Lotereya qaliblərinin adları niyə açıqlanmır? - RƏSMİ CAVAB



Azərbaycanda keçirilən lotereya oyunlarında böyük uduş əldə edən şəxslərin əksəriyyətinin kimliyi açıqlanmır.
Sfera.az sözügedən mövzunun aktuallığını nəzərə alaraq mövzunu araşdırıb.
İlk növbədə “Azərlotereya”nın rəsmi saytında və sosial media səhifələrində yerləşdirilən məlumatlarla tanış olduq. Açıqlanan məlumatlardan görürük ki, yalnız son bir ayda çox sayda böyük uduş qazanılıb, amma kimliyi açıqlanan qaliblərin sayı az olub.
 
Bəs böyük uduş sahiblərinin adı niyə açıqlanmır?
Yaranmış sualla bağlı “Azərlotereya” ASC-yə müraciət etdik. Qurumdan bildirdilər ki, “Azərlotereya” qaliblərin hamısının adını açıqlaya bilmir, çünki qanunvericilik buna imkan vermir. Şirkətdən dedilər ki, 5 mart 2004-cü ildə qüvvəyə minmiş “Lotereyalar haqqında” qanuna əsasən lotereyada udan şəxsin yazılı razılığı olmadan onun adı açıqlana bilməz:
“Bu tələb qanunun 8-1.2-ci maddəsində öz əksini tapmışdır. Kimsə icazə vermirsə, onun adını açıqlamağa, foto və video görüntüsünü yaymağa ixtiyarımız yoxdur. Biz hər zaman lotereyaların keçirilməsində şəffaflığın təmin edilməsini aradan qaldırılması naminə qaliblərə kimliklərinin açıqlamaları ilə bağlı təklif edirik. Lotereyada udan şəxslərin razılığı olduğu halda, onların adları açıqlanır, şəkilləri yerləşdirilir, onlar haqqında videoreportaj hazırlayır, uduşları göstəririk”.
Qanunun bu tələbi ilə bağlı hüquqşünas fikrini də öyrəndik. Vəkil Elmir Murquzov qeyd edir ki, böyük uduş əldə edən şəxslərin adlarının açıqlanması məcburi ola bilməz. Hüquqşünas hesab edir ki, həmin şəxslərin təhlükəsizliyi baxımından bu yolverilməzdir:

“Yalnız həmin şəxslərin yazılı razılığı olduğu təqdirdə adlarının açıqlanması mümkündür. Bu ancaq lotereyalara aid deyil. Eyni qayda idman-mərc oyunlarında da tətbiq edilir. Nazirlər Kabinetinin 20 avqust 2010 cu il tarixli 153 nömrəli qərarı ilə təsdiqlənmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 3.12-ci bəndində qeyd olunur ki, mərci udan şəxslərin adları onların birbaşa və yazılı icazələri olmadan açıqlana, xəbər kimi istifadə edilə, səs və ya görüntüləri yayımlana bilməz. Həmçinin idman mərc oyununu udan şəxsin yazılı razılığı olmadan onun adı reklamda açıqlana bilməz”.
Qanunvericilikdə mövcud olan tələblər dünya təcrübəsinə əsasən müəyyənləşdirilir. Qaliblərin kimliyinin açıqlanması məsələsi əksər xarici ölkələrdə keçirilən lotereya oyunlarının qaydalarında da öz əksini tapır. Burada könüllülük prinsipinin tətbiqinə ehtiyacın sosial-psixoloji faktorlarla əlaqəli olduğu bildirilir.
Məsələn, bir neçə gün öncə sosial şəbəkələrdə yayılan görüntülərdə Füzulidə “40.000.000 Pul yağışı” ani lotereyasında 200.000 manat qazanan Ağcabədi rayon sakininin sevincinə şahid olmuşduq. Maraqlıdır ki, bəzi qaliblər qazandıqları məbləğin sevincini hər kəslə bölüşsə də, bəziləri qalib olduqlarını ictimaiyyətləşdirmək istəmir.
Psixoloq Günay Əliyeva adların açıqlanması, qaliblərin adlarının açıqlanması məsələsində könüllülük prinsipinin tətbiqinin sosial-psixoloji amillərlə əlaqəli olması qənaəti ilə razılaşır. Onun sözlərinə görə, bəzi insanlar əldə etdiyi nailiyyətlərlə qürrələndiyi kimi, bəziləri uğurlarının qabardılmasını istəmir. O məhz ikinci qrup insanların adlarının açıqlanmasından narahat olduğunu dedi.
G.Əliyeva söylədi ki, qaliblər bu amillərlə yanaşı təhlükəsizlik səbəbi ilə də adlarının açıqlanmamasını istəyə bilərlər:
“Qalib olan şəxs düşünür ki, qazandığı pula görə ondan “şirinlik”, qonaqlıq və ya borc istəyənlər olacaq. Hətta udduğu pulla bağlı həyat yoldaşının xəbər tutmamasını istəyənlər də ola bilər. Bir çox sosial-psixoloji səbəblərdən qalib olan insanların adlarının açıqlanmamasını istəməsi başa düşüləndir”.
Saytımız lotereyalarla bağlı məsələni diqqətdə saxlayır. Bu oyunlarla bağlı yaranan suallar ətrafında araşdırma aparırıq və yeni yazılar oxucularımıza təqdim olunacaq.
Tarix: 21-05-2022, 10:20
Xəbəri paylaş





Xəbər lenti