Ağaclar niyə kəsilir? - İcra hakimiyyətindən "nala-mıxa vuran" cavab


Ağaclar niyə kəsilir? - İcra hakimiyyətindən "nala-mıxa vuran" cavabRafiq Quliyev

Bir neçə il əvvəl Bakıda minlərlə beşmərtəbəli istismar müddəti keçmiş binalar var idi. Bu binların sakinləri aksiyalar keçirir, yeni mənzillə təmin edilməyi tələb edirdilər. Xatırladım ki, həmin binaların əksəriyyəti sovet dövründə müxtəlif idarə və təşkilatların balansında olmuş yataqxanalar idi ki, bu yataqxanalar da həmin qurumların işçilərinə verilmişdi. Sonradan binaların sakinləri mənzilləri özəlləşdirib, çıxarış da almışdılar.

1990-cı illərdə Qarabağ müharibəsi zamanı öz yurd-yuvalarından didərgin düşmüş şəxslərin əksəriyyəti bu binalarda boş qalan mənzillərə və yaxud da hələ də yataqxana kimi fəaliyyət göstərən binalarda məskunlaşdı. Və onların bu binada yaşayışı uzun illər davam etdi. Sonradan 2016-cı ildə yəni baş nazir Artur Rasizadə istismar müddəti bitmiş binaların sökülüb, yeni binaların tikilməsi ilə bağlı 86 saylı qərarı imzaladı. Və həmin gündən Bakının qara günləri başladı. Paytaxtın müxtəlif rayonlarının ərazisində gecəqondular, istismar müddəti keçmiş binalara yaşayış üçün yaralı olan binaları da əlavə edib sökməyə başladılar. O dönəmdə hər gün müxtəlif ərazilərdə sakinlər aksiyalar keçirirdilər. Sakinlərlə tikinti şirkətləri arasında əməlli mübarizə gedirdi. Əksər binaların sakinlərinə qarşı haqsızlıq edilir, onların konpensasiyası kəsilir, əraziləri az hesablanırdı. Amma vətəndaş başa düşürdü ki, onu heç kim anlamayacaq. Buna görə də, şəhərin mərkəzi rayonlarında yaşayan sakinlərin çoxu təklif edilən pulu alıb, Xırdalanda və ya Masazırda ev alıb həyatını davam etməyə məcbur idi.
Vətəndaşlara qarşı edilən haqqsızlıqlar bir kənara, məhz bu dönəmdə Bakının da görkəmi dəyişməyə başladı. Həmin dövrdə tikinti normativ və qaydaları olsa da, çox da önəm verilmirdi. İddialara görə, tikinti şirkəti bəzi icra başçılarına "görüm-baxım" edib sərəncam alır, uyğun oldu-olmadı bina tikintisinə başlayırdı. Əksər hallarda tikintiləri də icra başçılarının yaxınlarının, tanışlarının tikinti şirkətləri icra etdiyi üçün hər zaman vətəndaş haqqsız çıxarılırdı. Məhz bu dövrdə binaların tikintisi zamanı binalar arası məsafələr, binaların həyətləri, uşaqların üçün oyun meydançaları və yaşıllıqlar ləğv edilməyə başladı. Əksər binalarda sakinlərin avtomobillərini saxlamaq üçün yer də yox idi. Amma tikintilər davam edirdi. Bu vəziyyətə dur deyən yox idi. Hətta Novruz Məmmədov da qısa müddətliyinə baş nazir olduğu vaxt ərzində bu qərara toxunmadı. Əli Əsədov baş nazir təyin edildikdən sonra başa düşdü ki, 86 saylı qərar Bakını məhv edir və 2019-cu ilin dekabr ayında bu qərarı ləğv etdi. Qərar ləğv edildi, tikinti ilə bağlı normativlər sərtləşdirildi. Və Bakıda söküntü-tikinti bumu sakitləşdi. Daha icra hakimiyyətlərinin istədikləri əraziyə sərəncam verməsi prosesi də “su içmək” kimi asan deyildi. Amma bu günlərdə Xətai Rayonu Gəncə Prospektində yaşıllıqların məhv edilməsi ilə bağlı sakinlərin etirazları ilə dolu bir süjet qarşıma çıxdı. Öncə onu deyim ki, 2016-2019-cu illərdə əhalinin kütləvi şəkildə narazı olduğu rayonlardan biri də Xətai rayonu idi. Burada yaşıllıqlar məhv edilir, yandırılırdı. Yerində isə yeni binalar inşa edilirdi. Məsələn, bir neçə il öncə, Mehmandarov və Məhəmməd Hadi küçələrində yaşıllıqlar yandırılmışdı. Daha sonra Sarayevo küçəsində park məhv edilərək, obyekt tikilmişdi və s. və ilaxır. Yəni saymaq istəsək davamı var.
Xətai Rayonu Gəncə Prospektində sakinlərin iddialarına görə, təmizlənən ərazidə yeni bina tikiləcək. Həmin ərazidə dəfələrlə olduğum üçün deyə bilərəm ki, ərazi sürüşmə zonası hesab edilir. Yəni orada-qazıntı işləri aparılsa, yeni təməl salınsa sürüşmə baş verəcək. Sakinlər də məhz bu sürüşmənin qarşısını almaq üçün həmin əraziyə ağaclar əkərək, sürüşmənin qarşısını almağa çalışırdılar. Bilirsiniz ki, sürüşmə torpağın su ilə doyması nəticəsində meydana gəlir. Yamaclar kəsildiyi zaman torpaq sürüşməyə meylli olur, düşən yağıntılar torpağı yumşaldır və əgər ərazidə ağaclar, yaşıllıq yoxdursa, torpaq sürüşür. Qısacası yeni bina üçün seçilən yer, həm köhnə 9 mərtəbəli binanı və sakinlərini təhlükəyə atır, həm də sürüşməyə zəmin yaradır. Xətai rayonu icra hakimiyyətindən isə deyiblər ki, “orada heç bir bina tikintisindən söhbət gedə bilməz, sadəcə ərazi təmizlənir”...
Ərazi təmizlənirsə, ağaclar niyə məhv edilir?
Nə deyim, yaşıllıqları məhv etmək Xətai İcra Hakimiyyətinin köhnə peşəsidir və buna dəfələrlə şahid olmuşuq. İcra başçısı Rafiq Quliyev də belə fəaliyyətləri ilə tez-tez gündəmə gəlir. Amma ilin-günün bu vaxtında köhnə binaya bu qədər yaxın məsafədə yeni binanın tikintisi üçün sərəncam vermək hər oğulun işi deyil. Heç sərəncamı almaq da hər oğula qismət olmur. Görəsən, sərəncamı verən Xətai Rayon İcra başçısı “qurd ürəyimi” yeyib? Və yaxud həmin ərazidə bina tikəcək tikinti şirkətinin rəhbəri nə qədər “fədakarlıq” etməli olub?
Mövzu diqqətimizdədir. Rəsmi qurumlardan məntiqli açıqlama gözləyirik...
Tarix: 12-02-2022, 13:57
Xəbəri paylaş





Xəbər lenti