MÖVZU İLƏ BAĞLI:
Cidanı çuvalda gizlətməyə çalışanlar... MEDİA-mızın növbəsinə necə düşək?
Dahi fransız filosofu Alber Kamü insanın dedikləri ilə yanaşı, demədikləri ilə də bir şəxsiyyətə çevrilə biləcəyini xatırladırdı. Bu aforizmə əsaslanaraq, MEDİAmızın səssizliyinin arxasındakı səbəblərin də dərin olduğuna inanmaq istərdik.
Əks halda, altı aydan bir, o da informasiya resurslarına yardımın ediləcəyi vaxt görünən, informasiya resursları ilə yalnız vəsait ayrdığı halda əlaqə saxlayan, zəng edən və zənqlərə cavab verən, sonra isə yenidən ulduzu sönən MEDİA-nın bu addımını başa düşmək çətin olardı.
Artıq ikinci ildir ki, Agentlik sadəcə müsabiqə vaxtında gündəmə gəlir və sonra dərhal da gözdən itir.
Nəinki itir, hətta telefonları belə səsizə alır ki, heç kim Agentliyin bu sükünət halını poza bilməsin. Bu müddət ərzində Agentliyin nə ilə məşğul olduğu, nəyin monitorinqini apardığı, hansı metodologiyadan istifadə etdiyi isə məlum deyil və ya yalnız məhdud saylı Agentlik əməkdaşlarına məlumdur. Bir çox meyarları hələ də özü üçün müəyyən edə bilməyən Agentlik rəsmiləri sanki köhnə ənənələri davam etdirir.
Elə bil ki, MEDİAmızın fəaliyyəti Xəzər dənizindəki yelkənli qayıqdır, ancaq mövsimi olaraq fəaliyyət göstərir və hava münasib olduğu zaman səyahətə çıxır. Sanki əsas məqsəd sadəcə ildə bir dəfə su üzünə çıxıb nəzərdə tutulanları paylamaqdır. Ən azından gördüyümüz və eşitdiyimiz sadəcə bunlardır.
Kimlərinsə “qış yuxusuna” getdiyi bir dövrdə dünya az qala hər gün dəyişir. Oxucuların xarakteri kimi, xəbərlərin də təqdimatı yenilənir, meyarlar, kriteriyalar və xəbər siyasəti keyfiyyət və kəmiyyət etibarilə yenilənir. Yeni gənc nəslinin düşüncəsi, onların arzu istəkləri dövrün tələbatlarını müəyyən edir. Dəyişməyən tək şey isə MEDİAmızdakı bizlərə münasibətlər olur.
Bəlkə də, sosial şəbəkələrin əhəmiyyətini, yeni xəbər strategiyasını, “social media interaction” məfumunu başa düşməyə çalışanların səssizliyi də başa düşülən olmalıdır.
Düşüncələrini mühafizə etməkdə israrlı olan MEDİAmızın öz təkliflərindən belə bixəbər olan kadrlarını nəzərə aldığımızda bu səssizliyin səbəbləri də daha yaxşı anlaşılır.
Aleksandr Düma qeyd edir ki, hər böyük qəbahətin yalnızca iki çarəsi var. Birincisi zaman, ikincisi isə səssizlik. Görəsən, necə böyük qəbahət işlənilib ki, səssizliyi müsabiqədən müsabiqəyə qədər pozmamaqda israrlıdırlar. Kim bilir?!
Müşahidələrimiz onu göstərir ki, MEDİA rəsmilərinin yalnız bir missiyası var və qarşılarına qoyulan bu “önəmli” missyanı artıq bitmiş hesab edirlər. Ağır iş rejimindən və olduqca mürəkkəb seçim prosesindən sonra növbəti müsabiqəyə qədər fasilə verməyə qərar veriblər... və səssizlik...
İstirahət zamanıdır cənablar!
Deyiləcək bir söz yoxdur. Elə Konfutsinin də dediyi kimi, deyəcəkləriniz səssizliyi pozmağa dəymirsə, lütfən susun!
Biz isə sadəcə bu həddən ziyadə böyük missiyanı gələcəkdə də davam etdirmək üçün uğurlar diləyə bilərik.
Anar Tahirov, Bizim Media-nın Baş redaktoru