"5 gündür saçımı yumağa imkanım yoxdur" - Azərbaycanda müəllimlər iş yükündən şikayətlənir



Azərbaycanda müəllimlərin iş-həyat balansı təmin edilmir, buna səbəb isə iş yükünün çoxluğudur, BBC Azərbaycancaya danışan müəllimlər deyir.
 
"5 gündür saçımı yumağa imkanım yoxdur. Çalışdığım məktəb də uzaqda yerləşir. Mən bir az da yola vaxt sərf edəndə evə axşam saat 8-də çatıram".
 
Bunları deyən orta məktəb müəlliməsi Gülsüm Biləndərli bir çox digər müəllimlər kimi, evə qayıtdıqdan sonra Whatsappdan valideynlərə ev tapşırıqlarını göndərir və ya ev tapşırıqlarını yoxlayır və beləcə onun günü başa çatır.
 
"Siz deyin, müəllimi bu qədər yükləmək olarmı? Təsəvvür edin, biz bədii ədəbiyyat oxumuruq, buna vaxtımız yoxdur," - 30 ildir ki, ibtidai sinif müəllimi işləyən Gülsüm Biləndərli şəxsi inkişafa, maraqlarına vaxt ayıra bilməməsindən şikayətlənir.
 
Ələt qəsəbəsində yaşayan və tarix müəllimi işləyən Vaqif Abbasov da vaxtdan şikayətçidir: "Əvvəllər may ayında, yay gəlsəydi yorğunluğumuzu alardıq, deyirdiksə, artıq indi sentyabr ayından bunu düşünürük".
 
"Artıq heç nə motivasiya etmir. Yalnız şagirdlər edir. O da 45 dəqiqə müddətində. Ondan sonra vəziyyət eynidir. Alternativ olsa mən (işimi) dəyişərdim. Maaş baxımından, əsasən mənəvi baxımdan o ağırlıq, dövlət tərəfindən saymamazlıq, hər şeydə cavabdeh, günahkar müəllimi görmək adamı yorur", 18 ildir müəllimlik edən Vaqif Abbasov deyir.
 
Müəllimlərin hər ikisinin narazılığı həm də şagird sayının çoxluğundandır.
 
"Bunlar kurrikulumu gətirdilər tətbiq etdilər Azərbaycanda. Ancaq kurrikulum nəyi tələb edir? Bax, onu tətbiq etmədilər. Kurrikulum tələb edir ki, sinifdə 15 şagird olsun. Elə olsa müəllim bütün sadaladığımız problemlərin öhdəsindən gələr. Həmin 15 şagirdin də laborantı olur. Lazım olan kağızları, testləri çap edir, lazım olan digər prosesləri idarə edir", - Gülsüm Biləndərli deyir.
 
"Siniflərdə uşaq çoxdur, 35-36 nəfər olur. Oturub jurnal yazsan uşaqlar qışqırırlar, başları qarışır bir-birinə və dərs pozulur. Sözsüz ki, buna görə də çox hallarda tənəffüs vaxtı və ya dərsdən sonra oturub yazırsan, əgər dərs vaxtı yazı yazsan dərsə vaxt qalmayacaq", - Vaqif Abbasov da bənzər narahatlığını bölüşür.
 
İbtidai sinif müəllimlərinin işini çətinləşdirən məsələlərdən birinin də uşaqların yaş məsələsi olduğunu vurğulayan Gülsüm xanım "proqram ağırdır, bu proqramı o yaşda uşaqlara mənimsədə bilmirik" deyir.
 
"Biz bir 45 dəqiqədə dərsi keçməliyik - materialı uşaqlara çatdırmalıyıq, jurnalda qeydləri aparmalıyıq, dövlətin verdiyi jurnalda tarixləri yazmalı, dərsə davamiyyəti yoxlayıb, qeyd etməliyik. Bizə formativ jurnal yükləyiblər onu doldurmalıyıq. Lazımsızdır. O jurnalda uşaqların səviyyəsini yazmağımızı istəyirlər. Onu da yazırıq. Məndə indi sinifdə 24 uşaq var. Bu ən yaxşı hallardan biridir. İndi siniflərdə 40-42 uşaq oturur. Özünüz düşünün. Müəllim nəyi çatdıra bilər?" - Gülsüm Biləndərli sual edir.
 
Gülsüm Biləndərli bütün bu problemlərin mövcudluğunu "təhsil sisteminin düzgün qurulmaması" ilə izah edir.
 
Azərbaycan Təhsil Nazirliyi deyir ki, qiymətləndirmənin təşkili "dərs prosesinin tərkib hissəsidir".
 
"Adətən müəllimlər əvvəllər istifadə etdikləri qiymətləndirmə vasitələrindən ibarət blank hazırlayıb lazımi vaxtlarda həmin test və tapşırıqlardan istifadə edirlər. Müəllimlər tədris prosesində illik olaraq perspektiv plan, gündəlik olaraqsa cari plan hazırlayır, sinif jurnalında və məktəbli kitabçasında qeydlər, bölmələrin və yarımilin sonunda isə qiymətləndirmələr aparır", - nazirlik deyib.
 
Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Qərara əsasən, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflərdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Lakin, bu rəqəm təmayül siniflərdə 15-20 arasında dəyişir. Siniflərdə şagird sayı az olduqda isə onların sayı 18 nəfəri keçməmək şərtilə iki sinif birləşdirilə bilər.
 
"Bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir" - qərarda bildirilir.
Tarix: 14-02-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti