Belə acgözlük, vəhşilik olarmı? — Ekspertdən SƏRT AÇIQLAMA






Yay fəsli Azərbaycanın hər yerində səyahət üçün əlverişli vaxtdır. İsti iqlim, mülayim dəniz, ucsuz-bucaqsız yaşıllıq, istirahət və müalicə üçün imkanlar burada hər kəsə öz məzuniyyətini ürəyincə keçirməyə şərait yaradır. Turizm şirkətlərinin əksəriyyəti bu mövsümdə ölkənin bölgələrinə maraqlı və sərfəli turlar təklif edir. Lakin son günlər ölkədə təşkil olunan turlar zamanı qəzaların baş verməsi ciddi siqnaldır.  

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Demokrat.az-a açıqlamasında bildirib ki, ilk növbədə valideynlər bu məsələdə diqqətli olmalı və səhlənkarlıq etməməlidirlər:
“İndiyədək dəfələrlə Bakı Dövlət Yol Polisi İdarəsi  valideynlərə, məktəblərə, Təhsil Nazirliyinə, Baş Təhsil İdarəsinə müraciət edib. Müraciətdə qeyd olunub ki, uşaqlar rayonlara qrup şəklində səyahətə çıxarkən  mütləq yol polisinə müraciət edilsin və yol polisi onları müşayiət edəcək. Yəni, yol polisinin əsas xidməti yol hərəkətinin təşkili və təhlükəsizliyi olduğuna görə,  bədbəxt hadisələr baş verməsini istəmir. Dəfələrlə bu müraciəti dilə gətiriblər ki, əgər elə səfərlər varsa, 3-5 gün öncədən bizə müraciət edin və biz təhlükəsizliyi təmin edək. Əslində, bizim qanun vericiliyimizdə də bu, elə bu formada da göstərilir. Yəni, uşaqların say 20-ə qədərdisə bir bələdçi olmalıdır, 20-dən çoxdursa iki bələdçi olmalıdır, bir neçə avtobusdursa yol polisi onu müşayiət etməlidir. Hətta, uşaqların sayı, avtobusların sayı çox olduqda 2 yol patrul xidməti avtomobili biri öndən, biri arxadan müşayiət etməlidir. Amma, çox təəssüflər olsun ki, valideynlər səhlənkarlıq, diqqətsizlik edirlər və öz övladlarını məsuliyyətsiz turizm şirkətlərinə etibar edirlər. Turizm şirkətləri mən demirəm ki, olmasın, olsun. Amma, işlərini doğru-düzgün yerinə yetirsinlər”. 

“Onlar yaxşı olar ki, avtovağzaldan müraciət edib, rəsmi avtobus alsınlar. Yoldan keçən avtobus sürücüsünü tutub, ora aparanda belə olur. İndiyə qədər təcrübədə azmı olub? Uşaqlar olmasın, başqa kollektiv olsun. Tutaq ki, toy, hüzn, səyahət yerinə getməlidirlər və onlar turizm şirkətləri  və yaxud da hardansa birini tutub gedirlər və qəzaya düşüblər. Nə var, nə var sürücünün iş və istirahət rejimi bəlli deyil, adam dünən başqa heyəti gecə saat 12-də Bakıya çatdırır və səhər saat 5-də digər heyəti yığıb aparır. Bəs, belə bədbəxtçilik, acgözlük olarmı? Belə vəhşilik olarmı? Turizm şirkəti bunlarla maraqlanırmı? Xeyr. Turizm şirkətinin müdiri sürücüdən soruşur saat 5-də götürəssən, hə deyir. Şirkətin marağında deyil ki, o sürücü indi haradadır, səhər gəlib heyəti götürəndə ayıq olacaq, içkili olacaq,  özü gələcək, yoxsa dayısı oğlunu göndərəcək? Ehtiyat sürücüsü varmı? Belə olmalı deyil axı? Bizim qanunvericilikdə də var, bu cür səfərlər baş verdikdə bələdçi olmalıdır, ehtiyat sürücü də”.

E.Muradlə əlavə edib ki,  gecə saat 11-dən sonra uşaqların avtobuslarla uzaq mənzillərə daşınması qanunla qadağandır:

“Amma, müəyyən istisnalar var. Misal olaraq, hava limanına, dəmir yolu vağzalına apara bilər. Yəni, o da xüsusi müşayiətlər ilə həyata keçirilməlidir. Amma, bu qaydaları mən əminəm  ki, bu turizm şirkətləri pozurlar. Görün nə qədər harınlayıblar ki, gəlib xəstəxanada heç özlərini də təqdim eləmirlər ki, bu hansı şirkətdir!? Nə ilə maraqlanırsan, nəyə baxırsan? Bu uşaqlar travma aldılar və ömür boyu yadlarından çıxmayacaq. Bundan sonra neçə ay psixoloji xidmət lazımdır ki, onların yadından çıxsın bu hadisə. Nə qədər uşaqlara təsir elədi, hansı ki, digər məktəblilər də bu səyahəti planlaşdırmışdı. Artıq bir çox valideynlər imtina elədi bunlardan, çünki baxırlar ki, bunlar başı pozuq insanların öhdəliyindədir. Ona görə, mən tövsiyə edərdim ki, bu məsələləri mütləq yol polisi ilə birlikdə həll edilsin. Avtobusları da avtovağzaldan almaq lazımdır. Avtovağzal təminatlı xidmət göstərəcək və ehtiyat sürücü də verəcək, Avtovağzal qanunun tələblərinə uyğun avtobusu təchiz edəcək və sürücünün sağlamlığını yoxlayacaq. Yoxsa turizm şirkətlərinin o sürücünü haradan tapması bəlli deyil. Belə xidmət olmaz! Bu qədər biabırçılıq olmaz! Görün, son 10 gündə bu, üçüncü məktəbli avtobus qəzasıdır”.
Tarix: 13-06-2022, 15:08
Xəbəri paylaş





Xəbər lenti