Bir mənzilin bir neçə nəfərə satılması məsələsi problemə çevrilib
Bir mənzilin bir neçə nəfərə satılması məsələsi uzun illərdir ki, vətəndaşların ən böyük problemlərindən birinə çevrilib. Bununla bağlı yüzlərlə insan məhkəmələrə müraciət edib, bəzi məhkəmə prosesiləri bu günə qədər davam edir.
Təsəvvür edin, ev arzusuyla pul toplayırsan, arzuladığın evi alırsan, köçmək istəyəndə məlum olur ki, evin “iki ədaxlısı var” və ya ikidən çox. Qalırsan çarəsiz. Dərdini kimə deyəsən? Çox zaman tikinti şirkəti sahibləri də özlərini ya müflis elan edirlər, ya da məhkəmə qərar çıxarır ki, qoyduğun vəsaiti hissə-hissə geri alasan, yəni 30-40 ilə. Bəlkə də heç o pulu alıb qurtarmağa ömrün də vəfa etmir.
Əmlak məsələləri üzrə ekspert
Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, uzun müddət vətəndaşlar belə problemlərlə qarşılaşdıqları üçün müqavilə sənədilə ev almağa çəkinirlər.
“Tutaq ki, bir ərazidə müqavilə ilə mənzilin kvadratı 1000 manat, çıxarışla olan mənzilin kvadratı 1300 manatdırsa, vətəndaş daha çox pul xərcləyərək, çıxarışlı mənzil alır ki, sonradan problem yaşamasın. Çox təəssüf olsun ki, müqavilə sənədi ilə mənzil alan vətəndaşlar binanın keyfiyyətindən çox bina tikən şirkətin rəhbərinin insani keyfiyyətləri ilə maraqlanırlar. Bu insan əvvəllər harda binalar tikib, tikdiyi binalarda problemlər yaşanıbmı? Bu gün vətəndaşları bu suallar daha çox maraqlandırır”,- deyə ekspert bildirib.
Onun sözlərinə göərə, bu gün MTK rəhbərləri bina tikintisi prosesi davam edərkən mənzillləri satmağa başlayır. Şirkətin bütün reyesteri də mühasibatlığında və şirkət rəhbərinin özündə olur:
“Hər hansı bir vətəndaş bankdan kredit götürəndə, bank vətəndaşdan pulun məbləğində girov alır. Qızıl, avtomobil və yaxud mənzil və bir neçə zamin tələb edilir. Bununla bank özünü sığortalamış olur. Amma tikinti sahəsində belə deyil. Vətəndaş məcburdur ki, şirkət rəhbərinə inansın və onun verdiyi müqaviləni, maliyyə arayışını sənəd olaraq qəbul etsin. Mənzil təhvil verildikdən sonra təmir işlərinə başlasın. MTK-ların və tikintilərin çox olması faydalıdır. Amma bu binalarda belə alqı-satqını dövlət idarəsi aparmalıdır. Yəni bunun da bir reyestri olmaldır. Vətəndaş mənzil alarkən MTK rəhbərinə deyil, dövlət idarəsinə inananaraq mənzil alsın. Reyestr aparılan zaman şirkət rəhbəri, bir mənzili bir neçə nəfərə sata bilməyəcək. Çünki onun satma səlahiyyəti olmayacaq”.Bir mənzilin bir neçə nəfərə satılması problemi isə illərdir ki, davam edir. Ancaq məsələ həll edilməmiş olaraq qalır. Mvafiq hökumət qurumları isə tikintisi başlayan binaların uçotunu aparmağa tələsmir.
Bir mənzilin bir neçə nəfərə satılması zamanı MTK rəhbəri həbs edilir. Bu isə vətəndaşa heç nə vermir. Bu problemi kökündən həll etmək, alqı-satqı məsələlərini başqa formada aaprmaq lazımdır.
“Vətəndaşlar mənzil alarkən özləri deyil, hansısa əmlak ekspertinə və yaxud hüquqşünasa müraciət edərək almağa çalışmalıdır. Çünki bu zaman həmin ekspert, MTK və mənzilin sənədləri ilə maraqlanır və alqı-satqı zamanı da həmin şəxsin müəyyən qədər məsuliyyəti olmuş olur. Belə olarsa, vətəndaşlar mənzil alarkən aldanmazlar”,- deyə ekspert bildirib.
Tarix: 14-02-2022, 23:01