Sığorta şirkətlərindən narazılıq: Çıxış yolu nədir? – Ekspert şərh edir
“Azərbaycanda mühərrik ölşüsü 50 kub sm-dən başlayaraq nəqliyyat vasitələrinin hamısı mütləq şəkildə icbari sığorta olunmlaıdır. İcbari sığorta ilə yanaşı ölkədə həmçinin, avtomobillərin kasko sığortası da mövcuddur. Kasko sığorta könüllü sığorta olsa da, daha səmərəli sığorta növü hesab olunur. Avtomobillə qəza və digər bu kimi hallar baş verdikdə kasko sığortası daha əlverişli hesab edilir. Təəssüf ki, biz son zamanlar ölkədə sığorta ilə bağlı xeyli problem yaşayan sürücülərə rast gəlirik...” Siam.az xəbər verir ki, bunu Pravda.az-a ekspert Eldəniz Cəfərov bildirib.
E.Cəfərovun sözlərinə görə, sürücülər bəzi sığorta şirkətlərinin qəza zamanı onların sığortalarının vaxtında ödənməməsi və digər bu kimi problemləri daha çox dilə gətirirlər: “Bildirirlər ki, onlar şirkətlər tərəfindən get-gələ salınırlar. Ümumiyyətlə, sürücülərə, vətəndaşlara qarşı belə haqsız davranan sığorta şirkətlərinin lisenziyası dövlət tərəfindən geri alınmalıdır. Həmin şirkətlərin lisenziyası alındığı zaman isə onlar artıq nə icbari, nə də kasko sığortası edə bilirlər. Bunu etmək lazımdır, dövlət qurumları belə sanksiyanı tətbiq edə bilərlər. Yəni bu sığorta icbaridir, vətəndaş ilbəil məcburi qaydada onu ödəyir və belə olan halda da hər bir sığorta şirkətinin də borcudur ki, vaxtı-vaxtında həmin vətəndaşların ödəmələrini etsin, süründürməçiliyə yol verməsin”.
E.Cəfərov xüsusən qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtomobillərin sığortası ilə bağlı daha çox problemlə üzləşir: “Taksi sürücüləri bildirirlər ki, bəzi sığorta şirkətləri onların avtomobillərini sığorta etməkdən boyun qaçırır, imtina edirlər. Bunu da onunla əsaslandırırlar ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillər tez-tez qəzaya düşür və s. Belə bir hal da özlüyündə qanun pozuntusu sayılır, yəni burada da sığorta şirkətləri qanunu pozurlar. İcbari sığorta mütləq qaydada edilməldir. Əgər hər hansı bir vətəndaş icbari sığorta ilə bağlı istənilən icbari sığorta etmək hüququ olan şirkətə müraciət edirsə, həmin şirkət vətəndaşın avtomobilini icbari sığortasını həyata keçirməyə məcburdur. Bundan imtina etməyə onun haqqı yoxdur, bu, “Sığorta haqqında” qanunda da təsbit edilib. Taksi fəaliyyətini həyata keçirən avtomobillərin icbari sığortasını təmin etməkdən boyun qaçırmaqla yanaşı, son vaxtlar şirkətlər elektromobillərin də sığortasını həyata keçirməkdən yayınırlar. Dövlət elektormobillərin ölkədə daha çox istifadəsi üçün müəyyən stimullaşdırıcı addımlar atır. Məsələn, vətəndaşların bu cür avtomobilləri rahatlıqla ala bilməsi üçün ölkəyə idxal olunun elektormobillər əlavə dəyər vergisindən azad olunub. Elektomobillərin mühərrik həcminin bəlli olmaması sığorta şirkətlərinin onları sığorta etməkdən imtina etməsinə səbəb olur. Bu da sığorta sahəsində olan daha bir problemdir. Bir tərəfdən dövlət bu növ avtomobillərin alınmasını təşviq edir, müxtəlif kampaniyalar həyata keçirir ki, vətəndaşlar ekoloji təmiz avtomobil alsın, digər tərəfdən də hansısa sığorta şirkəti özbaşnalıqla məşğul olur və bu avtomobilləri sığorta etməkdən imtina edir. İstənilən halda belə sığorta şirkətləri aşkar edilməli və onlar sığorta etmək hüququndan məhrum edilməlidir”.
Tarix: 12-05-2022, 14:25