İqtisadçı-ekspert: “Azərbaycanda 3 uşaqlı ailə çoxuşaqlı ailə kimi qəbul edilməlidir”


Pensiya yaşı azaldılacaqmı - sosial yığımın geri qaytarılmaması ədalətlidirmi?

Deputat Əli Məsimli pensiya yaşının azaldılması çağırışı edib. O deyib ki, Azərbaycanda pensiya yaşının 65 yaşa çatdırılması düzgün deyil.
Bununla bağlı söyləyib ki, yaşlı insanların daha çox hissəsinin, beynəlxalq praktikada olduğu kimi, 12 il və daha çox müddət pensiya ala bilməsi üçün pensiya yaşının 60 yaşın ətrafında olması  daha məqbul variantdır. Həmçinin qeyd edib ki, bundan sonra qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün saymır, verdikləri təkliflərlə bağlı hökumətin əsaslandırmalarını yetərli hesab etmir.
Əslində bir neçə ay öncə bu məsələ ciddi şəkildə müzakirə olunurdu və iqtidar mənsubları da pensiya yaşının azaldıla biləcəyi haqda danışırdılar. Ancaq məsələ “unuduldu”. Yeni pensiya meyarları açıqlanandan sonra bəlli olub ki, əgər əmək fəaliyyəti dövründə şəxsin sosial yığımı 36 min manata çatmasa, ona pensiya verilməyəcək. Yəni şəxs tutaq ki, hesabına 32 min manat yığıbsa, ona pensiya düşməyəcək. Eyni zamanda ömrü boyu pensiyası üçün topladığı 32 min manat da geri qaytarılmayacaq.
Bu ədalətlidirmi? Şəxsin yığdığı pul onun maaşından qocalığı üçün saxlanılıbsa, onun taleyi niyə belə olmalıdır? Olmazmı vətəndaş elə yığdığı sosial vəsaitə uyğun pensiya alsın?

İqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirdi ki, 2010-cu ildən Azərbaycanda pensiya yaşı davamlı olaraq artırılır, lakin təəssüf ki, orta yaş həddinə uyğunlaşdırılma istiqamətində ortaya ciddi mövqe qoyulmur: “Azərbaycanda pensiya yaşının artırılması əhalinin ahıllıq dövründə sosial rifahının daha da yaxşılaşdırılmasından daha çox, dövlət büdcəsinin xərclərinin azaldılması, DSMF-nin xərcləri və gəlirləri arasındakı fərqin azadılması və ya tam aradan qaldırılmasına xidmət edir. Pensiya yaşının müəyyənləşdirilməsində orta yaş həddi çox vacib elementdir. Eyni zamanda əhalinin sağlamlığı, əmək qabiliyyəti, əmək bazarında tələb və təklif də önəmli parametrlərdir. Azərbaycanda bu parametrlər ciddi dərəcədə aşılmaqdadır.
2006-cı ildə hökumət gözlənilən pensiya dövrü indikatorunu təsdiqlədi. İddia olunurdu ki, vətəndaşa 12 il 144 ay pensiya verilir. O zaman pensiya yaşı kişilər üçün 57-58, qadınlar üçün isə 53-54 idi. Sonrakı dövrdə yaş həddi davamlı olaraq artırıldı, amma gözlənilən yaş həddi pensiya dövrünə düzəliş edilmir.
Bu gün pensiyaya çıxanlar 50-ci illərdə dünyaya gələnlərdir, gözlənilən yaş həddi isə maksimum 71 ildir. Hətta 80-ci illərdə doğulanlar üçün 65-66-dır. Bunların heç biri nəzərə alınmayıb. Bundan sonra 40 il pensiya hüququ formalaşan insanlarda gözlənilən orta yaş həddi təxminən 70-71-dir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan vətəndaş 26 il pensiya alır. Bu, vətəndaşın aylıq pensiya məbləğini müəyyən edən əsas indikatordur, yəni kapitalda toplanan pul gözlənilən pensiya dövrü-144-ə bölünür. Nəticədə alınan rəqəmə görə pensiya müəyyən edilir. Hesabla, 72-yə bölünəndə aylıq pensiya iki dəfə artıq olmalıdır. Dünya təcrübəsində gözlənilən pensiya dövrü 13-14 ildir, Azərbaycanda isə 6 il. MDB-də ən aşağı göstərici bizdədir".
R.Həsənovun fikrincə, Azərbaycanda optimal pensiya yaşı 60-dır. Eyni zamanda uşaq yaşına görə pensiya yaşı yenidən azaldılmalıdır. Ekspert təklif edir ki, 3 uşaqlı ailə çoxuşaqlı ailə kimi qəbul edilməlidir.
Tarix: 9-07-2022, 10:02
Xəbəri paylaş





Xəbər lenti