Ötən gün Siam.az TİA.Az-a istinadla “KONTAKT HOME” MÜŞTƏRİYƏ ZAY MƏHSUL SATIB, NÖVBƏTİ ŞİKAYƏT – FOTO” başlıqlı məlumat yayımlanmışdı..Bununla bağlı mağazalar şəbəkəsindən saytımıza açıqlama göndərilib və tamamilə əsassız olduğu bildirilib:
“Belə ki, jurnalist istinad olaraq əsaslandığı facebook paylaşımının rəy bölməsinə diqqət etsəydi, mövqeyimiz və məsələnin aqibəti barədə ətraflı məlumata sahib ola bilərdi. Biz hər bir halda məsələyə aydınlıq gətirmək istərdik:
Müştərimiz Aygün xanımın qabyuyan məhsulu ilə bağlı sorğu Müştəri Məmnuniyyəti departamentinə daxil olan kimi dərhal araşdırılıb və öz müsbət həllini tapıb. Servis rəyində də əks olunduğu kimi, qabyuyan modellərində istifadədən sonra məhsulun içində müəyyən miqdar suyun qalması normal haldır. Belə ki, bu, məhsulun rezin hissələrinin quruyub tez zamanda sıradan çıxmasının qarşısını almaq üçündür və qüsur əlaməti deyil. Lakin diaqnostikadan sonra müştəriyə məhsul çatdırılarkən daşınma zamanı məhsulun səthində zədələnmələr olub. Müştəri bununla bağlı müraciət etdikdən sonra onun məhsulu yenisi ilə əvəzlənib. Belə olan halda, müştəriyə “zay məhsulun satışından” söhbət gedə bilməz. Göründüyü kimi, məqalədə əks olunan fikirlər həqiqəti əks etdirmir. Məsələ jurnalistika qaydalarına uyğun olaraq qərəzsiz şəkildə araşdırmadan, onlarla bağlı hər hansı dəqiq və dolğun məlumata malik olmadan qanunvericiliyin tələblərini pozmaqla şirkət və onun rəhbərliyi barəsində həqiqəti əks etdirməyən xəbər paylaşmış, bununla da şirkətin və rəhbərliyin işgüzar nüfuzuna ziyan vurmuşlar.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 44-cü maddəsinə əsasən, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Həmin Qanunun 45-ci maddəsinə əsasən, təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslandırılmış məlumat verilməlidir.
AR Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Həmçinin həmin Məcəllənin həmin maddəsinin 6-cı bəndində (maddə 23.6) o da qeyd olunur ki, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
Məsələ ilə bağlı 2019-cu ilin oktyabrında“KONTAKT HOME” MÜŞTƏRİYƏ ZAY MƏHSUL SATIB ,NÖVBƏTİ ŞİKAYƏT –FOTO” başlığı ilə dərc olunmuş xəbərin təkzib olunmasını, həmçinin həmin xəbərin yayımlandığı bütün saytlara bu təkzib barədə məlumat verməyinizi xahiş edirik”.
Siam.az
Tarix: 9-02-2022, 14:41