Hökumətdə qaz və işıq müzakirəsi başlayıb? - “Maaş və pensiya artırılmır, əvəzində…”


Hökumətdə qaz və işıq müzakirəsi başlayıb? - “Maaş və pensiya artırılmır, əvəzində…”



Milli Məclisin son iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul edilib. 
Lakin əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı heç bir dəyişiklik nəzərə alınmayıb. Vətəndaşlar bu istiqamətdə yeni təqdimatın olacağını gözləsələr də, bu baş verməyib. 
Mövcud inflyasiya, bahalıq şəraitində əməkhaqları və pensiya artırılmadığı təqdirdə hansı alternativ dəstək tədbirləri həyata keçirilə bilər? 
İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, əslində əməkhaqları və pensiyaları, ümumiyyətlə, sosial müavinətləri də müəyyən həddə qədər artırmaq olar: 

“Ancaq təəssüf ki, bu mümkün deyil. Çünki Azərbaycan qanunvericiliyi minimum əməkhaqlarının artırılmasına ildə bir dəfə imkan verir. Sonuncu əlavə və dəyişikliklərdən görünür ki, əməkhaqları və pensiyalar artırılmadı. Məhz bu konteksdən çıxış edərək, əgər bu nəzərdə tutulmadısa, yəni artırılmadısa, yaxşı olardı ki, müəyyən inflyasiya səviyyəsinə qədər, 20-30 faiz civarında minimum əməkhaqqı, pensiya məbləği artırılsın. Yəni ölkədə ən azı 30 faiz inflyasiyanın ziyanını qarşılamaq üçün vətəndaşlara dəstək ola bilərdi. Təbii ki, müəyyən həddə qədər artırılmanın tərəfdarıyıq. Kəskin şəkildə artırılma dövriyyədə pul kütləsinin çoxalmasına və qiymətlərin bahalaşmasına, nəticədə inflyasiyaya səbəb ola bilər. Bu baxımdan Azərbaycanın milli sərvətimiz olan, kənardan idxal etmədiyimiz, neft, qaz vasitəilə əhalinin kommunal xərclərini yüngülləşdirmək olardı”.
Ekspert bildirib ki,  bu, Azərbaycan üçün heç bir problem yaratmazdı: 
“Məsələn, elektrik, qaz, ümumiyyətlə, bütün kommunal xidmətlər üzrə tarifləri azaltmaq mümkün idi. Bu, əlbəttə ki, yalnız vətəndaşlar üçün deyil, kiçik və orta sahibkarlığa postpandemiya dövrünə daha yaxşı təsir edə bilərdi. Bu, nə inflyasiyaya səbəb olar, nə də dövlətin gəlirlərinə ciddi təsir göstərərdi, əksinə daha düzgün addım olardı. Təəssüf ki, hökumət buna getmir və ilin yarısı arxada qalıb. Böyük ehtimalla hökumət addım atmayacaq və bu istiqamətdə hər hansı təşəbbüs ortada deyil. Bu baxımdan əgər hökumət qərar versəydi, yerində verilmiş qərar olardı. Təəssüf ki, bu istiqamətdə nə müvafiq qurumlar tərəfindən təkliflər var, nə də müzakirələr aparılır”. 
Tarix: 15-07-2022, 16:36
Xəbəri paylaş





Xəbər lenti