Deputat: "Prezidentin əmək pensiyaçıları ilə bağlı imzaladığı sərəncam əhalinin sevincinə səbəb olub"
"Fevralın 8-də cənab Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bu Sərəncam ictimaiyyət arasında rezonans doğurmaqla bərabər, əhalinin sevincinə səbəb olub. Möhtərəm Prezidentimiz hakimiyyətə gəldiyi gündən bəri ölkədə görülən bütün işlərin təməlində sosial problemlerin həllinə xüsusi diqqət verib. Xatırlayaq ki, ötən ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlərin görülməsi haqqında daha böyük sərəncam imzalanmışdı. Birinci sərəncam öz miqyasına görə daha çox sayda insanı əhatə edirdi. İndiki sərancam isə əmək pensiyaçılarının sosial rifahının müdafiəsinə istiqamətlənib".Bunu
Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı
Məlahət İbrahim qızı deyib.
"Sərəncamda qeyd olunur ki, dünyada çox ciddi problemlər yaşanır, maliyyə böhranı, bahalaşma, pandemiyanın vurduğu ziyanlar, postmüharibə dövrünün yaratdığı problemlər müşahidə edilir. Yəni, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində də maliyyə problemi son 2-3 ili əhatə edən COVID-19 pandemiyasının, müharibə konfliktlərinin təsirinə məruz qalıb. Vətən müharibəsi müəyyən maliyyə problemlərinə də yol açıb. Bu mənada Prezident İlham Əliyevin həmişə diqqətdə saxladığı əhalinin həssas qrupları olan pensiyaçıların sosial rifahının qorunması məqsədilə belə bir sərəncam imzalanıb. Bu, çox humanist və mütərəqqi sərəncamdır. Sənədə əsasən, əmək pensiyaçılarına 200 manat civarında kompensasiyanın verilməsi təqdirəlayiq addımdır".
Tarix: 9-02-2022, 22:04