Sahil Babayevin nazirliyi 7 aydır Qarabağ əlillərinin pulunu ödəmir - Prezident fərman verib...
Otuz ildir azərbaycanlıların çiynində Qarabağ yükü, qəlblərində Qarabağ dərdi vardı.
Nəhayət, xalq olaraq, altında əzildiyimiz yükü yerə qoyub xilas ola bildik. Həm biz xilas olduq, həm Qarabağ. Lakin Qarabağın azad olunmasında iştirak edən ayrı-ayrı şəxslərin bu dərddən xilas olmasını mümkünsüzə çeviriblər. Qarabağ yarasını 30 ildir bütünlüklə hiss edən, həyatının hər mərhələsində özü ilə daşıyan I Qarabağ müharibəsi əlillərinə ölkə başçısının fərmanı ilə təyin edin birdəfəlik sığorta pulunun verilməsi problemə çevrilib. Ölkə başçısı hər iki Qarabağ müharibəsinin iştirakçılarının, torpaq uğrunda canından keçənlərin ailələrinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, işlə, evlə təmin olunması üçün bir sıra sərəncam və fərmanlar imzalasa da, hələ də problemləri davam edən qazilər, müharibə əlilləri var.
Bildiyiniz kimi, ötən il dekabrın 23-də ölkə başçısı I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.
Sənədə əsasən, aidyyəti qurumlar birdəfəlik ödəmə veriləcək şəxslərin siyahısını müəyyən etmək məqsədilə müvafiq məlumatları iki ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməli idilər. Fərmanın imzalanmasından 7 aya yaxın müddət keçib. Amma hələ də l Qarabağ müharibəsi əlilləri onlar üçün müəyyən olunan sığorta pulunu ala bilməyiblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən birdəfəlik ödəmənin 17-20 min şəxsi əhatə edəcəyini və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrıldığını bildiriblər. Nazirlik 30 ildir Qarabağ müharibəsinin mənəvi və fiziki ağrılarını canında daşıyan və susan 20 min yaralı insanın, onların ailəsinin yarasına aylardır məlhəm ola bilmir. Ölkənin çətin zamanlarında əlinə silah alıb, torpağı uğrunda döyüşən, müharibənin “sürprizi” nəticəsində sağ qalanlar Qarabağ nisgili ilə susmuşdular. Böyük Qələbədən sonra onların da əməyi qiymətləndirildi, ölkə başçısı bunun üçün fərman imzaladı. Fərmanda siyahının tərtibi üçün 2 ay müddət qoyulsa da, ötən ilin sonundan nazirlik həmin şəxslərin siyahısını hazırlayıb, onların şəxsiyyətini müəyyən edə bilməyib.
Müəyyən etdiklərinə belə hələ heç bir məbləğ ödənilməyib. Yanvarın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydası layihəsinin hazırlanıb yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcəyi haqqında məlumat yaymışdı. Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişin iyul ayında verilməsinin nəzərdə tutulduğu haqqında məlumat vermişdi. Nazir Sahil Babayev də iyun ayında işlərin yekunlaşacağını bildirmişdi. Bir sözlə, nazirlik rəsmiləri ilin əvvəlində birdəfəlik ödənişin veriləcəyi konkret tarix yerinə müəyyən ay adları çəkirdilər.
Həmin ayları bir-bir yola saldıqca isə “yaxın günlərdə” deyib təkrarlayırlar. O günün nə qədər yaxın olduğunu heç kim bilmir.
Üstəlik, yanvarda göstərilən inflyasiya göstərici, qiymət artımı ilə indiki rəqəmlər eyni deyil. Statistika Komitəsinin yaydığı məlumata görə, yanvarda ölkədə inflyasiya 12,5%, hazırda isə 13%-ə yaxınlaşır. Ərzaq, qeyri-ərzaq məhsullarının qiymətləri də ilin əvvəlindən xeyli bahalaşıb.
Bir sözlə, fərmanda göstərilən müddətdə sığorta pulu verilmədikdə, həmin pul öz dəyərini itirmiş hesab olunur.
II Qarabağ müharibəsi qazilərinin Rayon İcra Hakimiyyəti başçılarından şikayətçi olduğu, özünə qəsd etdiyi zamanda vətən üçün vuruşan, sağlamlıqlarından keçən insanların problemlərinə səthi yanaşmaq, asan işini çətinə salmaq kimin işinə yarayar?
Nazirlik niyə Qarabağ yarası ilə yaşayan insanların yarasının sağalmasına yox, alın yazısı kimi daşımasına xidmət edir. DİA.AZ xəbər verir ki, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasına məsələnin biganəlikdən uzadıldığını deyib:
“Əslinə qalsa, fərman imzalandığı gündən qüvvəyə minir. Onu çoxdan həll eləməli idilər. Sadəcə, məsələni uzadırlar. Bunun özü də məmurların növbəti biganəliyi və özbaşınalığıdır. Prezident fərman imzalayıb, o fərmandan irəli gələn məsələlər icra olunmalıdır. Mütləq insanlar qapı-qapı gəzməlidirlər, yayın günündə hansısa məmurun, hansısa nazirliyin qapısına gəlməlidirlər?!
Axı o məmurların özündə də bir balaca vicdan olmalıdır. Son günlər baş verən qazi intiharları, problemləri, intihara cəhdlər boş yerdən olmur. Bunlar hamısı idarəetmədə olan zəiflikdən irəli gəlir. Öz vəzifə borcunu yerinə yetirməli olanlar yerinə yetirmirlər. Onlar dərhal vəzifələrindən kənarlaşdırılmalıdırlar”.
Polkovnik bu cür münasibətə təəssüfləndiyini bildirib:
“Bir ilə yaxındır fərman verilib. Əslində, 180 günə bu məsələ öz həllini tapmalıdır. Hamının bütün məlumatları vahid sistemdə toplanıb. Sadəcə, bir balaca təpər, vicdan lazımdır ki, bu işi görsünlər. Onu da mən görmürəm. Mətbuat və biz bu məsələlərə toxunmasaq, heç bu məsələni yerinə yetirməzlər. Niyə belə olmalıdır? İdarəetmədə boşluqlar var.
Bu boşluqlar da məmurların harınlaşmasından, cəzasızlıqdan doğur. Sığorta pulu həmin insanlara elə-belə verilmir ki... Onların doğmaları, əzizləri vətən borcunu yerinə yetirərkən sağlamlıqlarını itiriblər, kimi həyatını itirib, kimi itkin düşüb. O pul bunun üçündür. Təəssüflər olsun ki, siz yazırsınız, biz deyirik, amma bunu eşidən azdır. Mən belə münasibətə üzülürəm, bu, belə olmamalıdır. Azərbaycan hökumətini idarə edənlər həm də kənardan bizə baxıldığını bilməlidirlər. Ermənistan faktiki olaraq bizim problemlərə sevinir. Qalib ölkənin problemlərinə gülürlər. Baxın, öz məmurlarımız dövlət, xalq olaraq bizi necə pis vəziyyətə qoyub. Sığorta pulunun veriləcəyi adamların sayını niyə təxmini deməlidilər, axı indi o dövr deyil. İndi hər kəs haqqında konkret məlumatlar bütün nazirliklərdə var. Hesab edirəm ki, bu məsələni nə qədər tez həll eləsələr, bir o qədər yaxşıdır”.