"Uşaq üçün 300 manat da, 3000 manat da versən azdır" - deputat
Dünən (1 iyun) bir qrup qadın Milli Məclisin qarşısında "uşaq pulu"nun verilməsi ilə bağlı aksiya keçirib.
Son bir neçə ildir ki, "uşaq pulu"nun yenidən verilməsi ilə bağlı məsələ gündəmdən düşmür. Hətta deputatlar da dəfələrlə bununla bağlı öz təkliflərini səsləndiriblər.
Millət vəkili Arzu Nağıyevin son çıxışı isə sözün əsl mənasında qalmaqal yaratmışdı. Deputat bəzən çoxuşaqlı ailələrdə valideynlərin özlərinin işini qurmaq və ya təmtəraqlı yaşayışını təmin etmək məqsədilə "uşaq pulu"ndan istifadə etdiklərini demişdi. Həmin vəsaitin birbaşa uşağın özü üçün xərclənmədiyini və bəzi ailələrin uşaqların sayını qəsdən artırmaqla "uşaq pulu"ndan sui-istifadə etdiklərini bildirmişdi.
Uzun müddətdir ki, aktual olan "uşaq pulu" məsələsi ilə bağlı hansı qərarların veriləcəyi yenidən müzakirə mövzusuna çevrilib.
Maraqlıdır, hazırda büdcə "uşaq pulu"nu qarşılamağa hazırdırmı? Ümumiyyətlə, hansı yaş kateqoriyasından olan uşaqlara nə qədər pul ödənilə bilər? Dia.az-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində "uşaq pulu"nu tələb edən insanlar iki kateqoriyaya bölünürlər:
“Biri "uşaq pulu" adı ilə alınan vəsaiti öz şəxsi istehlakı üçün xərcləmək istəyən, pula ehtiyacı olan ailələrdir. Birdə ki, uşaqların sağlam böyüməsi üçün bu pulun zərurətini anlayan ailələr var. Mən hər halda ikinci kateqoriyanın haqlı olduğu düşüncəsindəyəm. Yəni bu pul uşağa ona görə verilmir ki, valideyn onu istədiyi yerə xərcləyərək mebel alsın, divan və ya stol-stul alsın. Bu pul uşağa zəruri qida, dərman vasitələri və geyim alınması üçün verilir. Həmçinin, "uşaq pulu" onun idmanla məşğul olması üçün şərait yaradan müəyyən xərcləri öz üzərinə götürməlidir. Ona görə də biz daha çox "uşaq pulu" tələbini onun üzərində qurmalıyıq ki, bu, konkret olaraq uşağın sağlamlığına fayda verə biləcək bir vəsait olmalıdır. Həmin vəsait də büdcəyə görə müəyyən olunur. Hər halda uşaq üçün 300 manat da, 3000 manat da versən azdır. Çünki tələbat kifayət qədər böyükdür. Ona görə optimal qiyməti iqtisadçılar müəyyən etməlidir. Fikrimcə bu, minumum əməkhaqqından aşağı səviyyədə nəzərdə tutulmamalıdır. "Uşaq pulu" 1-6 yaş arası olan birinci kateqoriyaya, sonra isə 6-12 arası uşaqlara ödənilə bilər”.
Millət vəkili Jalə Əliyev isə deyib ki, bununla bağlı parlamentdə müzakirələr aparılıb və aparılır:
“Uzun müddətdir ki, həm parlament, həm də əlaqədar qurumlar tərəfindən bu məsələnin üzərində işlənilir. Hələlik konkret olaraq bir söz demək çətindir, amma yaxın dövrlərdə bununla bağlı yəqin ki, Milli Məclisə layihə daxil ola biləcəyini düşünürəm. Lakin "uşaq pulu"nun ödənilmə mexanizmləri hazırlandıqdan sonra dəqiq cavab verilə bilər”.
Deputat Elman Nəsirov bu məsələ ilə bağlı vaxtilə parlamentdə çıxış etdiyini xatırladıb:
“Çıxışımda söylədim ki, prinsip etibarilə ölkəmizdə 600 minə qədər "uşaq pulu" adı ilə olmasa da, digər müavinətlər ödənilir. Bu istiqamətdə ilk addım olaraq ən azından 3 yaşadək olan uşaqlara "uşaq pulu"nun verilməsi məsələsinə baxılması mümkündür. Hətta, təklif etmişdim ki, parlamentdə müvafiq komitə üzvlərindən birgə komissiya yaradılsın. Yəni mənim dediyim rəqəm havadan ola bilər. Amma birgə komissiya bu məsələni araşdırsa, onlar daha dəqiq və əsaslandırılmış bir məlumat verə bilərlər.
"Uşaq pulu"nun hansı yaş kateqoriyasına verilməsinin araşdırılması həyata keçirilməlidir. Biz müharibədən çıxmış ölkəyik və xərclər də çoxdur, eyni zamanda dövlətimizin uşaqlarla bağlı siyasəti də var. Bu siyasət çərçivəsində də çoxsaylı ailələrə maliyyə dəstəyi verilir. Bununla yanaşı, əlilliyi olan vətəndaşlara da müavinətlər verilir. "Uşaq pulu" isə 2006-cı ilə qədər var idi, həmin ildən etibarən uşaqlara ünvanlı şəkildə maliyyə dəstəyinin göstərilmə siyasətinə keçirildi. Yəni çox imkanlı da, imkansız da "uşaq pulu" aldı. Buna görə də ünvanlılıq təmin edildi. Mən Cəlilabadı təmsil edən millət vəkili olaraq deyirəm ki, cənub bölgəsində çoxuşaqlı ailələr geniş yayılıb. Onlarla söhbətlərim və görüşlərim zamanı həmişə "uşaq pulu" məsələsini gündəmə gətirirlər. Bu məsələdə onların mövqeyi bəllidir. Ona görə də mən məsələni parlamentdə də qaldırmışam. İlkin olaraq 3 yaşına qədər uşaqlara "uşaq pulu" verilməsi məsələsinə baxılması məsələsi gündəmə gəlməlidir. Ondan sonra isə yaş kateqoriyasını genişləndirmək olar”.