Pensiyaya çıxan şəxslər niyə işləməyə məcburdur: Azərbaycanda qocalmaq faciəsi

Pensiyaya çıxan şəxslər niyə işləməyə məcburdur: Azərbaycanda qocalmaq faciəsi

Bir çox peşə sahələrində olduğu kimi təhsil sahəsində də yaşlı nəslin işdən getmək istəməmisi kimi problemlərlə qarşılaşılır. Məsələn, müəllim pensiya yaşına çatıb, lakin hansısa səbəblərdən işindən ayrılmaq, yerini daha gənc nəsilə vermək istəmir. Ömrünün ahıl çağında nəvələri, nəticələri, ailə üzvləri ilə daha xoş atmosferdə vaxt keçirmək əvəzinə məktəbə gəlib-gedir, özünü çətinliklə idarə etdiyi halda böyük bir kollektiv qarşısında saatlarla ayaq üstə qalmalı, dərs izah etməli olur.

Lakin bir çox xarici ölkələrə nəzər salsaq görərik ki, insanlar daha tez pensiyaya çıxmaq, ömrünün qalan hissəsini daha maraqlı və yaddaqalan işlər görməyə ayırmaq istəyirlər. Hətta yay aylarında Bakı küçələrinə nəzər salmaq kifayət edir ki, saysız-hesabsız yaşlı turist cütlükləri görək. Bizdə isə yaşlı nəsil nəinki xaricə getmək, dünyanı gəzmək, sanki heç öz evlərində də rahat ayaqlarını uzadıb oturmağı özlərinə rəva bilmirlər. Nədir bu insanları ölənə qədər işləməyə məcbur edən?
Təhsil eksperti Elşən Qafarov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bunun bir səbəbi hazırkı vəziyyətdə müəllimlərin təqaüdlərinin çox aşağı olmasıdır:
 

“Bu rəqəm təqribən 300 manat civarındadır. Bunun üçün də müəllimlər işdən ayrılmaq, qazancından olmaq istəmirlər. Bu məsələnin başqa bir tərəfi isə odur ki, müəllimlərin 30-40 il eyni mühitdə işləməsi onlarda asılılıq, bağlılıq yaradır və müəllim təqaüdə çıxdıqdan sonra məktəb mühitindən ayrılmaq istəmir. Bununla bağlı müəyyən tədbirlər görülməlidir”.
Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə müəllimlərin çalışma yaş həddi başa çatdığı zaman onun müqaviləsini uzatmağın elə bir əhəmiyyəti yoxdur. Çünki ölkədə 60 min pedaqoji təhsilli işsiz vətəndaş var: “Bu məsələdə məktəb direktorlarınında üzərinə böyük yük düşür. Çalışma yaş həddinə çatmış müəllimləri buna hazırlamaq lazımdır. Onları ehtiramla yola salmaq lazımdır”.
Amma yola salarkən göstərilən ehtiram onların ahıl yaşlarında həyatını yüngülləşdirəcəkmi? Görünür, ehtirama ilk növbədə maddi tərəfdən başlamaq lazımdır. Hazırda bi qoca müəllimi bu pensiya səviyyəsi ilə yola salmaq müəyyən mənada onun haqqında ölüm hökmü çıxarmaqdır. Ümid edək ki, "rahat qocalıq" nə vaxtsa Azərbaycanda da reallıq olacaq...
Tarix: 10-02-2022, 15:12
Xəbəri paylaş





Xəbər lenti