Sabiq deputat “Azərbaycan Dəmir Yolları”nı tənqid etdi: “Hansısa qara qüvvə...”
“Yayın hay-hayı gedib, vay-vayı qalandan sonra “Azərbaycan Dəmir Yolları” Bakı-Gəncə-Bakı sürət qatarının boş gedib-gəlməsindən bezib bilet qiymətini 5 manat endirib. Yəni 20 oldu 15 manat (Amma 10 manat artırmışdılar). Bunu da hər yerdə reklam edirlər...” Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.
“Bu qəbildən olan elanı oxuyub sonuna çatanda diksindim. Əvvəl elə bildim ki, keçən ildən qalma elandı. Çünki xəbərin sonunda deyilirdi ki, “bilet satışı zamanı 18 yaşdan yuxarı sərnişinlərdən peyvənd, əks-göstəriş, immunitet sertifikatları tələb olunur”. Nə az, nə çox, düz 3 sertifikat. Və bunun da haradasa xortlayıb yenidən peyda olmuş Operativ Qərərgahın tələbi ilə edildiyi bildirilir. Bu nə biabırçılıqdır! Siz bu millətlə məzələnirsinizmi? Nə sertifikat? İndiyə sertifikat qalar? Hamı çoxdan cırıb tullayıb onu. Bir də ki, bu sertifikat dünənə qədər niyə yadınıza düşmürdü, indi 5 manat endirim edən kimi yadınıza düşdü? Nə vaxta qədər hər yeni gələn, gedənin atasına rəhmət oxutduracaq? Sanki içəridən hansısa qara qüvvə hər gün ölkə vətəndaşlarını iqtidardan narazı salmaq üçün addım atır. Bu məmləkətdə nə baş verir anlamıram” – E.Hüseynov qeyd edib.
Tarix: 10-07-2022, 15:40