“Bir qrup düşünür ki, dövlət uşağa 18 yaşadək pul ayırmalı, valideynlər də işləməyib onların hesabına dolanmalıdırlar” - Deputatdan ƏCAİB YANAŞMA
“Əgər verilən uşaqpulu, həqiqətən də, uşağın özünə çatacaq, onun üçün istifadə ediləcəksə, mən, əlbəttə ki, bunun tərəfdarıyam. Əleyhinə olduğum məqam ondan ibarətdir ki, bəzən çoxuşaqlı ailələrdə valideynlər özlərinin işini qurmaq və ya təmtəraqlı yaşayışını təmin etmək üçün “uşaqpulu”ndan istifadə etdikləri halda, uşaqlarını təmin etmirlər. Bunun birmənalı olaraq əleyhinəyəm, çünki həmin vəsait birbaşa uşağın özü üçün xərclənməlidir. Yoxsa uşaqların sayını qəsdən artırmaqla “uşaqpulu”ndan sui-istifadə halları yolverilməzdir”. DİA.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat qeyd edib ki, dövlət gələcək genofond üçün kifayət qədər vəsait ayırır: ““Uşaqpulu”nun, doğrudan da, uşağın özünə xərclənməsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra orqanları nəzarət etməli, gələcək genofondun təkmil olması üçün çalışmalıdırlar. Ailələrdəki uşaqların sayı, onların dolanışığı, ayrılan vəsaitin istifadəsi və s. nəzarətdə olmalıdır. “Uşaqpulu” tələb edənlərin bir qrupu düşünür ki, uşağın 1 yaşından 18 yaşınadək dövlət onlara pul ayırmalı, valideynlər də işləməyib uşaqlarının hesabına dolanmalıdırlar. Yəni, bunu arzulayanlar da var. Ona görə də fərdi yanaşmaq vacibdir”.