Ötən həftə Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Elvin Cəfərov vəfat edib. Xatırladaq ki, Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfəov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. Elvin Cəfərovun 2 azyaşlı oğlu var. O, müharibədə “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər. Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb.
Məlumat üçün bildirək ki, indiyədək sayca 36-ci qazidir ki, inthar edir. Sosial media və ictimai rəyin formalaşadığı ölkə mühiti qazinin ölümündə icra başçısını ittiham edib. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki,icra başçısı E.Cəfərova həssas yanaşmalı və ən azından onu dinləməli idi. Dia.az-ın məlumatına görə, qazilərin oddan alovdan keçdiyini və həsas təbəqə olduğunu deyən "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev "Sherg.az"a bildirib ki, məmurlar qazilərlə işləməyi bacarmır:
"Əgər hansısa qazi dövlət orqanlarının qəbuluna gedirsə, onunla həssaslıqla danışmalıdırlar. Əgər özləri bacarmırlarsa o zaman ekspert çağırmaq lazımdır.
Ümumiyyətlə isə, əlillər haqqında qanuna kökündən dəyişiklik edilməlidir. Qazilərlə işləmək üçün komitə yaradılmalıdır.Bu komitədə həm dövlət strukturlarından, həm də qeyri hökumət təşkilatlarından nümayəndələr olmalı və onların iştirakı ilə qazilərin problemləri həll edilməlidir.
Qazilərimiz müharibə də o qədər vəhşət ölüm və.s görüb ki, bu da onlarda psixoloji vəziyyətin gərgin olmasına səbəb olur. Ümumiyyətlə, isə bu hadisə ilk deyil. Artıq 36 nəfərə yaxın qazi intihara cəhd edib.
Bunun səbəbi odur ki,vaxtında birinci, ikinci hadisələr zamanı kimlərsə cəzalansaydı, indi bu hallar da baş verməzdi. Ortada cəza tədbiri yoxdur deyə,qazilər son çıxış yolu kimi intihara əl atırlar. Qaziləri bu həddə çatıranlar qanun qarşısında cavab verməlidir. Rayon icra hakimiyyətlərində cənab prezidentin göstərişiylə qazilər və şəhid ailələrilə işləmək üçün şöbələr yaradıldı. Bir neçə rayonu çıxmaq şərti ilə bu şöbələrin rəhbərləri icra başçılarının öz adamlarıdır və yalnız "Amin" deməklə məşğuldurlar.
DOST Mərkəzləri isə yalnız əlaqələndirməklə məşğuldur və yalnız yönlədirirlər. Ona görə də, kömitə yaradılmalıdır və əl-ələ verib bu promlemləri həll etməliyik".