FHN və məhkəmə deyir ki, tikinti qanunsuzdur- “Olympus Park”ın qoçuluğuna kim “dur” deyəcək?



“FHN deyir ki, şirkətin tikintiyə icazəsi yoxdur, məhkəmə qərardad çıxarır, amma şirkət tikintini davam etdirir. Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, vətəndaşın mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Amma mənim kimi vətəndaşların xüsusi mülkiyyətində olan evlər və torpaq sahələri “Olympus Park” kimi şirkətlər tərəfindən dağdılır, zəbt edilir”.
Bunu Musavat.com-a müraciətində Nəsimi rayon, Abay döngəsi, ev 17, mənzil 6 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi Nərgiz Quliyeva bildirib.
Vətəndaş qeyd edir ki, 2021-ci ildən etibarən yaşadığı məhəllədəki evləri sökməyə başlayan “Olympus Park” şirkətinin rəhbərliyi ona heç bir məlumat vermədən, heç bir razılığa gəlmədən, yaşadığı evi və həyətyanı sahəni sökməyə başlayıb.
“Evim hər an uçmaq təhlükəsi ilə üz-üzədir və mənim həyatım təhlükə altındadır. Əgər hansısa bədbəxt hadisə baş versə, bunun cavbdehliyini kim daşıyacaq? Mən burada bina inşa olunmasına qarşı deyiləm. Kim tikir, kim sökür özü bilər. Lakin bunu qoçuluq və hərbə-zorba yolu ilə etmək heç bir insanlığa sığmır. Məgər siz məmurlar öz yaxınlarınızın əmlakının bu şəkildə dağıdılmasına göz yumardınızmı?
Bakı Şəhər İcra Hakimiyyəti aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mənim adıma verilmiş texniki pasortda qeyd olunur ki, cəmi tikinti sahəsi 192 kvadratmetr, cəmi meydançanın sahəsi isə 275.4 kvadratmetrdir. Amma şikrət gah 100, gah da 160 kvadratmetr mənzillər təklif edir.
Dövlət orqanları və vəzifəli şəxslərin təqsiri üzundən meydana çıxan problemlərlə bağlı “Olympus Park” şirkətinin rəhbərliyinə və dövlət orqanlarına müraciət etməklə öyrənmək istəyirəm ki, görəsən siz bu özbaşınalıqlara nə zaman son qoyacaqsınız?”- deyə vətəndaş müaciətində qeyd edir.
Vətəndaşın çoxsaylı şikayətlərindən sonra “Olympus Park” şirkətinə qeyd edilən ünvanda tikinti aparmaq qadağan edilib.
Bununla bağlı yanvarın 7-də Nəsimi rayon məhkəməsi qərardad çıxarıb. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 17, mənzil 6 ünvanında yerləşən iddiaçı Quliyeva Nərgiz Fərzəli qızının fərdi yaşayış evinə bitişik ərazidə tikinti-təmir və söküntü işlərinin aparılması cavabdeh “Olympus Park” MMC-yə və digər şəxslərə qadağan edilib. Bundan başqa oxşar qərar daha öncə ötən ilin noyabr ayında da çıxarılıb.
Məhkəmə qərardadına baxmayaraq şirkət tikinti işlərini davam etdirir. Məhkəmədən sonra Fövqəladə Hallar Nazirliyi də tikintinin dayandırılmasını tələb edib.
FHN-nin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubda qeyd edilir ki, şirkətin qeyd edilən ünvanda apardığı tikintiyə icazə verilməyib.
Qeyd edək ki, bu günə qədər “Olympus Park” şirkəti tərəfindən Bakının müxtəlif yerlərində tikinti işləri aparılan zaman özbaşınalığa yol verilib. Bir neçə nəfərin əmlakı gecə ilə dağıdılıb. Sonra isə bunu “tikinti qəzası” kimi şərh edilib.
İlkin Muradov
Musavat.com








Tarix: 6-02-2022, 22:57
Xəbəri paylaş





Xəbər lenti