Bizdə uşaqlar tamamilə dövlət dəstəyindən məhrum buraxılıb— AÇIQLAMA


“Ölkəmizdə uşaqlarla bağlı çox ciddi problemlər var”.

Bunu Demokrat.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib.
Sosioloq qeyd edib ki, son dövrlər uşaqların süni qidalarla böyüməsi, onların müalicəsi, təhsil ilə bağlı problemlər artıb:

“Bu gün uşaqların asudə vaxtlarının təşkili ilə bağlı idmana, rəsmə, musiqiyə və s. getməsində müəyyən çətinliklər var. Deyərdim ki, buna əhalinin böyük əksəriyyətinin imkanı çatmır və çox ciddi problemdir. Az qala bütün ölkələrdə uşaq pulunun verilməsinə baxmayaraq bizdə hələ də uşaq pulunun bərpası həyata keçirilməyib. Halbuki, kifayət qədər maliyyə mənbələri də var. Deyərdim ki, bunun üçün lazım olan hər şey var, lakin indiyə qədər bu bərpa olunmur. Yaxşı olardı ki, ilk növbədə uşaq pulu bərpa olunsun. Çünki ailələrin uşaqlarını sağlam və təhsilli böyütməkləri üçün buna ehtiyac var”.

Ekspert qeyd edib ki, son zamanlar müəyyən yerlərdə uşaqların işlədilməsi, diləndirilməsi ilə bağlı çox ciddi problemlər müşahidə olunmaqdadır:

“Bundan başqa, xəstə uşaqların müalicəsi ilə bağlı ictimai yardımlar həyata keçirilir. Yəni, əhali pul yığsa olacaq, yığmasa olmayacaq. Bu, ciddi bir problemdir. Bu sahədə saysız-hesabsız problemlər var. Ona görə də, hesab edirəm ki, dövlət səviyyəsində böyük bir proqram qəbul olunmalıdır. Dövlət həm uşaqların sosial maddi ehtiyaclarının ödənilməsi, həm də onların mədəni psixoloji ehtiyaclarının ödənilməsi üçün çox ciddi tədbirlər həyata keçirməlidir. Son zamanlar bir uşaqlı, maksimum iki uşaqlı ailələrin sayı həddən çox artıb. Artıq ailələr uşaq dünyaya gətirməyə çalışmırlar. Çünki onların böyüdülməsi, təhsili, saxlanılması mümkün olmayan bir vəziyyətə gəlib. Bu isə ölkədə demoqrafik vəziyyəti pisləşdirəcək və gələcəkdə çox ciddi problemlərə yol açacaq. Bütün bunlarla bağlı kompleks şəkildə qanun qəbul olunmalı və həyata keçirilməlidir. Necə ki, nümunəvi ölkələrdə belə proqramlar var”.

“Bizdə isə uşaqlar tamamilə dövlət dəstəyindən, qayğısından bir növ məhrum buraxılıb. Üstəlik valideynlərin imkansızlığından uşaqlarla bağlı bütün sahələrdə çox ciddi problemlər var. Bunun da nəticəsində sahibsiz uşaqların, küçə uşaqların, uşaq cniayətlərinin, təhsilsiz uşaqların sayı artır. Bu, artıq ciddi sosial problemdir. Həm də mənəvi psixoloji problemdir. Onunla bağlı çox ciddi tədbirlər həyata keçirilməlidir”,- deyə sosioloq qeyd edib.
Tarix: 8-06-2022, 22:36
Xəbəri paylaş





Xəbər lenti