Partiya sədri “Azərişıq” ASC-nin sayğacları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi – “Tenderlər “fake” şirkətlərə verilir”


“SMS tipli elektrik sayğaclarının yeni tətbiq olunmasına baxmayaraq, kifayət qədər problem yaşayan abonentlər var. Sayğacların düzgün qoşulmasında da problem var. Məsələn, yaxın adamların birinin evində heç kimə xəbər vermədən sayğacı yerləşdiribilər və binanın xətlərini qarışdırıblar, qonşunun xəttini buna birləşdiriblər, bunun xəttini qonşuya. Sonradan, hətta o da məlum olub ki, bu SMS tipli sayğacların ödənişi onlayndır və internet işləməyəndə ödəniş həyata keçirilmir”.
 
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
 
T.Abbaslı qeyd edib ki, SMS tipli yeni işıq sayğaclarına ehtiyac yoxdur: “Guya biz “kosmosa çıxmışıq” və “Azərişıq” ASC-də borclarımızı “kosmik” sayğaclarla hesablayır.  Çox güman ki, arada çox böyük tenderlər məsələsi var və yeyinti üçün əlavə yerdir. Tenderlər elan olunur və özlərinin “fake” şirkətlərinə verilir. Bu vasitə ilə də dövlət büdcəsindən vəsait mənimsənilir. Adama deyərlər ki, əvvəlki sayğaclarda nə çatışmırdı ki? Ümumiyyətlə, belə bir sual ortaya çıxır ki, sayğacların 2-3 ildən bir dəyişdirilməsinə nə ehtiyac var? Gah mexaniki, gah smart tipli sayğaclar qoyurlar. Adı üstündə “sayğac”, yəni sərfiyyatı hesablamaq üçün vasitə. Hər 2-3 ildən bir dövlət vəsaitindən milyonlarla manat pulu bu sayğacların dəyişdirilməsinə niyə sırf edirlər axı? Əgər pulları, imkanları çoxdursa, elektrik şəbəkəsini yaxşılaşdırsınlar, transformatorların sayını çoxlatsınlar, naqillərin keyfiyyətini artırsınlar. Görülməli bu qədər iş olduğu halda, “Azərişıq” ASC-nin rəhbərliyi, şöbə müdri sayğcaların üzərində əməliyyatlar edib, varidat toplamaqla məşğuldur. Ümumiyyətlə, bu məsələyə nədən ehtiyac yaranır axı? Bu xərcləri büdcə qarşısında necə əsaslandırırlar?”
 
Partiya sədri vurğulayıb ki, sayğaclarda vəsaitin silinməsi kimi faktlar araşdırılmalıdır: “Buradakı digər məsələ SMS tipli sayğaclarda vəsait silinməsi və oradakı dələduzluq faktlarıdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti araşdırma aparmalıdır. “Azərişıq” rəhbərliyi insanlara desinlər ki, sayğaclar iki ildən bir niyə dəyişilir? Düşünürəm ki, bu məsələ ilə bağlı ki, ciddi araşdırılmalar aparılmalıdır. İstər qaz, istər su, istər işıq sayğaclarına aid məsələlərə nizam-intizam gətirilməlidir. Yoxsa hər gələn “yuxuda nə görürsə” insanların başında tətbiq edir”.
Tarix: 9-06-2022, 14:43
Xəbəri paylaş





Xəbər lenti