifləndirilməsi missiyası da əsasən jurnalistlərin üzərinə düşür. Onlar əbəs yerə deyil ki, “dördüncü hakimiyyət” adlandırılır. Onlar cəmiyyətimizin lokomotivi rolunda çıxış edirlər.
 
Mən jurnalisltərimizi peşə bayramı münasibəti ilə təbrik edirəm. Qeyd edim ki, dostlarım arasında da çoxlu jurnalistlər var. Onlar xalqımıza ləyaqətlə xidmət edirlər.
 
Jurnalistlərimizin hər birini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Tarix: 21-07-2021, 17:15
Xəbəri paylaş





Xəbər lenti