Avropa 4 günlük iş həftəsinə keçir: Azərbaycanda isə "həftədə 8 gün"...
Bir müddətdir dünyada əmək münasibətləri başqa mərhələyə keçməyə başlayıb. İndi 4 günlük iş həftəsi çox müzakirə olunur. Avropanın böyük hissəsi bu yeniliyi tətbiq etməkdən çəkinmir.
Bizimyol.info xəbər verir ki, Böyük Britaniya ən böyük eksperimentin müəllifi kimi fərqləndi. “4 Day Week Global” kampaniyası bütün dünyaya səs saldı. 70-dən çox şirkət eyni anda 4 günlük, 32 saatlıq iş həftəsini sınaqdan keçirdi. Kembric, Oksford, Boston universitetlərinin elm adamları prosesi diqqətlə izlədi. Nəticədə yeniliyin həm işçilərin həyat tərzinə, həm də şirkətlərin məhsuldarlığına yalnız yaxşı təsir göstərdiyi məlum oldu.
Belçikada 2022-ci ilin fevralından hamıya həftədə 4 gün işləməyə şərait yaradılır. Yəni seçim müəssisənin əməkdaşınındır. Sadəcə, həmin işçi həftədə 38 saat işləməli olduğunu unutmamalıdır. Bu o anlama gəlir ki, 3 gün dincəlmək üçün həftənin qalan hissəsində çox çalışmaq lazımdır.
İslandiyada eksperimentə 2500 işçi qoşulmuşdu. Reykyavikdə baş tutan proses yaxşı effekt verdi. İndi İslandiyada əmək qabiliyyəti olanların 86 faizinə həftədə 4 gün işləməyə icazə verilir. Sadəcə, 35 saatlıq rejim həmin günlərə sığmalıdır.
Şotlandiya, Uels və İsveç eksperimenti bahalı sayır. Amma əvvəl-axır bunun tətbiq olunacağı sirr deyil. İspaniya startda dayanıb. 200-dən çox şirkətin 6 minə qədər əməkdaşı əlavə bir gün istirahət haqqı qazana bilər. Ölkədə bu məsələ ciddi müzakirə olunur. Bildiyiniz kimi, bir müddət əvvəl qadınlara menstruasiya dövrü üçün 3 günlük istirahət haqqı Avropa dövlətində müzakirə mövzusu olmuşdu. Yəni İspaniyada əmək münasibətləri fərqli müstəviyə çıxır. Cənub ölkəsində insanlara daha çox istirahət vermək ideyası böytük dəstək qazanır. Bu mənada 4 günlük iş həftəsinin İspaniyada uğurla tətbiq ediləcəyinə şübhə yeri yoxdur.
Almaniyada “Forsa” institutunun keçirdiyi sorğu əhalinin 70 faizinin həftədə 3 gün dincəlmək istədiyini ortaya çıxarıb. Onsuz da bəzi şirkətlər ilk addımı atıb. “Bike Citizens” çoxdan əməkdaşlarını həftədə 4 gün işlədir. Startapın rəhbəri Andreas Ştyukl deyir ki, cümə günü dincəlmək heç bir maddi zərər vurmur. Əksinə, şirkət getdikcə böyüyür.
Azərbaycanda isə dəyişən heç nə yoxdur. Təkcə iş elanlarına diqqət yetirmək kifayətdir. İnsanlara 400-450 manat üçün bir çox hallarda həftənin bütün günləri 12-14 saat işləmək təklif olunur. Avropanın iş saatlarından yanaşsaq, Azərbaycanda həftədə 8 gün işləmək lazım gəlir. Əmək münasibətlərinin hüququ tərəfindən heç danışmırıq. Əmək müqaviləsi müəssisələrin əksərində formal xarakter daşıyır və ya heç yoxdur. Azərbaycanda bu istiqamətdə hələ orta əsrlər ovqatı yaşanır. İşləyib sosial vergi ödəyənlərin əksəriyyəti isə pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu minvalla indiki Azərbaycan vətəndaşlarından heç kim 4 günlük iş həftəsini görməyəcək...
Tarix: 23-06-2022, 22:52