Deputatdan ÇAĞIRIŞ: Gərək, DTX AZAL-da əməliyyat keçirsin! - "...bəlkə ondan sonra özlərinə gələlər"
“İyun ayında quru sərhədlər açılmalıdır. Quru sərhədlər açılandan sonra gediş-gəliş asanlaşacaq və turist axını da çoxalacaq”. Siam.az xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili Aqil Abbas deyib. Millət vəkili bildirib ki, sərhədlərin bağlı olması və aviabiletlərin həddindən artıq bahalılığı ölkəmizə turist axınına böyük zərbə vurur: “Aviabiletlərin baha olması ilə bağlı məsələni Milli Məclisdə də qaldırmışam. AZAL-ın özünün prezidenti var, istədiyi qiyməti qoyur və heç kim də ona gözün üstündə qaşın var deyə bilmir. Təyyarəni özləri almırlar, dövlət kifayət qədər onlara subsidiya verir. Amma onunla belə hələ də qiymətlərdə ucuzlaşma yoxdur. Təbii ki, təyyarə biletlərinin baha olması həm ölkəmizə gələn turistlərin qarşısını kəsir, həm də ölkənin turizm potensialına böyük ziyan vurur. Neft ölkəsiyik, benzini xaricdən almırıq belə olan halda qiymətlərin əl yandıran olması qəbuledilməzdir. İyun ayında quru sərhədlər açılmalıdır. Quru sərhədlər açılandan sonra gediş-gəliş asanlaşacaq və turist axını da çoxalacaq”. A. Abbas əlavə edib ki, vəziyyətdən sui-istifadə edən, millətin harayına cavab verməyən məmurlar sərt şəkildə cəzalandırılmalıdır: “Millət vəkili millətin dərdini deyir, amma dərdinə əlac edilmirsə, onunla dövlət məşğul olmalı və problemi həll etməyən nazirlərin, məmurların çəkib ciyərini çıxarmalıdır. Gərək, DTX əməliyyat keçirsin, bəlkə ondan sonra özlərinə gələlər. Necə ki, bir ara DTX əməliyyat keçirdi və hamıya dərs oldu. İndi görünür bunlara da belə bir şey lazımdır”.