Nə baş verir? - Bakıda “zapravka”lar 50 litrdən artıq dizel satmır – Yanacağın qiyməti bahalaşacaq?
Bir müddət öncə Gəncə şəhərindən redaksiyamıza müraciət edən yük avtomobilinin sürücüləri yanacaqdoldurma məntəqələri tərəfindən 1 tondan artıq dizel yanacağının satılmadığı haqda iddialar səsləndirirdilər. Həmin vaxt “Azpetrol”la əlaqə saxlayaraq səsləndirilən iddialara münasibət öyrəndikdə, şirkət rəsmiləri belə bir qıtlığın yaradılmadığını açıqladılar. İndi isə həmin hal Bakıda yaşanır. Belə ki, redaksiyamıza müraciət ünvanlayan sürücülər yanacaqdoldurma məntəqələrinin 50 litrdən artıq dizel satmadığını bildiriblər. Bu cür halların bir neçə dəfə təkrarlanması insanlarda dizel yanacağının bahalaşacağı ilə bağlı fikirlərin yaranmasına səbəb olur. Mövzunun aktuallığını nəzərə alaraq iqtisadçı-ekspert Pərviz Heydarovdan sözügedən yanacağın bahalaşma ehtimalının olub-olmaması ilə bağlı fikirlərini öyrəndik.
Konkret.az-a açıqlama verən iqtisadçı bildirdi ki, Bakı Neft Emalı Zavodunda rekonstruksiya (yenidənqurma) işləri aparılır: “Bildiyiniz kimi Azərbaycanda i95 və i98 oktanlı benzin istehsal edilmir və xaricdən gətirilir. Lakin ölkədə dizel ve i92 yanacağı istehsal olunur. Hazırda bizdə istehsal olunan benzin keyfiyyət baxımından Avro-3 standartına belə cavab vermir. Ona görə də, indi Avro-5 istehsal etmək istəyirlər. Təsəvvür edin ki, Avropada Avro-6 istehsal olunur, amma biz hələ Avro-5 standartlarına keçiddən danışırıq”.
İqtisadçının sözlərinə görə, hazırda rekonstruksiya işlərinin elə mərhələsidir ki, təxminən 2 aya yaxındır dizel ve i92 yanacağının da istehsalı dayanıb: “Hələlik anbarlarda olan yanacaq ehtiyatı ilə tələbatı ödəyə bilirik. Hətta bu yanacaq növlərinə tətbiq olunan rüsumlar yığışdırıldı ki, ehtiyac yarandığı təqdirdə i92 markalı benzini də müvəqqəti olaraq xaricdən gətirək. Görünür artıq anbarlardakı yanacaq tükənmək üzrədir deyə bu cür hal yaşanır. Üstəlik hazırda taxıl biçini mövsümüdür və bildiyiniz kimi kənt təsərrüfatı texnikaları dizel yanacağı ilə işləyir. Bu isə dizelə olan tələbatı daha da artırıb. Sözügedən səbəbdən də çatışmazlığın yaranması mümükün ola bilər. Əgər daxili tələbatı ödəməkdə çətinlik yaransa, o zaman dövlət hər cür güzəştlər tətbiq etməlidir ki, dizel yanacağının qiyməti artmasın. Rüsumların ləğvi qiymət artımının qarşısını alacaq. Amma sözügedən yanacağın qiymətinin bahalaşması da gözləniləndir”.
Tarix: 2-07-2022, 13:54