Türkan bələdiyyəsinin açıqlaması YALAN ÇIXDI – Qəsəbə sakinləri bu dəfə NAZİRLİYƏ üz TUTDU


 Türkan bələdiyyəsinin açıqlaması YALAN ÇIXDI – Qəsəbə sakinləri bu dəfə NAZİRLİYƏ üz TUTDU
Xəzər rayonu Türkan qəsəbəsində küçələrə səpələnən məişət tullantıları ilə bağlı məsələni ictimailəşdirib, sonra aidiyyəti qurumların açıqlaması əsasında problemin həll olunduğunu xəbər vermişdik.

Şikayətlər əsasən Turkan yaşayiş massivinin Xanlar küçəsindəndir. Qəsəbənin digər küçələrində də vəziyyət acınacaqlıdır.

Bəzi küçələrə zibil qutuları yerləşdirilmir, yerə səpələnən məişət tullantıları isə vaxtında daşınmır.

Qəsəbə sakinləri növbəti dəfə saytımıza müraciət edərək, Türkan bələdiyyəsinin yalan açıqlama verdiyini, əksinə küçələrin zibillikdən aşıb-daşdığını bildiriblər. Dediklərinə görə məsələ ictimailəşəndən sonra sadəcə qəsəbənin üzdə görünən hissələrindən zibilliklər yığışdırılıb, bəzilərinin üzərinə isə qum səpilib. Zibil paliqonuna çevrilən boş ərazi isə ümumiyyətlə təmizlənməyib. Digər küçələrdə indi də antisanitariya vəziyyəti hökm sürür.

Sakinlərdən biri Vüqar Əmirov qeyd edir ki, 2 ildir qəsəbəyə bu məsələdə əncam çəkən yoxdur və hər kəs boş vədlərdən təngə gəlib:

“Yenə də gəlib çəkiliş edə bilərsiniz. Qəsəbənin nə bələdiyyə sədri Böyükağa Xaləddinoğlu, nə də icra nümayəndəsi Rövşən Quliyev bu problemi həll edir. Xəzər Rayon İcra Hakimiyyəti də məsələyə biganəlik nümayiş etdirir. Dəfələrlə mediada ictimailəşsə də, nə məsələ həll olunur, nə də problemi çözməyənlər çəzalandırılır. Türkan bələdiyyəsinin rəsmisi Akif Əliyev çıxıb yalan açıqlama verir ki, guya qəsəbə zibillikdən təmizlənib. Bu qədər yalan olmaz axı...”

Vüqar Əmirovun sözlərinə görə çarələri kəsildiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Nazirlik əməkdaşları ötən gün qəsəbədəki bu acınacaqlı vəziyyətin şahidi olub və problemi aktlaşdırıb:

“Acınacaqlı vəziyyəti öz gözləri ilə görən nairlik əməkdaşları nədənsə məsələni aktlaşdırmaq istəmirdilər. Uzun təkiddən sonra aktlaşdırılma aparıldı. İndi həmin qurumdan cavab gözləyirik və ümid edirk ki, duruma səbəb olanlar cəzalandırılacaq. Onu da deyim ki, nazirliyin əməkdaşları ərazidə olanda da, nə bələdiyyədən, nə də ərazi nümayəndəliyindən iştirak edən olmadı. Bu da bir daha onların problemə necə biganə qaldıqlarını göstərmiş oldu”.

Xatırladaq ki, ötən yazılarımızda Türkan bələdiyyəsinin rəsmisi Akif Əliyev saytımıza açıqlamasında problem yoluna qoyulduğunu, qəsəbənin küçələrindəki məişət tullantılarının təmizləndiyin, eləcə də əraziyə yeni zibil qutularının yerləşdirilməsi ilə bağlı icra hakimiyyətinə müraciət etdiklərini söyləmişdi.
Tarix: 17-05-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti