Əhali yoxsullaşır: Qiymət artır, maaş “yerində sayır” - BU FAKTDIR!!!


2022-ci ilin iyun ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) may ayı ilə müqayisədə 0,1 faiz azalıb, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 1 faiz azalıb, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 18,4 faiz artıb.

2022-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,5 faiz, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6,7 faiz artıb. 2022-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,7 faiz, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 10,3 faiz artıb.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2022-ci ilin iyun ayında may ayı ilə müqayisədə 0,8 faiz, əvvəlki ilin iyun ayı ilə müqayisədə 10,7 faiz, 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 9,7 faiz artıb.

Qeyd edək ki, Milli Məclisdə son büdcə müzakirəsindən sonra belə yeni sosial paket təqdim edilmədi.

Hazırda ərzaq məhsullarının 18 faizdən çox bahalaşması mövcüd əmək haqları ilə nə dərəcədə uyğundur? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, gəlirlərin sürəti qiymətlərin artım sürəti ilə uyğunlaşmır:

“Yəni nəzərə almaq lazımdır ki, bahalaşma, inflyasiya ailə büdcəsi üçün xərc yükü yaradır. İnsanlar xərcləyir, borclanır, hətta borca görə faiz ödəyir. Müəyyən bir dövr keçəndən sonra hökumət qərar qəbul edir ki, əmək haqları artırılsın. Hökumət qərarla dövlət sektorunda, büdcə təşkilatlarıda çalışanların əmək haqlarını artırdı. Məsələ ondadır ki, bu, əvvəlki dövrlərdə bahalaşamanın yaratdığı yükün kompensasiyası məqsədilə həyata keçirilən tədbir idi. Ondan sonrakı dövrdə, yəni cari ilin əvvəlindən başlayan bahalaşmanın da konpensasiya edilməsi üçün yeni sosial paketlərin açıqlanmasına ehtiyac var idi. Çünki bir çox ölkələrdə bənzər addımlar atılır, indeksləşdirmə yarımillik, rüblük indeqatorlar əsasında aparılmağa başlayıb. Ölkəmizdə isə büdcəyə baxıldı və məlum oldu ki, nə ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət, nə də əmək haqlarında büdcədən əlavə ayırmalar nəzərdə tutulacaq”.

Eksert bildirib ki, özəl sektorda vəziyyət daha pisdir:

“Çünki özəl sektor, xüsusilə də pandemiyadan sonra mənfəət norması aşağı düşüb, yığılıb qalan maliyyə yükü, borclar, öhdəliklər var. Buna görə də özəl sektor artımlara gedə bimir. Bu gün əhalinin gəlirlərinin artım tempi 20 faiz ətrafındadır. Ancaq bu, daha çox uçotla əlaqədar məsələdir və leqallaşma istiqamətində görülən işlərin nəticəsidir. Reallıqda isə vəziyyət qiymət artımları ilə uzlaşmır. Bu proses eyni zamanda davamlıdır. Nəzərə almaq lazımdır ki, 1, 2 ay deyil, mövsüm məhsullarında belə qiymətlərdə gözlənilən ucuzlaşma baş vermədi. Bu gün əksər mövsüm məhsullarının qiymətləri orta statistik Azərbaycan ailəsi üçün əlçatan deyil. Buna görə də faktiki olaraq gəlirlərin artım tempi ilə müqayisədə xərclər, qiymətlər daha sürətlə artır. Bu da yoxsullaşma riskini daha da artırır”.
Tarix: 18-07-2022, 23:28
Xəbəri paylaş





Xəbər lenti