Müdafiə nazirinin sabiq müavini hərbçilərin pensiyasının artırılmamasında kimləri suçladı?..

Müdafiə nazirinin sabiq müavini hərbçilərin pensiyasının artırılmamasında kimləri suçladı?..
“Bu alayarımçıq Fərmanın lahiyəsini kimlər hazırlayaraq  imzalamaq üçün Ali Baş Komandana təqdim edib?”
 
““5-ci kalon”un  nümayəndələri dövlətin əsas dayaq sütunları olan güc və hüquq-mühafizə orqanlarının hərbi qulluqçularını və əməkdaşlarını dövlətdən və cənab Ali Baş Komandan  narazı salmaqla məşğuldurlar...”
 
Son zamanlar Azərbaycan mətbuatında hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq  vəzifə maaşlarının (və yaxud vəzifə maaşlarına əlavənin) artırılması, lakin bu artımların əmək pensiyası almaq hüququ olan ehtiyatda və istefada olan hərbi qulluqçulara (xüsusi rütbəli şəxslərə) şamil edilməməsi  geniş müzakirə edilməkdədir.
 
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş açıqlamasında məsələyə münasibət bildirib və bu haqda hüquqi cəhətdən əsaslandırılmış izahat verib.
 
“Bəri başdan demək istəyirəm ki, bu məsələ əmək pensiyaçılarının  əhəmiyyətli bir hissəsinin kəskin narazılığına səbəb olub. Sosial şəbəkələrdə və mətbuatda bununla bağlı qızğın  çıxışlar edilir, müzakirələr gedir, müxtəlif fikirlər bildirilir, rəylər verilir ki, bu da anlaşılandır. Lakin bir şey başadüşülən deyil və təbii sual doğurur:  bu alayarımçıq Fərmanın lahiyəsini kimlər hazırlayaraq  Ali Baş Komandana imzalamaq üçün təqdim edib?”- söyləyən keçmiş nazir müavini hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq  vəzifə maaşlarına artımların əmək pensiyası almaq hüququ olan ehtiyatda və istefada olan hərbi qulluqçulara (xüsusi rütbəli şəxslərə) şamil edilməməsi problemini hüquqi-inzibati baxımdan ətraflı izah edib.
 
“Söhbət Azərbaycan Respublikası Prezidentinin bir çox hüquq-mühafizə və güc  strukturlarının hərbi qulluqçularının (əməkdaşlarının) aylıq vəzifə maaşlarının artırılması haqqında imzaladığı  23.12.2021-ci il tarixli  Fərmanlarından gedir. 
 
Mən sözügedən məsələni bir sıra hüquqşünas dostların dəstəyi ilə hüquqi baxımdan da araşdırmışam və belə nəticəyə gəlmişəm ki, bu Fərmanlar qəsdən (və ya bilərəkdən) hüquqi cəhətdən düzgün tərtib edilməmişdir.
 
Belə ki, əvvəllər hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin (müvafiq olaraq həmin şəxslər sırasından olan əmək pensiyaçılarının əmək pensiyalarının artırılması) aylıq pul təminatının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmanlarda vəzifə maaşlarının artımı nəzərdə tutulurdusa, Prezidentin  axırıncı, yəni 23.12.2021-ci il  tarixli Fərmanlarının başlığında (yəni adında) aylıq təminatların artımı göstərilmiş, lakin vəzifə maaşı  sözləri   isə göstərilməmişdir.
 
Fərmanın  mətnində isə hərbi qulluqçuların vəzifə maaşlarına həmin maaşın 20%-i məbləğində əlavənin müəyyən edilməsi göstərilmişdir. 
 
Məhz “əlavə” sözünün  göstərilməsini  əsas tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  həmin 20% miqdarında artımı (əlavəni) ehtuyatda (istefada) olan hərbi qulluqçular  və xüsusi rütbəli şəxslərin sırasından  olan əmək pensiyaçılarına şamil etmək istəmirlər” –deyə Mehman Səlimov bildirib.
 
Sabiq nazir müavini söylədiklərini  Nazirlər Kabinetinin  “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları ilə də əsaslandırıb:
 
“Əmək və ƏSMN-nin məsul nümayəndəsi bu ilin yanvar ayında  mətbuatda  çıxış edərək Prezidentin 23.12.2021-ci il tarixli Fərmanları  ilə müəyyən edilmiş artımın (əlavənin) gələcəkdə həmin şəxslərə (yəni, xidmətdə olarkən həmin əlavəni alan hərbi qulluqçuların  və xüsusi rütbəli şəxslərin) gələcəkdə pensiya hesablanarkən nəzərə alınacağını bildirmişdir. Lakin bu 20% miqdarında olan əlavənin adıçəkilən Fərmanlar  qüvvəyə minənədək pensiya təyin olunmuş ehtiyata  və istefaya buraxılmış hərbi qulluqçulara (xüsusi rütbəli şəxslərə) şamil edilməyəcəyini də söyləmişdir. 
 
Bütün məlum narazılıqlar da bundan irəli gəlir. Baxmayaraq ki, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyasının (o, cümlədən əmək pensiyalarında edilən  artımlar ) təyin edilməsini tənzimləyən kifayət qədər hüquqi normativ aktlar mövcuddur.
 
Məsələnin  düzgün anlaşılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin  135  №-li, 27.08.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş  “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının bəzi maddələrini nəzərinizə çatdırırıq: 
 
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -  Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 
 
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
 
6. Əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır.
 
2. “Əmək pensiyaları haqqında” AR Qanununun  1.0.5 maddəsinə əsasən,  hərbi qulluqçuların aylıq pul təminatı-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.  
 
Göründüyü kimi,  hər iki normativ sənəddə (“Əmək pensiyaları haqqında” AR Qanununun     1.0.5 maddəsində və AR Nazirlər Kabinetinin  135  №-li, 27.08.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş  “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarında) ehtiyatda və istefada olan  hərbi qulluqçuların və xüsusi rütbəli şəxslər sırasından olanların  əmək pensiyalarının artırılmasını hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq pul təminatının artırılması ilə əlaqəli (bağlı) olması göstərilir. Bu da o, anlama gəlir ki, müvafiq Fərmanlarda (Sərəncamlarda) ifadə formasından asılı olmayaraq hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq pul təminatı  növlərinin (vəzifə və rütbə maaşları, ərzaq payı əvəzinə pul kompensasiyasının vəzifə maaşından hesablanan digər əlavələr ) artırılması (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) əmək pensiyası almaq hüququ olan ehtiyatda və istefada olan hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının artırılması deməkdir. 
 
Deməli, AR Prezidentnin 23.12.2021-ci il tarixli Fərmanları ilə nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq pul təminatının artırılması (20 % miqdarında əlavə) əmək pensiyası almaq hüququ olan ehtiyatda və istefada olan hərbi qulluqçulara  və xüsusi rütbəli şəxslərə də şamil edilməlidir.
 
Hesab edirəm ki,bu cür neqativ hallara yol verməklə müvafiq dövlət strukturlarına sızdırılmış “5-ci kalon”un  nümayəndələri dövlətin əsas dayaq sütunları olan güc və hüquq-mühafizə orqanlarının həm xidmətdə, həm də ehtiyatda və istefada olan hərbi qulluqçularını və əməkdaşlarını dövlətdən və  cənab Prezident - Ali Baş Komandan  İlham Əliyevdən narazı salmaqla məşğuldurlar”- deyə keçmiş nazir müavini vurğulayıb.  
Tarix: 9-02-2022, 09:16
Xəbəri paylaş





Xəbər lenti