Pərdə taxan sürücülərə vacib xəbər – DYP 150 manat cərimə yazır
Son günlər avtomobilinə “qarmoşka” pərdə quraşdıran sürücülərə yol polisi tərəfindən 150 manat cərimə yazılır.
Sürücülər bildirir ki, bunun xüsusi tapşırıq olduğunu deyən DYP əməkdaşları bu addımı həmin pərdələrin təhlükəli olması ilə izah edir. İddia olunur ki, guya qəza zamanı “qarmoşka” pərdə sərnişinə xəsarət yetirə, gözünə, bədəninə bata bilər.
Baş Dövlət Yol Polisi İdarəsi isə məsələyə bu cür qiymət verib:
“Ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75 %-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70 %-dən aşağı olmamalıdır.
Lakin Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
Hazırda qüvvədə olan qanunvericiliyə görə minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır.
Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə də texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır”.
Göründüyü kimi, DYP-nin açıqlamasında da pərdənin qadağan olunmadığı qeyd edilib. Pərdələr isə müxtəlif formalarda ola bilər; “qarmoşka”, jalüz və sair. Belədirsə, sürücülərin 150 manat cərimə edilməsinin səbəbi anlaşılmır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda qanunvericiliyə dəyişiklik edilib və sürücüdən arxada qalan şüşələrin tündləşdirilməsi sürücünün ixtiyarına buraxılır. Nazirlər Kabineti bununla bağlı qərar verdikdən sonra qanun qüvvəyə minəcək. Nə indiki qanunda, nə də gələcəkdə qüvvəyə minəcək qanunda “ştorka”-“qarmoşka” pərdəni qadağan edən hansısa müddəa yoxdur.
Tarix: 17-05-2022, 22:14