Deputat: ““Uşaqpulu” tələb edirsən, az qala adamın gözünü çıxaralar, başına oyun gətirələr”
“Bakıdan hava yolu ilə gediş təkcə Türkiyəyə deyil, hər yerə bahadır. Biletlər Avropa ölkələrində Azərbaycandan ucuzdur. Orta Asiyada, elə Türkmənistanda qəpik-quruşdur... Gülünc səslənir ki, İrəvandan Türkiyəyə biletin ucuz olması guya ermənilərin ölkələrini boşaltmağa şəraitlə bağlıdır. Yaxşı, onda biz də hava, avtomobil, dəmir yollarını qapadaq ki, kimsə ölkəni tərk etməsin... Bu iddia məntiqsizdir axı. AZAL-ın və digər qurumların timsalında görürük ki, pul qazanmağın, insanları soymağın müxtəlif yollarını kəşf etməklə məşğuldurlar. Hər sahədə qiymətləri artırırlar”. Bunun Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
“Xalqı “qara camaat” hesab elə, soy... Nə etsinlər?! Hər yer də bağlıdır. “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov deyəndə ki metro dədəmdən qalıb, gülürdük. Meşəyə də, dənizə də girəndə pul tələb edirlər. Guya Allaha inanırlar, amma belə deyil, Allahları puldur. Niyyətləri xeyirxahlıq deyil, pul qazanmaqdır. Sərhədləri də bağlayıblar, insanlar gediş-gəliş edə bilmir. “Uşaqpulu” tələb edirsən, az qala adamın gözünü çıxaralar, başına oyun gətirələr. Deyirsən, necə olur, xalqa verdiyin Avropadakından 10 dəfə aşağıdır, amma aldığın Avropaya uyğundur... Cavab verən, sayan yoxdur. Nə qədər gücüm-qüvvəm var, deyəcəm, ifşa edəcəyəm. Belə deyəndə də vətəndaşların bəziləri bildirirlər ki, öyrədiblər, xalqı sakit etmək üçündür. Başa düşə bilmirəm, nə etməliyik ki?! Vicdanımız var, məsuliyyət daşıyırıq. Məmurlara səslənirəm, işinizi vicdanla görün, xalqı incitməyin. Sovet dövründə dəfələrlə demişəm ki, məhkəməyə kasıb adamları verməyin, nəyi var ki?! “Raypo”nun (rayon istehlak cəmiyyəti) sədri 100 dəfə artıq “yeyirdi”, məhkəməyə vermirdilər, amma mağazada işləyəni məsuliyyətə cəlb edirdilər. Hələ o zamanlar buna qarşı mübarizə aparmışam. Bu, dövləti, xalqın inamını sarsıdır. Bu məsələrin köklü həlli konstitusion, iqtisadi və hüquqi islahatlardan keçir. Görünür, bunun üçün da referendum lazımdır” – T.Kərimli qeyd edib.
Tarix: 19-06-2022, 16:47