Ölkəmizdə Vətən müharibəsi qazilərinə, iştirakçılarına, şəhid ailələrinə (istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi - red.) olan həssas münasibət 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra daha da aktuallaşdı. Artıq demək olar ki, hər gün bu kateqoriyanı əhatə edən şəxslərin sosial problemlərinin həlli istiqamətində real müsbət addımların şahidi oluruq. 30 illik işğala son qoyan, qanını-canını bu torpaq uğrunda fəda edən qəhrəman Vətən övladları bütövlükdə cəmiyyətin ən böyük diqqətinə layiqdir və bu, belə də olmalıdır. 44 günlük Vətən müharibəsi bu xalqı bir yumruq kimi dövlətinin ətrafında birləşdirərək hər bir fərdinin nə qədər dəyərli, qiymətli olduğunu qazanılan müharibə fonunda nümayiş etdirdi. O gün bu gün ölkədə qaziyə, şəhidə qarşı dövlət başda olmaqla, cəmiyyətin bütün mənsubları arasında ən yüksək səviyyədə münasibət formalaşıb və onların problemi ən həssas məsələ kimi ən diqqətçəkən hadisə olaraq ön planda olur.
Lakin təəssüf ki, bu həssas durumu nəzərə alan, insanların qazisinə, şəhidinə olan düşkünlüyünü yaxşı bilən bəzi dələduzlar cəmiyyətlə qazi arasında bir uçurum yaratmaq, olan hörmət-izzəti tükətmək üçün əlindən gələni edirlər. Son zamanlar isə belə adamların sayı artır. Bu gün cəmiyyətdə qazilərə, müharibədə canından keçmiş şəhidlərin ailələrinə olan münasibətdən yararlanmaq istəyən şəxslərə də rast gəlinir. Və son zamanlar bu halların artdığının şahidiyik. Hətta iş o həddə çatıb ki, kimlərsə özünü "qazi" kimi təqdim edərək bundan qazanc məqsədilə istifadə edərək, iyrənc yollara belə baş vurur və bu müqəddəs ad altında çıxmadığı hoqqa qalmır.
Saxta qazi obrazı yaradaraq əlavə imtiyazlar istəyənlərin, torpaqlar zəbt edənlərin, əsassız tələblərlə dövlət strukturlarına hücum çəkənlərin birdən-birə bu qədər artması şübhəsiz ki, müxtəlif məqsədlərə xidmət edə bilər. Onlardan bəziləri bu cür addıma rahat qazanc, asan dolanış üçün bir yol kimi baxırlarsa, kimiləri də bu "imkandan" yararlanaraq, ölkədə xalqın qazilərə, müharibə iştirakçılarına, şəhid ailələrinə olan həssaslığından istifadə edərək düşməni 44 günə diz çökdürən xalq-dövlət birliyini sarsıtmaq üçün böyük fürsət kimi yanaşırlar.
Araşdırmalar zamanı həmin şəxslərin saxta qazi olduğunun təsdiqini tapması da buna başqa ad vermir. Hətta bu günlərdə "qazi" adı altında dilənçilik edən şəxsə belə rast gəlindi ki, bu da xalqın dövlətdən narazılığını artırmaq üçün təxribat addımlardan biridir.
Çox təəssüf ki, dələduzluqla məşğul olan bu şəxslərin bu əməlləri nəticəsində onlar eyni zamanda Ordu ilə yanaşı, Vətən uğrunda yarıcan olan əsl qaziləri də gözdən salmaq, sadə vətəndaşlarda artıq onlara qarşı inam-etimadı ciddi şəkildə sarsıtmış olurlar.
Şübhəsiz ki, kimlərinsə bu yollara baş vurması ilk növbədə həmin şəxsin əsl mahiyyətini, mənəvi keyfiyyətlərini ortaya qoyur. Amma unutmaq olmaz ki, ictimai qınağın yetərsizliyi qazi adından sui-istifadə hallarını doğurmaqda başlıca rol oynayır. Artıq elə təəssürat yaradılıb ki, insanlara elə gəlir ki, birisi çıxıb "qaziyəm" deyirsə, o, düz danışır. Təbii ki, bu yanaşma tamamilə absurddur və daha mənfi nəticələrə yol aça bilər. Necə ki, artıq bunun "nəticələrini" görmək də mümkündür.
Amma müharibənin bitdiyini rəsmi olaraq elan edən 10 noyabr bəyanatından sonrakı dövrə diqqət etsək görərik ki, həqiqi döyüş yolu keçmiş şəxslərin heç biri geridə qalan il yarım ərzində özünə əlavə imtiyazlar tələb etməyirlər. O şəxslərin hamısı bir məram uğrunda savaşa getdiklərinin fərqindədirlər və Vətənə olan sevgidən təmənna güdməyi özlərinə rəva bilmirlər. Hansı ki, ən böyük qayğıya da məhz onların haqqı çatır.
Vətən uğrunda əlindən, ayağından - canından, sağlamlığından keçmiş insanların, bu müqəddəs yolda savaşanların hər biri bizim üçün doğmadır. Onlara olan qayğı, diqqət heç zaman əksilməyəcək və bu yöndə sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu siyasətin həmişə davam edəcəyi heç kimdə zərrə qədər şübhə doğurmur. Lakin ciddi araşdırıldığı zaman məlum olur ki, ölkədə yüzlərlə saxta "veteran", saxta "qazi" var. Onların səsi hazırda hamının səsindən gur çıxmağa başlayıb.
Qarabağ müharibəsi iştirakçıları üzərindən başqa oyun quranların uğursuzluğa məruz qalması, bu pis tendensiyanın irəliləməməsi üçün cəmiyyət mütləqdir ki, ayıq olmalı, belə hallara ən mənfi münasibət ortaya qoyulmalıdır.
Əks təqdirdə iş o həddə çata bilər ki, haqqı nahaqdan, ağı qaradan seçmək çox çətinləşə bilər və cəmiyyət bu cür fırıldaqçıların oyununun qurbanına çevrilər. İtirilən isə nəticədə xalqın birliyi, bütövlüyü olacaq. Təbii ki, Azərbaycanın düşmənlərinə də elə bu lazımdır. O səbəbdən də bunu anlamalıyıq ki, qazi adından bu kimi çirkin addımlar ilə istifadə edərək öz çirkin niyyətləri naminə istifadə edənlər Vətən uğrunda canını sipər edən şəhidlərin ucaldığı müqəddəs zirvəyə ləkədir və buna qarşı birgə mübarizəni gücləndirməliyik.
Müharibədən sonra daha sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə çalışmalıyıq. Çünki müharibənin aktiv fazası yerini informasiya savaşına verib. Bu mərhələdə düşmənə bizə qarşı istifadə etmək üçün bu kimi hər hansı bir "səbəb" verməməliyik. Anlamalıyıq ki, düşmən hər zaman Azərbaycanın bu birliyinin sarsılması məqamını böyük həvəslə gözləyir. Həssas mövzularla bizi bölmək, parçalamaq istəyən öncə daxildəki düşmənlərimizin, sonra da Azərbaycana qarşı olan xarici qüvvələrin, revanşistlərin bu həvəsini ürəyində qoymaq üçün daha da mütəşəkkil şəkildə, ictimai qınaqdan çəkinmədən bu cür xoşagəməz hadisələrə mövqeyimizi ortaya qoymağımız vacibdir.
Milli.az
Tarix: 25-05-2022, 15:18