“Suyu kəsir, adamları incidir, istədiyi vaxt pul alıb suyu başqa küçələrə verir, yüzə yaxın ailə susuzluqdan əziyyət çəkir”.
Gəncənin Sadıllı qəsəbəsinin 10 və 11-ci küçələrində yaşayan sakinlər yay gələndən suya həsrət qalıblar. Siam.az xəbər verir ki, onar bu barədə Meydan TV-yə danışıblar.
“Pul alıb, başqa küçələrə xətt çəkməyə başladı”
11-ci küçədə yaşayan Alim Heydərov deyir, təxminən 28 il əvvəl 10, 11 və 12-ci küçələrdə yaşayan sakinlər susuzluq problemini həll etmək üçün yığışaraq öz vəsaitləri hesabına artezian quyusu qazdırıblar. Quyuya nəzarəti də 12-ci küçədə yaşayan Maarif Rzayevə həvalə ediblər. Ancaq son illər Maarif Rzayev məhəllələri susuz qoyub:
“Quyuya nəzarəti bir nəfərə tapşırmaq lazım idi. Biz də Maarifi seçdik. Əvvəlki illərdə hər şey qaydasında gedirdi. Ancaq sonradan Maarif aidiyyəti olmayan küçələrdəki evlərdən pul alıb, quyudan xətt çəkmələrinə imkan yaratdı. Bir sözlə, dedi, quyu mənimdir, özüm bilərəm. Bu özbaşınalığı az imiş, indi də özümüzü susuz qoyub”.
“Pulu alıb qoyur cibinə, qəbz də vermir”
Sakinin sözlərinə görə, məhəllələrdə kasıb ailələr var ki, supulunu vaxtında ödəyə bilmir. Maarif Rzayev də bunu bəhanə gətirərək hamının suyunu kəsir:
“Ödənişi gecikdirən kasıb ailələr var. Həmin ailələrə görə bütün məhəllələr susuz qalır. Deyirik, supulu ödəməyən evlərə gedən xətləri bağla, qalanların suyunu ver. Deyir, gedin, pulu alın, gətirin verin mənə, suyu açım. Hamıdan supulu verməyənin qisasını alır”.
Sakinin iddiasına görə, Maarif Rzayev adambaşına aylıq supulu 3 manat, uşaqlara görə 1 manat 50 qəpikdən hesablayır. Aylıq ödənişin məbləğini də Maarif Rzayev sakinlərlə razılaşdırmadan, təkbaşına müəyyənləşdirib:
“Pulu alıb qoyur cibinə, qəbz də vermir, 1 aydan sonra deyir, sən pul vermədin. Gah da deyir, yadımdan çıxıb, gətir, təzədən ödə… Adamlar ay ərzində gözüdolusu su görmür, səhər saat 5-də, 6-da suyu açır, hamı yatan vaxtı su verir, yuxudan oyanınca yenə kəsir. Bir sözlə, əsəblərimizi pozur. Bu boyda məhəllələr bir nəfərin ərköyünlüyü üzündən susuz qalıb. Ancaq ödəniş vaxtı çatanda supulu tələb edir”.
“Deyirlər, müdaxilə edə bilmərik”
Sakinlər dəfələrlə Gəncədəki Su İdarəsinə müraciət edirlər. Demələrinə görə, onlara bildirilir ki, artezian dövlətin balansında olmadığına görə, müdaxilə edə bilməzlər:
“Su idarəsinin rəisinə deyir ki, quyu mənimdir, sənədim də var. Ancaq heç bir sənəd də ortaya çıxara bilmir. Deyir, əgər məni uzaqlaşdırmaq istəyirlərsə, onda quyuya nəzarət oğluma verilsin”.
Sakinlərin istədiyi odur ki, su quyusu dövlətin balansına keçirilsin. Düşünürlər ki, belə olarsa, həm sudan korluq çəkməzlər, həm də ödədikləri supuluna görə onlara qəbz verilər.
Su quyusuna nəzarət edən Maarif Rzayevsə sakinlərlə razılaşmır:
“30 ildir quyuya mən nəzarət edirəm. Şirkət kimi qeydiyyatdan keçmişəm, VÖEN-im var, qışboyu su fasiləsiz verilir, yayda suyun səviyyəsi aşağı düşdüyünə görə suyun verilməsində ləngimələr olur. Ancaq gəlib yoxlaya bilərsiniz də, bütün evlərə su verilir. Siz onlardan soruşun, hansının qapısına su maşını gəlir? Su gəlməyən su maşını çağırar, su alar, belə şey də yoxdur, çünki su var. Supulu yığıram, qəbz verirəm, topladığım pulu da hər gün 20-25 manat smartkarta vururam, gəlib yoxlaya da bilərlər. Bəli, əvvəllər başqa küçələrə də su verirdim, ancaq sakinlərin şikayətlərindən sonra kəsdim. O ki qaldı artezian quyusunun dövlətin balansına keçməsinə, mən özüm də dəfələrlə Bakıya getmişəm, “Azərsu” ASC-yə müraciət etmişəm ki, adımdan çıxarılsın, sakinlər kimi seçirlər, seçsinlər, nəzarət həmin adama verilsin”.
Kəpəz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlər quruma ərizəylə müraciət etsələr, məsələ araşdırılar və su quyusunun dövlətin balansına keçməsi üçün tədbir görülər.