Sovetdən qalma “fəlsəfə doktoru” və “elmlər doktoru” adı ləğv edilməli və..." - ekspertlərdən ilginc rəylər


“Avropada olduğu kimi, Azərbaycan da birmənalı olaraq “PhD”  tətbiq etməlidir. Bu zaman gənclərimiz rahat şəkildə elmə gələr”
İyunun 12-də Bakı və Naxçıvan şəhərlərində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib. İmtahanın nəticələri danışıq bloku, yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 3 həftə ərzində elan olunacaq.
Qeyd edək ki, son illər çoxları fəlsəfə doktorluğu tiltulunu əldə etməyə çalışır. Bəs fəlsəfə doktorluğu elmi dərəcəsi nədir? Bu elmi adı almaq üçün hansı prosedurlardan keçmək lazımdır?
Xatırladaq ki, sovet dövründə elmi dərəcələr ikipilləli idi: elmlər namizədi və elmlər doktoru. Müstəqillik illərində “elmlər namizədi”  “fəlsəfə doktoru” ilə əvəz edildi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmaqdadır. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Elmi dərəcə almaq üçün ixtisasa aid mövzuda dissertasiya elmi işi hazırlanıb elmi şurada müdafiə olunmalıdır.
Bəzi ekspertlər artıq sovet dönəmindən qalma ənənədən imtina etməyin, qonşu ölkələrin təcrübəsindən yararlanmağın vaxtının gəlib yetyişdiyini bildirirlər. Belə ki, qonşu ölkələrdə, o cümlədən Gürcüstanda və Türkiyədə elmi dərəcələr ABŞ modelində tətbiq edilir. Məsələn, Gürcüstan 2004-cü ildən bu modeldən tamamilə imtina edərək, Anqlo-sakson modelinə, daha dəqiq desək, ABŞ modelinə keçid edib. Yəni “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilərək, ölkədə vahid elmi dərəcə - “doktor” (PhD) - müəyyən edilib.  Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilib.  Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılıb, yeni sistemdə “assisent”, “assisent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilib. Bunlarla yanaşı, fəxri elmi adlar olan “fəxri doktor” və “emeritus”un da verilməsi nəzərdə tutulub.
Eləcə də Türkiyə elmi dərəcə və adların verilməsində ABŞ və Fransa modellərinin bir sıra cəhətlərini özündə əks edirən özünəməxsus bir modeldən istifadə edir.
 İlk növbədə, ölkədə elmi dərəcə və adların verilməsini tənzimləyən mərkəzi bir qurum - Universitetlərarası Şura (UAK) fəaliyyət göstərir. Şura universitet rektorları ilə hər universitetin senatı tərəfindən 4 il üçün seçilən 1 professordan formalaşır.  Rektorlar şuraya növbəlilik prinsipi ilə bir il sədrlik edir. Şura ölkədə “doktor (PhD)” elmi dərəcəsinin verilməsi qaydalarını müəyyən edir, xaricdən alınan elmi dərəcə və adların nostrifikasiyasını həyata keçirir və “dosent” elmi adını verir.
 Türkiyədə yeganə elmi dərəcə kimi “doktor (PhD)” elmi dərəcəsi tətbiq edilir. Bu dərəcə ən azı 4 semestrlik doktorantura təhsil proqramının sonunda orjinal elmi tədqiqat olan dissertasiyanın yazılıb müdafiə edilməsi ilə əldə edilir. Doktorantura təhsili qanunvericilik və Universitetlərarası Şuranın müəyyən etdiyi əsaslar üzrə həyata keçirilir, dissertasiyalar universitetlərin yaratdığı müdafiə şuralarında müdafiə edilir və doktorluq dərəcəsi diplomu da fakültə dekanı və universitet rektorunun imzası ilə verilir.
“Professor” Türkiyədə ən yüksək elmi ad (vəzifə) hesab edilir. Qanunvericiliyə əsasən dosentlikdən sonra ən azı 5 il müvafiq istiqamət üzrə işləyənlər və orijinal tədqiqatlar aparanlar bu vəzifə üçün müraciət edə bilirlər. Müraciət ərizələrində tədqiqatlarının birini başlıca tədqiqat əsəri kimi göstərirlər. Universitetlər bu vəzifəni tutmaq üçün əlavə şərtlər də müəyyən edə bilir. “Professor” boş ştatlarına elan rektorluq tərəfindən verilir. Universitet İdarə Heyəti iddiaçıların sənədlərini 3-ü kənardan olmaqla 5 professora göndərir. Professorlar rəy yazır, rəylər İdarə Heyəti tərəfindən qiymətləndirilir və rektor bunları nəzərə alaraq təyinatla bağlı qərarını verir.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli “Yeni Müsavat”a danışıb:
“Fəlsəfə doktoru titulunu almaq şəxsin fəaliyyətindən asılı olur. Məsələn, mən müəyyən ev-məişət problemləri üzündən sənədlərimi gec verdim, gec müdafiə etdim və yalnız 57 yaşımda aldım. Yəni bu fərdi məsələdir.
 O ki qaldı prosedura, bu məsələdə müəyyən dəyişikliklər olur və son prosedurların necə olmasından xəbərsizəm. Onu deyə bilərəm ki, bu elmi titulu alanda aylıq maaşımıza 60 manat əlavə olunur. Bu bir qədər də Əməkdar, Xalq artisti tituluna bənzəyir.
Bildiyiniz kimi, sovet dövründə indiki “fəlsəfə doktoru” “elmlər namizədi” adlanırdı, daha sonra isə “elmlər doktoru” titulu gəlirdi. İndi istəyirlər ki, hər iki elmi dərəcəni birləşdirib, bir elmi ad etsinlər, necə ki, Türkiyədə belədir. Qardaş Türkiyədə birbaşa “doktor” elmi dərəcəsi verilir və bizdəki kimi iki bölgü yoxdur. Beləliklə, hələlik bu barədə müzakirələr gedir, lakin bu təklifin nə zaman qüvvəyə minəcəyi məlum deyil".

Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, ümumiyyətlə, bu gün Azərbaycanda elmi tədqiqatların vəziyyəti ürəkaçan deyil:
“Bunun əsas səbəbi ondan ibarətdir ki, institutlarda və elmi mərkəzlərdə gənclərin ciddi şəkildə elmə gəlməsinə maneələr var. Biz bunu son zamanlar akademiyada baş verən hadisələr zamanı da gördük. Bu gün Azərbaycan elmi dövlət tərəfindən ayrılan diqqət və qayğıya uyğun olaraq elmi tədqiqatlarla məşğul deyil.
Azərbaycanın uzun illər sovet ittifaqının tərkibində qalması onun elmi və tədqiqatlarının, elmi adlarının əvvəlki tək qalmasına səbəb oldu.
Əlbəttə ki, 2009-cu ildə “Təhsil haqqında” Qanun və daha sonra “Elm haqqında” Qanun qəbul  edildi.  Bu qanunların hər biri onu tələb edirdi ki, elmi adlarımız beynəlxalq standartlara uyğun təşkil edilsin. Bu gün alimlərə verilən “fəlsəfə doktoru”  titulu onlara yalnız 50-60 manat əmək haqqı verir. Bu baxımdan hesab edirəm ki, Avropada olduğu kimi Azərbaycan da birmənalı olaraq “PhD”  tətbiq etməlidir. Bu zaman gənclərimiz rahat şəkildə elmə gələr. Belə ki, ölkəmizdə bir elmi adın alınması üçün disertasiya tələbləri mütəmadi olaraq dəyişdirilir. Elmin aktuallığı qalır kənarda, məzmun dalınca düşürlər. Ay ərzində 4 nəfərin işi fəlsəfə doktoru üzrə müdafiə olunur. Bu, yanlışdır. Bəlkə kiminsə işi hazırdır, onda say daha çox ola bilər".
Ekspert qeyd etdi ki, elmə tutumlu tədqiqatlar verilməlidir:
“Amma görürük ki, disertasiyalara daha çox lokal əhəmiyyətli işlər cəlb edilir.
Dissertasiyaların şuralarının bir çox hallarda institutun, şuranın rəhbərinin istəyinə uyğun olaraq müdafiəyə buraxılır. Bu zaman da gənclər üçün maneələr yaradılır. Əslində isə bu gün Azərbaycan elmi daha sadə olmalıdır".
Tarix: 14-06-2022, 08:36
Xəbəri paylaş





Xəbər lenti