Şəmkir rayonu ərazisində fəaliyyət göstərən “Azfarel” MMC-dən balıq almaq üçün 7200 manat ödədim. Müəssisə bunun qarşılığında mənə 500 kiloqram balıq göndərdi. Lakin mənə gəlib çıxan balıqların hamısı ölü vəziyyətdədir.
Bunu Azinforum.az-a Gədəbəydə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Oqtay Əliyev deyib.
Onun sözlərinə görə, müəssisənin rəhbəri Adil Məmmədov balıqları göndərməzdən əvvəl bildirmişdi ki, hamısı acdır, lakin ölü balıqları yarıb gördük ki, onları yemləyiblər.
“Balıqları yemləyib satırlar ki, çəkidə ağır gəlsin. Nəticədə, bu gün mənə göndərilən balıqların hamısı ölü vəziyyətdədir. “Azfarel”in rəhbəri Adil Məmmədov və onun Şahin adlı işçisi məni aldadıblar, özləri isə qaçıb gizlənib”, – deyə sahibkar qeyd edib.
Qeyd edək ki, “Azfarel” MMC balıq yetirşdirmə və emalı müəssisəsinin rəhbəri Adil Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun oğludur. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 29 aprel 2021-ci tarixdə Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.