“30-40 ilin şam ağacları niyə məhv olub getməlidir ki?” - Fotolar


“30-40 ilin şam ağacları niyə məhv olub getməlidir ki?”“Bura hazır parkdır. Xərc çəkib ağac əkmək lazım deyil, 30-40 ilin şam ağacları var. Sadəcə qulluq lazımdır, amma baxan yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayon sakinləri müraciət edib. Sakinlər bildirirlər ki, Yasamal rayonu, Bakı dairəvi yolunun kənarında yerləşən yaşıllıq zolağı baxımsızlıqdan tamamilə məhv olub gedir: “Bu park 80-90-cı illərdə salınıb. Baxırsan ki, hazır parkdır. MİDA-nın sosial evlərini tikəndə buranı yenidən park edəcəklərini desələr də, heç bir iş görülmədi. Hazırda Bakıda ağac əkib, bitirə bilməyən aidiyyəti qurumlar hazır yaşıllığı da qorumurlar. Bu ağacların dili olsa bizlərə deyər ki, “mən sizə oksigen verirəm, sizsə mənə bir damcı su vermirsiz” Sonradan bu əraziyə yol çəkiləndə gətirib ağaclar əkdilər. Onlar heç bitmir. Amma bunlar 30-40 ilin hazır şam ağaclarıdır. Niyə məhv olub getməlidir ki?”.

Sakinlər onu da deyirlər ki, bu ərazi bir neçə dəfə təmizlənib: “Son zamanlar bir neçə dəfə Mənzil Kommunal İdarəsi tərəfindən bu ərazi təmizlənib. Hətta neçə maşınlarla zibil daşınıb. Amma park baxımsızdır və suvarılmır. Gecə ilə gətirib zibil atırlar”. 
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, həmin ərazi özəl təşkilata məxsus yerdir: “Buna baxmayaraq, biz mütəmadi olaraq orada iməcilik işləri təşkil edirik və ərazi təmizlənir. Hazırda buranın suvarılmaya ehtiyacı var. Bu əraziyə böyük su xətti çəkilməlidir. Çünki orada su təchizatı yoxdur”. 

Şikayətlə bağlı Yasamal Rayonu, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hazırda ərazi ilə bağlı məsələ qaldırılıb: “Əraziyə baxış keçirilib. Suvarma işləri aparılmalıdır. Bunun üçün də su xətti çəkilməlidir. Məsələni qaldırmışıq və bununla bağlı müraciət də etmişik. Yaxın günlərdə problem öz həllini tapacaq. Hazırda isə orada iməcilik işləri edilir”. 
Lamiyə Məmmədova





 
 
Tarix: 14-07-2022, 23:35
Xəbəri paylaş





Xəbər lenti