Deputatdan bahalaşmaya qəzəbli etiraz: “Deyirlər ki, cəhənnəm olsun kasıb...”


Deputatdan bahalaşmaya qəzəbli etiraz: “Deyirlər ki, cəhənnəm olsun kasıb...” 


“Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişikliklər edilib.
Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilib. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib. 
Yəni Naxçıvana təyyarə biletinin qiyməti 50 manat idisə, artıq 60 manat olub. Təyyarə biletlərinin qiymətində artım ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb və etiraza səbəb olub. 
"Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür “Facebook” səhifəsində yazıb: 
"İki gün öncə yolum aerokassaya düşmüşdü. Bakı-Naxçıvan reysləri haqqında məlumat yazılan ekrana baxanda elə bildim səhv görürəm. Sonra iki dəfə saydım, gördüm ki, yox, yanlışlıq yoxdur. Bir gün ərzində Naxçıvana nə az, nə çox, düz 23 reys var idi. Bu yolu gedib-gələnlər yaxşı bilir, bu rəqəm nə deməkdir. Biz ən kritik zamanlarda 10, uzağı 12 reys görmüşük". 
O, hesablama da aparıb: "23 reys, hər reysdə ən az 100 adamnan 2300 adam. Gediş-dönüşü nəzərə alsaq 4600 sərnişin. Hər sərnişin başına 10 manatdan artım, 46 000 (qırx altı min manat). Sadəcə bir sutkaya 46 000 manat. Vurun bunu bir aya. 30x46000=1380000 (bir milyon üç yüz səksən min manat). Bugünkü qiymət artımı (“güzəşt azaldı” sıvaması) bir aya bu qədər fərq deməkdir". 
O vurğulayıb ki, reys sayı 30 da olsa bəs etməz: "Bilirsiniz niyə? Camaat ayda bir dəfə Naxçıvana uçub, oradan İğdıra keçir. Bir aylıq ərzaq və lazımi şeylər alıb qayıdır. Qiymətlərdə o qədər fərq var ki, yol-iz bilən istənilən adam bu yoldan ayda bir dəfə istifadə edərək dolanmağa çalışır. Bax, budur idarə etdiyiniz ölkənin durumu… Üstəgəl Türkiyəyə gedən bütün tələbələr, iş üçün, xəstəxana üçün gedənlər Naxçıvandan gedir. Üstəgəl İrana gedənlər, Məşhəd ziyarətçiləri, Kərbala ziyarətçiləri bu yolu gedir. Ümid Zəngəzur dəhlizinə qalıb…". 
Beləliklə, onsuz da “AZAL”ın baha qiymətlərindən şikayətlənən əhalinin bir problemi daha da artıb. 
Millət vəkili Fazil Mustafa bununla bağlı Cebhe.info-ya açıqlamasında Nazirlər Kabinetinin qərarı ilə razılaşmadığını və belə qərarlar verilərkən əhalinin mənafeyinin üstün tutulmalı olduğunu bildirərərək məsələyə istehza ilə yanaşıb: 

“Bəs Azərbaycan əhalisi qazanmalıdır? Biz bütün gücümüzü sərf edirik ki, “AZAL” qazansın. Bu gün hamı görür ki, “AZAL”ın qiymətləri bahadır və ölkə turizmi çox acınacaqlı vəziyyətə düşüb. “AZAL” az qazansa, onda nə olar, istəyirsiz ki, əhali çox qazansın? “AZAL” bu məsələdə qazanclı çıxmalıdır. Hətta dövlət də ona dəstək verir. Hərtərəfli yardım edir ki, hər zaman qazanclı çıxsın. Eybi yoxdur, hətta onun itkilərini də biz ödəməliyik”. 
Deputat deyib ki, qərar acınacaqlı vəziyyətdə olan Naxçıvan əhalisi üçün böyük bir zərbədir: 
“10 manat az pul deyil. İnsanlar 10 manatın sıxıntısını yaşayırlar. Böyük əksəriyyət heç o pulu tapıb Bakıya gələ bilmir. Burada məqsəd əhalinin deyil, “AZAL”ın qazanclı çıxmasıdır”. 
Millət vəkili deyir ki, bu bahalaşmaya yol vermək olmaz, qiymətə yenidən baxılmalıdır: 
“Bu qiymət əksinə, 40 manata enməlidir, vətəndaş gəlib-gedə bilmir. Başqa alternativ yol yoxdur ki, vətəndaş onu seçsin. İrandan da gəlmək məşəqqətli yoldur. Bəs insanlar nə etməlidir? Öz torpağına getmək üçün pulu yoxdursa nə etməlidir, ölməlidir? Hansısa bir güzəşt də yoxdur. Məsələn, bir qazidir, pulu da yoxdur, Naxçıvandan Bakıya gəlmək, yaxud Bakıdan Naxçıvana getmək istəyir, nə etsin? Naxçıvanda, Bakıda yüzlərlə işsiz var. Ona görə də bu çox düşünülməmiş, məntiqsiz qərardır. Nə ilə getsin? Düşünürlər ki, cəhənnəm olsun yoxsul adam, Naxçıvana 10 il getməsin. Belə bir düşüncə, belə bir yanaşmadır. Ona görə də anlamaq lazımdır ki, “AZAL”ın qazanması əsas hədəflərdən biridir”. 
Tarix: 7-06-2022, 18:48
Xəbəri paylaş





Xəbər lenti