“Azəristiliktəchizat” da qiymətləri qaldırır? - “Tarif Şurasına...” - RƏSMİ
“Azəristiliktəchizat” ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı. Qurumun maliyyə hesabatına əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7% artaraq 98,918 milyon manata çatıb.
Qeyd edək ki, ASC Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.
Qurum mövcud zərəri ödəmək, bu sahədə yaranmış maliyyə problemini aradan qaldırmaq üçün hansı tədbirləri nəzərdə tutur və o cümlədən qiymət artımı nəzərdə tutulurmu? “Azəristiliktəchizat” ASC mətbuat xidmətinin rəhbəri Elvin Basqallı
Cebhe.info-ya bildirdi ki, qurum Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılıb. Vəzifəsi Bakı şəhərində və regionlarda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir:
“2021-2022-ci il istilik mövsümündə 563 qazanxana istismar olunmaqla 3879 yaşayış binası, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə obyekti və 2052 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilib. 2021-ci ildə istehsalla bağlı ASC-nin xərcləri 59,98 mln manat təşkil edib ki, onunda 32,24 mln manat və ya 53.75% təbbi qaz, 4,53 mln manat və ya 7.5% elektrik enerjisi, 1,61 mln manat və ya 2.68% alınan enerji və su təchizatı xidmətləri, 11,23 mln manat və 18.72% əmək haqqı, 3,29 mln manat və ya 5,5% DSMF-a və vergi ayırmaları, 5,58 mln manat və ya 9.30% amortizasiya xərcləri təşkil edib. Göründüyü kimi, xərclərin 97.45% yalnız enerji resursları, su, amortizasiya və əmək haqqı ilə bağlı xərclər təşkil edir. Digər 1.58 mln manat və ya 2.55% bank xidməti, rəbitə, ezamiyya xərcləri, mühafizə xərci və istehsalat ilə əlaqədar digər xərclər təşkil edir”. E.Basqallının sözlərinə görə, mövcud tariflərlə istilik xidmətlərinin dəyərinin ödəniş səviyyəsi 80% olmaqla Cəmiyyətin gəlirləri 13,04 mln manat təşkil edib:
“Cəmiyyətin xidmət göstərdiyi sahənin sosialyönümlü olmasını nəzərə alaraq dövlət tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin yekunlarına görə yaranan tam zərərin deyil, istifadə edilən enerji daşıyıcıların, xüsusi ilə təbii qazın dəyərinin müəyyən hissəsinin ödənilməsi üçün əlavə olaraq subsidiya ayrılır. 2021-ci ilin yekunlarına dair Cəmiyyətin maliyyə nəticələri 10.37 mln manat zərər təşkil edib. On illiklərlə artan yekunla yığılmış zərər isə 98.91 mln manata çatıb. Bu arada qeyd edək ki, son maliyyə ilinə dair hesabatın tərəfimizdən açıqlanması da bu yöndə şəffaflığın təzahürüdür və istiqamətdə atılmış addımdır.Məhz bu amillər nəzərə alınaraq Prezident İlham Əliyev 29 aprel 2022-ci il tarixində “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində Energetika Nazirliyinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etməli və bu barədə Prezidentə məlumat verməlidir. Sərəncama uyğun olaraq, hazırda Energetika Nazirliyi tərəfindən “Azəristiliktchizat” ASC-də aparılacaq islahatların sürətləndirilməsi ilə əlaqədar beynəlxalq məsləhətçilərin dəvət olunması ilə əlaqədar zəruri tədbirlər görülməkdədir”. Tariflərlə bağlı isə qurumun sözçüsü bildirdi ki, istilik enerjisi tarifi dövlət tərəfindən tənzimlənir:
“Məndə olan məlumata görə, “Azəristiliktəchizat” ASC tərəfindən Tarif Şurasına müraciət olunmayıb”.
Tarix: 5-07-2022, 16:25