Göygöl Kardiorevmotoloji Sanatoriyası ətrafında QALMAQAL böyüyür - Komitədən CAVAB
Göygölün məşhur Kardiorevmotoloji Sanatoriyasının hərrac yolu ilə satıldığını xəbər vermişdik. Sanatoriyanın baş həkimi və rəhbəri Kamil Hüseynovun iddiasına görə sanatoriya Əmlak Məsələləri Dövlət Komitəsinin rəis müavini Elçin Yusubovun tapşırığı ilə saxta imzalarla hərraca çıxarılıb və 2020-ci il noyabrın 7-də Asim Şahpələng oğlu Ağaliyev adlı şəxsə 267 min manata satılıb.
Buna etiraz edən Kamil Hüseynov Göyçay Rayon Məhkəməsində iddia qaldırıb və hərracın ləğv edilməsini tələb edib. O, dövlət qurumunun ölkə başçısının 2016-cı ildəki 1003-cü fərmanının 4.2 bəndinə zidd addım atıldığını bildirib.
Qeyd edək ki, Gəncə İnzibati Məhkəməsi iyunun 2-də hərracın ləğv edilməsi ilə bağlı yekun qərar çıxarıb və protokolu etibarsız hesab edib. Məhkəmə prosesi isə yekunlaşmayıb. Qarşı tərəfin növbəti dəfə iddia qaldırılacağı deyilir.
DİA.AZ-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyində Göygöl Kardiorevmatoloji Sanatoriyası “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Prezidentin 19 iyul 2016-cı il tarixli, 1003 nömrəli Fərmanı ilə özəlləşdirilməyə açıq elan olunub:
“Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 21.09.2018-ci il tarixli, 242 nömrəli sərəncamı ilə Göygöl Kardiorevmatoloji Sanatoriyasının hərraca çıxarılması və özəlləşdirilməsi barədə qərar qəbul edilib və bu barədə məlumat “Özəlləşdirmə portalı” (privatization.az) və Xidmətin rəsmi saytında (emlak.gov.az) yerləşdirilib.
Bundan əlavə, 27 avqust 2020-ci il tarixində əmək kollektivi bu barədə tam məlumatlandırılıb. Bununla bağlı bütün zəruri sənədlər müəssisə rəhbəri Kamil Hüseynov və baş mühasibin öz imzaları ilə təsdiq edilib”.
Komitədən qeyd olunub ki, sanatoriyanın və onun yerləşdiyi torpaq sahəsinin ilkin start qiyməti 500.000 manat müəyyən edilib, qanunvericiliyə uyğun olaraq, əmlakın dəyərinin 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilib, qalan 85%-lik hissə isə torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb və bu barədə əmək kollektivinə müvafiq bildiriş göndərilib:
“Lakin əmək kollektivi güzəştli satışda iştirak etmək hüququndan istifadə etməyib və obyekt ikinci dəfə 100% dəyəri ilə, yəni 500.000 manat dəyərlə hərraca çıxarılıb, lakin sifarişçi olmadığından satılmayıb.
“Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 4.6-cı bəndinə əsasən, dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır.
Bildiririk ki, Göygöl Kardiorevmatoloji Sanatoriyası 12 dəfə hərraca çıxarılıb, lakin sifarişçi olmadığından satılmayıb və 17 noyabr 2020-ci il tarixdə keçirilmiş rəqabətli 13-cü hərracda qanunvericiliyə uyğun olaraq 267.500 manata özəlləşdirilib.
Əlavə olaraq bildiririk ki, Kamil Hüseynov tərəfindən Göygöldə yerləşən Kardiorevmotoloji Sanatoriyanın özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamının və digər sənədlərin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilib və qeyd edilən mübahisə üzrə məhkəmə icraatı hazırda davam edir”.
Əmlak Komitəsindən qurumun növbəti dəfə məhkəmə iddiası qaldırıb-qaldırmayacağı ilə bağlı sorğumuza münasibət bildirilməyib. Sadəcə qeyd olunub ki, məhkəmə prosesləri tam yekunlaşdıqdan sonra münasibət bildirəcəklər.
Sanatoriyanın yeni sahibi Asim Ağalıyev isə saytımıza açıqlamasında hər şeyin qanun çərçivəsində baş tutduğunu qeyd edib:
“Heç bir qanuna zidd addım ola bilməz. Dövlətin hərraca çıxardığı əmlakdır. Mən də vətəndaş kimi hərracda iştirak etmişəm və qalib gəlmişəm. Məhkəmə gedir. Gəlin nəticəni gözləyək”, deyə Asim Ağalıyev əlavə edib.
Gedən proseslərə cavab olaraq sanatoriyanın baş həkimi Kamil Hüseynov təkrar bildirib ki, kollektivin bu səndləşmədən heç bir xəbəri olmayıb:
“Əmlak Komitəsi imzaları saxtalaşdırmaqla prosesi icra edib. Gizli şəkildə onlayn hərrac kçirib, hərracda tərəfimizdən heç kəs iştirak etməyib. Sonuncu hərrac 44 günlük müharibənin ağırlığını yaşadığımız bir vaxtda, həm də pandemiya şəraitində həyata keçirilib. Vəziyyətdən istifadə edərək sanatoriyanı qanunsuz şəkildə ələ keçirmək istəyirlər.
Kollektivimiz adından məhkəməyə müraciət etmişik, bəli, indi proses gedir. Əgər qanun çərçivəsində məsələ həll edilməsə, ən yüksək instansiyalardan tutmuş, Cənab Prezidentə qədər müraciət edəcəyik.
Hazırda sanatoriyamızda onlarla qazimiz reablitasiya olunur, müalicə alır, belə bir şəraitdə dövlət müəssisənin hansısa işbazların əlinə keçməsinə imkan verməyəcəyik”.
Araşdırmamaız davam edir. Növbəti yazımızda hərrac prosesində qanun pozuntuları haqqında yazacağıq.