"Kərəm Həsənovun qohumu olan polis rəisi şöbədən evinə qanunsuz qaz xətti çəkib"


"Kərəm Həsənovun qohumu olan polis rəisi şöbədən evinə qanunsuz qaz xətti çəkib"Kərəm Həsənov

Ağsu sakini Rəşad Əliyev rayon polis şöbəsinin rəhbərliyindən şikayətçidir. Deyir ki, Ağsuda polis özbaşınalığı dözülməz həddə çatıb.

Bizimyol.info xəbər verir ki, Rəşad Əliyev Ağsu rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov və onun müavini Vüsal Əliyevdən Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət edib. Əvvəlki şikayətlərinin hərtərəfli araşdırılmadığını deyən Rəşad Əliyev hesab edir ki, cəzasızlıq mühiti Ağsu sakinlərinə qarşı yeni özbaşınalıqlara rəvac verir.
“Ağsuda adamların əksəriyyəti maddi baxımdan yaxşı vəziyyətdə deyil, bir parça çörək üçün nə əziyyətlər çəkir. Üstəlik, bunların özbaşınalığından lap cana doymuşuq. Aprelin 21-də maşında oturduğum yerdə polislər məni saxlayıb, şöbəyə apardılar ki, guya qanunsuz küçə ticarəti ilə məşğulam. Nə qədər dedim ki, heç nə satmıram, heç maşından düşməmişəm, xeyri olmadı. Məndən “haqq” tələb elədilər. Şöbədə cavab verdim, sinəmdən yumruqla vurdular ki, “səsini aşağı sal”. Mən anadangəlmə epilepsiya xəstəsiyəm. İkinci qrup əliləm. Məni vuran şəxsə də bunu dedim. Vecinə olmadı. Göstəriş verdi ki, aparıb məni dəmir barmaqlığa salsınlar”,- Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, sinəsindən vuran, üstünə qışqıran şəxsin rəis müavini Vüsal Əliyev olduğunu sonradan bilib. Axşam saat 21.30 radələrinə qədər polis şöbəsində kamerada saxlanan rayon sakini bildirib ki, sonra onu çağırıb bir sənədə qol çəkdiriblər: “Bildirdim ki, məktəb oxumamışam deyə, orada nə yazıldığını bilmirəm. Dedilər ki, guya şöbəyə nə vaxt gətirilməyim və nə vaxt buraxılmağım barədədir. İnanıb qol çəkdim. Sonra bilmişəm ki, protokol imiş, mənə cərimə yazıblar. Evə buraxılıb gələndən sonra bilmişəm ki, mənə qanunsuz cərimə yazılması bir yana, üstəlik, yaxınlarımdan da rəis müavini 500 manat pul alıb”.
Rəşad Əliyev gileylənir ki, bu hadisədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də daxil, ən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətləri səmərəli araşdırılmadı, tədbir görülmədi.
Onun sözlərinə görə, Ağsu rayon Polis Şöbəsinin rəhbərliyinin davranışları nəinki sadə vətəndaşlarda, hətta rayondakı ayrı-ayrı idarə və təşkilat rəhbərlərində də qıcıq yaradır, onlar arasındakı münasibətlər pozulur: “Bir müddət əvvəl “Azərsu”nun Ağsu şöbəsinə yeni rəis təyin edilib. Həmin rəis – Elçin Muxtarov işə çıxandan sonra MERO-da işlənən suya görə rəisdən su pulunu ödənilməsi tələb olunub. Həmçinin rəis müavini Vüsal Əliyevin də evindəki su sərfiyyatına görə ödəniş istənilib. Dərhal su idarəsinin rəisinin maşınını saxlayıb cərimə meydançasına aparıblar. Sonra da, deyilənə görə, pul alıb buraxıblar. Polis rəisi “Azərsu”nun yerli şöbə rəisinə deyib ki, bundan sonra sənə su pulu ödənilməyəcək”.
Rəşad Əliyev iddia edir ki, polis rəisinin yaşadığı evdə istifadə edilən kommunal xidmətlərə görə də ödəniş olunmur. Onun sözlərinə görə, Fəxrəddin Abbasovun evinə qanunsuz qaz xətti çəkilib: “Rəis Fəxrəddin Abbasov düz şöbənin binasının yanındakı binada yaşayır. Bu evdə əvvəllər keçmiş polis rəisi Zülfü Babayev yaşayırdı. Fəxrəddin Abbasov 5 ildir rayonda rəisdir, bu günə kimi həmin evdə istifadə etdiyi işıq, su, qaza görə pul ödəmir. Ona görə yox ki, pulu çatmır. Xeyr, sadəcə, ürəyi belə istəyir. Polislər özləri də çox yerdə bunu danışırlar ki, Fəxrəddin Abbasov şöbəyə gələn qaz xəttindən o evə qaz borusu çəkdirib. Yəni evində istifadə etdiyi qazın pulunu dövlətin şöbə üçün ayırdığı puldan verir”.
Ağsu sakini əlavə edib ki, bugünlərdə rayon icra hakimiyyətində də polis rəisi ilə bağlı qalmaqal olub. Onun sözlərinə görə, polislər icra hakimiyyətinə daxil olaraq, əməkdaşlardan birini tutub, şöbəyə aparıblar: “Ondan pul tələb ediblər. Buna görə də yeni təyin edilən icra başçısı Rövşən Bağırovla polis rəisi Fəxrəddin Abbasov arasında mübahisə düşüb”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Rəşad Əliyev Ağsu rayonunda polis əməkdaşlarının keçirdiyi nəzarət-profilaktik tədbirlər zamanı qanunsuz küçə ticarətilə məşğul olduğuna görə saxlanılıb: “Ona izah edilib ki, icazə verilməyən yerdə ticarətlə məşğul olur. Lakin həmin şəxs polis şöbəsində səs-küy salıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (qanunsuz küçə ticarəti) maddəsilə protokol tərtib olunub.
Qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Çünki müəyyən edilməyən yerlərdə, səkilərdə ticarətlə məşğul olmaq piyadaların, eləcə də digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olur”.
Ağsu rayon Polis Şöbəsində Rəşad Əliyevə qarşı pis rəftar, onun döyülməsi, yaxınlarından rüşvət alınması haqda deyilənləri isə DİN-in regional qrupu təkzib edib.
“Azərsu”nun yerli şöbəsinin rəhbərinin xidməti avtomobilinin qərəzli şəkildə cərimə meydançasına salınması haqda iddialar da təkzib olunub: “İyunun 23-də həmin avtomobilin sürücüsü onu sərxoş vəziyyətdə idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtomobil müvəqqəti duracağa yerləşdirilib. Sürücü barəsində protokol tərtib olunub”.
Polis şöbəsinin rəhbərliyinin kommunal xərcləri ödəməməsinə gəlincə, DİN-in regional qrupundan verilən cavabda deyilir ki, rəis və rəis müavininin yaşadıqları evlərdə smart-kart tipli sayğaclar quraşdırılıb: “Həmin sayğac kartlarına abonent ödəniş etməsə, kommunal xidmətlərdən istifadə etməsi mümkünsüzdür”.
İcra hakimiyyətinin əməkdaşının hansı səbəbdən polis şöbəsinə aparılması haqda suala cavabda isə bildirilib ki, o, saxta pul şübhəsiylə əlaqədar dindirilib: “Marketlərdən birinin əməkdaşı polis şöbəsinə müraciət edərək işlədiyi mağazada tanımadığı bir nəfərin ona saxta pul verdiyini bildirib. Həmin müraciətlə əlaqədar icra hakimiyyətinin əməkdaşı şöbəyə dəvət olunub və ifadəsi alınıb. Aparılan araşdırma zamanı fakt öz təsdiqini tapmayıb. Satıcı, əskinasın zədələnmiş vəziyyətdə olduğunu görərək, onun saxta olduğunu zənn etsə də, araşdırmanın nəticəsinə əsasən, əslində, onun saxta olmadığı müəyyən edilib”.
Ağsu rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov da, onun müavini Vüsal Əliyev də Cəlilabad rayonundandır. Məlumata görə, polis rəisi Prezidentin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısının həyat yoldaşıdır.
Tarix: 9-07-2022, 22:35
Xəbəri paylaş





Xəbər lenti