“Beş aydır ki, ünvanlı sosial yardım almaq üçün müraciət etmişəm. Ancaq hər dəfəsində imtina cavabı gəlir, müxtəlif səbəblər göstərilir”.
DİA.AZ xəbər verir ki, bunu İmişli rayon Yalavac kənd sakini Günel Nuriyeva göndərdiyi şikayətdə bildirib. G. Nuriyeva həyat yoldaşından rəsmi şəkildə ayrılıb, övladları ilə birlikdə yaşayır.
“Dörd azyaşlı uşaq himayəmdədir. Həyat yoldaşımdan ayrıldıqdan sonra aliment almıram, mənə verdiyi balaca daxmada uşaqlarımla yaşayıram. Böyük uşağın 13 yaşı var, kiçik uşaq isə 6 aylıqdır. Körpə olduğu üçün işləmək imkanım yoxdur”.
Şikayətçinin sözlərinə görə, əvvəllər ünvanlı sosial yardım alıblar. 2021-ci ilin dekabrından isə yardım kəsilib.
“Mənə deyirlər ki, himayəndə azyaşlı uşaqlar olduğu üçün sənə yardım düşür. Lakin evə baxış keçirən və təqdim etdiyim məlumatları araşdıran Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları hər dəfə bir səbəb göstərərək imtina qərarı çıxarırlar. Rəsmi gəlirim olmadığı halda, tələb edirlər ki, ayda azı 500 manat qazancım olmağını qeyd edim.
Mənə fəhlə işləyən və öz ailəsi olan qardaşlarım, qonşular, hətta tanımadığım xeyirxah insanlar yardım edir. Yaşadığım evə qaz xətt çəkilsə də, istehlak edəcəyim qazın pulunu verə bilməyəcəyimə görə mən bütün qışı kərmə yandırmışam”.