Ağdamlı məcburi köçkün yaşadığı yarımzirzəmidən çıxarılır


Qabil Cəfərov: “Getməyə yerimiz yoxdur, kimə sığınaq?”
Ağdam rayonundan məcburi köçkün olan Cəfərov Qabil Mobil oğlu redaksiyamıza müraciət edərək, şikayətlənib. Vətəndaş qeyd edib ki, 1993-cü ildə  9 ailə üzvü ilə birlikdə Ağdamdan məcburi köçkün düşdükdən sonra Bakı şəhəri Kamil Balakişiyev 11 ünvanında yerləşən yarımzirzəmidə məskunlaşıblar: “Əvvəl çadırlarda qaldıq, daha sonra isə qeyd olunan ünvanda yerləşən yarımzirzəmidə məskunlaşdıq. Müharibə dövründə atam Cəfərov Mobil qəlpə yarası aldığı üçün 2003-cü ildə ayağı amputasiya olundu, əməliyyatdan az sonra vəfat etdi.
Qeyd edim ki, həmin yarımzirzəmi xadimələrin otağı olub. O vaxtkı mənzil kommunal istismar sahəsinin rəhbəri atama demişdi ki, “xadimələri başqa otağa yerləşdirərik, siz orada məskunlaşa bilərsiniz”. Biz də həmin yarımzirzəmini yaşayış şəraitinə uyğunlaşdırmağa çalışdıq, təmizlədik, sanitar qovşağı çəkdirdik, böyük çətinliklə qapı-pəncərə qoyduq. Yəni böyük zəhmət bahasına yavaş-yavaş yarımzirzəmini səhmana saldıq. İllər sonra, 2018-ci ildə bizə bildirdilər ki, Prezidentin sərəncamı ilə çətin şəraitdə yaşayan məcburi köçkünlər Lökbatan qəsəbəsində tikilən evlərə köçürüləcək. Evlərlə bağlı bölgü zamanı gələndə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Nizami rayon üzrə sektor müdiri Rəhim, onun Etibar adlı köməkçisi və icra hakimiyyətində məcburi köçkünlərlə işləyən Mürvət adlı şəxs məni və qardaşım Cəfərov Aqil Mobil oğlunun ailəsini siyahıdan çıxartdılar. Yalnız birinci qrup əlil bacıma, gözdən əlil digər bacıma və anama 2 otaqlı ev verildi. Bildirdilər ki, bizə gələn ev bölgüsündə ev veriləcək. Lakin bu günə qədər bizə ev verilməyib, bizi aldatdılar. Bilmirik bizə çatacaq evi satdılar, ya başqasına verdilər, xəbərimiz yoxdur".
Şikayətçinin sözlərinə görə, çətin şəraitdə yaşayan qardaşı və ailəsi heç bir yaşayış yeri ilə təmin edilmədən məskunlaşdıqları yarımzirzəmidən çıxarılır: “Hazırda qardaşım, həyat yoldaşı və oğlu həmin zirzəmidə qalır. Qardaşım oğlu aprel ayında əsgər gedib. İndi bizə gəlib deyirlər ki, zirzəmini tərk edin, Rzayeva Svetlananın adına özəlləşdirilib. Dedim axı niyə belə edirsiniz? Onsuz da torpaqlarımız alınıb, evimizi tikib versinlər, gedək öz yurdumuza, heç olmasa ona qədər bu evdə, zirzəmidə yaşayaq. Nizami Rayon İcra Hakimiyyətində işləyən Mürvət dedi ki, ”onda mənə 10 min manat verməlisən". Üstəlik, Mürvət tapşırıb ki, qardaşımın ailəsinə heç bir arayış verilməsin. Təsəvvür edin, xəstələnəndə biz arayış ala bilmirik Qardaşımın 50  yaşı var. Bu yaşda o, indi kimə sığınsın?"
Qeyd edək ki, şikayətlə bağlı “Yeni Müsavat” aidiyyəti qurumlara - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə və Nizami Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Hər iki qurum məsələni araşdıracağını bildirib.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.“Yeni Müsavat” 
Tarix: 8-06-2022, 09:21
Xəbəri paylaş





Xəbər lenti