Azərbaycan öz şəhidinə erməni təcavüzkarlarından 3 dəfə az dəyər verir?


 
Qarabağda həlak olan təcavüzkar erməni əsgərlərinin qan pulu 20 min dollardır. Öz torpağı uğrunda həyatlarını qəhrəmancasına qurban verən Azərbaycan şəhidlərinin ailələrinə isə cəmi 11 min manat birdəfəlik ödənişlər verilir. O da verilsə. Dollara çevirsək, bizim şəhid ailələrinə verdiyimiz birdəfəlik müavinət 6470 dollar edər. Yəni, Azərbaycan hakimiyyəti öz şəhidinə ermənilərdən ən azı 3 dəfə az dəyər verir.
 
Ovqat.com-un məlumatına görə, Ermənistanın Sığorta Fondunun açıqladığı rəqəmlər, nə yazıq ki, bu cür düşünməyə əsas verir. Ən azı ilk baxışdan.
 
Bildirilir ki, Ermənistanda cəmi 4 177 əlil və həlak olan hərbçilərin ailələri Sığorta Fondundan təqaüd alır. Onlardan 416 – sı 2020-ci ildən əvvəl, qalanları isə 44 günlük savaşdan sonra vəsait almağa başlayıb.
 
 
“Həlak olanların doğmaları birdəfəlik 10 milyon dram (təxminən 20 min dollar) və aylıq müavinət olaraq isə 200-300 min dram (təxminən 400-600 dollar) alırlar. Eyni miqdarda ödənişlər 1-ci qrup əlilliyi olan hərbçilərə verilir”, - Ermənistan Sığorta Fondunun rəsmi açıqlamasında belə deyilir.
 
Məlumata inansaq, ikinci qrup müharibə əlilləri müvafiq olaraq 5 milyon dram (10 min dollar) birdəfəlik və 200 min (400 dollar), 150 min (300 dollar) və 100 min (200 dollar) dram məbləğində aylıq müavinət alırlar. Aylıq ödənişlər 20 il ərzində verilir.
 
Ermənilər ölən və əlil olan hərbçilərinin müavinətlərini artırmaq üçün müxtəlif üsullardan da istifadə edirlər. Fondun vəsaitləri əsasən Ermənistan və Qarabağda muzdlu işçilərin əmək haqqından ayırmalar, həmçinin könüllü ianələr hesabına formalaşır. İddia olunur ki, bir neçə ay əvvəl fondun vəsaitlərinin artırılması üçün İrəvanın Respublika meydanında "Ermənistan-Marriott" mehmanxanasının foyesində ənənəvi naxışlı xalçaların (Arevaqorq və ya günəşli xalça) toxudulduğu dəzgah yerləşdirilib. Hər kəs mehmanxananı ziyarət edərək dəzgahdakı xalçanın düyünlərinə 1 000 drama bağlayır․ Toplanan vəsaitlər isə Sığorta Fonduna yatırılır.
 
Bəs bizdə vəziyyət necədir?
 
BBC-nin Azərbaycan redaksiyasının 2 dekabr 2020-ci il buraxılışında dərc olunan məlumatı təqdim edirik:
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı Facebook hesabında bildirib ki, şəhidin vərəsələrinə 11 min manat sığorta ödənişi verilir.
 
"Müharibə əlillərinə də sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.
 
O, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əlavə olaraq, əmək stajından asılı olaraq pensiya və ya müavinət (orta məbləğ 400 manat), onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) və Prezidentin aylıq təqaüdü (210-300 manat) ödənildiyini açıqlayıb.
 
Fazil Talıblı bildirib ki, bundan başqa şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları müxtəlif sosial proqramlarla təmin olunurlar, o cümlədən dövlət vəsaiti hesabına təhsil haqqından (ehtiyac olduqda) azad edilirlər, mənzil və avtomobillə təmin olunurlar.
 
"İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib,"- Fazil Talıblı qeyd edib.
 
Azərbaycanla Ermənistan sığorta fondlarının əlil və şəhid ailələrinə ayırdığı vəsait ilk baxışdan ermənilərin öz müharibə itkilərinə daha həssas yanaşdığı qənaəti yaratsa da, məsələyə dərindən nəzər salanda mənzərə dəyişilir. Belə ki, təkcə 44 günlük müharibədə 8-9 min erməni əsgərinin həlak olduğu bildirilir. Hətta Ermənistanın açıqladığı rəsmi rəqəmlərdə öldürülən əsgərlərin ümumi sayının 5000-dən çox olduğu etiraf olunur. Bu baxımdan, Ermənistan Sığorta Fondunun qeydiyyatında 4177 nəfərin qeydiyyatda olması, üstəlik, bu rəqəmlərə əlillərin də şamil edilməsi müharibə itkilərinin dəqiq statistikasının aparılmadığını, xeyli sayda zərərçəkmiş ailəsinin siyahıya alınmadığını göstərir. Azərbaycanda isə eyni statusu daşıyan ailələrin sayı dəfələrlə çoxdur. 2013-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 13 560 şəhid ailəsi, təxminən 11 min Qarabağ əlili var idi. Şəhid ailələrinin üzvlərinin sayı isə 19 min nəfərə yaxın idi. O dövrdən indiyədək keçən 8 il ərzində, təbii ki, şəhid və əlillərimizin sayı artıb. 44 günlük müharibədə isə əlavə 3 min şəhid verdik. 1250-ə yaxın yaralanlarımız oldu. Bunları da siyahıya əlavə etsək, rəqəm xeyli qabarar. Üstəlik, I Qarabağ savaşı zamanı 100 minlərlə qaçqın və məcburi köçkünlərimiz də var və bütün bunlar müharibədən zərərçəkmişlərimizə çəkilən sosial xərcləri xeyli artırır. 
 
Bununla belə, şəhid ailələrinə qayğı dövlətimizin 1 nömrəli vəzifəsi olmalı və bizi dost-düşmən yanında utandırmamalıdır.
 
Tarix: 21-07-2021, 22:54
Xəbəri paylaş





Xəbər lenti