Deputat: “AMEA-nı siyasətdən qoparmalıyıq, onu elmə qaytarmalıyıq”
Çoxları düşünürdü ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) gedəndən sonra akademiyada vəziyyət dəyişəcək. Amma son dövrlər müşahidə olunanlar onu deməyə əsas verir ki, bu gün də AMEA daxilində ciddi gərginlik qalmaqdadır. Gərginliyə səbəb olan amillərdən biri kimi akademiyanın elmi-tədqiqat institutlarının baş direktorlarının Rəyasət Heyətinin iclaslarına dəvət edilməməsi göstərilir. Bu da institutların baş direktorlarının ciddi narazılığına gətirib çıxarır. Hələ Mehdiyevin prezidentliyi dönəmində bəzi institut baş direktorları buna qarşı açıq etirazlarını bildirsələr də, onların tələbləri yerinə yetirilmirdi...
Elə yaxında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında dedikləri hər kəsi təəccübləndirib: "11 ildə quruma 48 milyon pul ayrılıb. Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın”.
O, bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: "Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun".
V.Abbasov söyləyib ki, guya üç il əvvəl başqa bir institut üçün cihaz alınıb və Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub:"2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın". O vurğulayıb ki, AMEA rəhbərliyi ilə görüşə bilmir. Sonda baş direktor təkliflə çıxış edib: "İnstitut direktorlarının Rəyasət Heyətinin iclaslarında iştirakı təmin edilsin. Rəyasət Heyətində iclas qapalı olmamalıdır".
Yada salaq ki, Ramiz Mehdiyev fevralın 14-dən AMEA-nın rəhbəri vəzifəsindən gedəndən sonra yerinə təyinat olmayıb. AMEA prezidenti vəzifəsini müvəqqəti olaraq qurumun birinci vitse-prezidenti Arif Həşimov icra edir. Hətta təyinatın olmadığını görən bir çoxu Ramiz Mehdiyevin hələ də iş başında olduğunu, istefaya getmədiyini iddia edir.
Millət vəkili Fazil Qəzənfəroğlu mövzu ilə fikirlərini açıqladı: “ AMEA daha çox siyasi bir institut kimi mövcudluğunu qoruyur. Əslində AMEA-dan əl çəkilməlidir, buraxılmalıdır ki, elm məbədi kimi fəaliyyət göstərsin. Bu olmadığın görə hamının AMEA-dan bir marağı var. Bu marağı təmin etmək üçün də vasitə kimi istifadə etməyə çalışırlar. Çətinlik də məhz bu məsələdən qaynaqlanır. Çünki elmin inkişafı düşünülsəydi, AMEA-da tamamilə dəyişiklik olardı. AMEA-da əslində bir rəhbər dəyişikliyi baş verdi, amma yeni rəhbər seçilmədi. Rəhbərin seçilməsi də AMEA-nın funksiyası kimi baxılmır, kənar funksiya kimi baxılır. Onun necə adam olacağı, vəzifəyə uyğun olub-olmayacağı haqqında düşünülür. Elmə fayda verib-verməyəcəyi haqda danışılmır. Biz burada əsasən nəyə diqqət yetirməliyik? Heydər Hüseynovun adı çəkilib, amma onun ölməsi ziddiyyətli məsələdir. Ö özünü öldürməyib, öldürülüb. O, fəlsəfi baxışlarına görə öldürülüb. Çünki onun fikirləri o vaxtkı hakimiyyətlə üst-üstə düşmürdü. Onun yeyinti məsələsində adı çəkilmirdi. Heydər Hüseynov təmiz yaşam tərzi ilə seçilən insanlardan idi. Açığı, Vaqif Abbasovla bağlı məsələdən xəbərim yoxdur. Kimin haqlı-haqsız olduğunu bilmirəm. Amma bütövlükdə deyim ki, akademiyanın çevrəsi bu cür olub, bundan sonra daha dəhşətli formada olacaq. Məqsəd elm deyilsə, bu cür mübahisələr, müzakirələr olmalıdır, olacaq da. Burada dəyişiklik olmadığına görə proqnozlar vermək istəməzdim. Hər halda arzu olunan vəziyyət deyil. AMEA-nı siyasətdən qoparmalıyıq, onu elmə qaytarmalıyıq. Öz üzvlərinin ixtiyarına verməliyik və məsuliyyəti onların üzərinə qoymalıyıq. AMEA-ya təqaüdçüləri toplayıb, sosial müavinət alınan yer kimi baxmamalıdırlar. Bütün bunlar kompleks həll olunmalıdır. Əks halda, AMEA vəzifəsini yerinə yetirə bilməyəcək. Hazırda prezidenti əvəz edəcək şəxs Arif Həşimovdur və kifayət qədər səviyyəli, elmdə öz yeri olan alimlərdən biridir. Orada olan başqa alimləri bir araya gətirib parlaq bir komanda formalaşdırmaq olar. Akademiyanı da dirçəltmək olar. Əks halda, AMEA siyasi alət kimi qalacaq, söz-söhbətlər, problemlər olacaq”.
Yerı gəlmişkən, yaxın günlərdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev “Report”ta açıqlamasında deyib ki, AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil: “Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur. AMEA "TEKNOFEST Azərbaycan" festivalında Azərbaycanın intellektual məfhumu kimi təqdim edilməyib. Bu əhvali-ruhiyyəni hiss etmədik. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətlərində böyük nailiyyətlər əldə edib. Amma burada hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq”.Musavat.com
Tarix: 7-06-2022, 22:12