Pensiyaçılara böyük haqsızlıq - Niyə artım inflyasiyaya görə hesablanmır?
"Azərbaycanda pensiyaların indeksləşməsi 2016-cı ilə qədər inflyasiya göstəricilərinə idi. 2016-cı ildə inflyasiya göstəricilərinin çox yüksək olması və devalvasiyadan sonra ikirəqəmli inflyasiyanın qeydə alınması səbəbindən qaydaları dəyişdilər. Artım çox olmasın deyə daha aşağı bir göstərici ilə dəyişdilər". Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, 2016-cı ildən etibarən, orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşmə aparılır: "Bu təbii ki, doğru deyil. Hətta hökumət rəsmiləri özləri də etiraf edirlər ki, nominal gəlir artımı çox az olub. Rəsmi rəqəmlərə görə, bizdə gəlirlərin real azalması qeydə alındı. Uzun illərdir ki, belə hal olmurdu. İnflyasiyanın yüksək olması, nominal gəlirlərin isə cəmi 2,9 faiz artması real gəlirlərin kəskin azalmasına səbəb oldu". İqtisadçının sözlərinə görə, qaydaları yenidən dəyişmək lazım idi: " İnflyasiyaya görə indeksləşməyə keçmək daha doğrudur. Dünyanın bir çox ölkələrində hətta bu avtomatik baş verir. İnflyasiya rəqəmləri avtomatik indeksləşməni müəyyənləşdirən əsas amil olur. Bizdə isə təəssüf ki, bu praktikadan imtina ediblər. İndiki indeksləşmə insanların gözləntilərinə cavab verməyəcək, heç bir dəyişiklik olmasa cəmi 3 faiz təqaüdlərin indeksləşməsini müşahidə edəcəyik".