Bəziləri üçün istirahət məkanı, digərləri üçün kabusa çevrilən “Rose Garden” - Sakinlər etiraz edir...




Qəribə ölkədə yaşayırıq. Bizdə hər şey var: yaxşı qanunlar var ki, insanlar ona uyğun normal yaşaya bilərdilər, əgər, təbii ki, müvafiq strukturlar məhz bu qanunların fəaliyyətini təmin edərsə və onu pozanları cəzalandırarsa...

Amma yox. Bizdə adətən haqlı daha çox pulu olan, yüksək himayədarı olandır. İnsanlar bu və ya digər qanun pozuntusundan şikayət edəndə aidiyyəti strukturların nümayəndələri elə sifət göstərirlər ki, adam özü utanır – doğrudanmı, hər şey qaydasındadır, biz onları boş yerə narahat etmişik? Hər şey nəzarət altındadır? Qanunu pozanların özləri isə foto və video sübutların olmasına baxmayaraq, inadla hər şeyin qaydasında olduğunu və heç bir problem olmadığını israr edirlər.



“Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən Süleyman Sani Axundov küçəsi, ev 2 ünvanında yaşayan bir qrup sakin AYNA-ya müraciət edib. Onların sözlərinə görə, evlərinin yaxınlığında “Rose Garden” adlı restoran açıldıqdan sonra dincliklərini itiriblər.

“Restorandan gecə saat ikiyə qədər yüksək musiqi və səs-küy eşidilir. Dəfələrlə restoran rəhbərliyindən bu səs-küyün dayandırılmasını tələb etsək də, restoran rəhbərliyi tələbimizə məhəl qoymur. Biz 5-ci polis bölməsinə şikayət etsək də, polis əməkdaşlarından heç bir konkret cavab almadıq”, - deyə narazı insanlar bildiriblər.

Sakinlər qeyd ediblər ki, “Rose Garden” restoranı insanları yatmağa, istirahətə möhtac qoyub. Axı, etiraf edək ki, hər adam gecə saatlarına qədər əylənməyi sevmir. Səhər saat 9-da işdə olmaq üçün bir çox insanın normal yuxuya ehtiyacı var. DİA.AZ xəbər verir ki, AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

“Rose Garden”in əməkdaşı Vüsal Qədirovun verdiyi məlumata görə, yaxınlıqda yaşayan sakinlərin dedikləri həqiqətə uyğun deyil: “Gecə restoranımızdan nə musiqi, nə də səs-küy eşidilir”.

Bəs, 5-ci polis bölməsi məsələyə niyə müdaxilə etmir?

Bölmənin Heydər adlı (soyadını deməyib) növbətçisi etiraf edib ki, ölkənin İnzibati Xətalar Məcəlləsinə görə, bütün səs-küylü tədbirlər saat 12:00-a qədər dayandırılmalıdır.

“O zaman 5-ci polis bölməsinin əməkdaşları niyə qanunvericiliyin tələblərini pozanlara qarşı niyə tədbir görmr” sualımıza Heydər belə cavab verib: “Biz bütün lazımi tədbirləri görəcəyik”.

Tədbirlərin dəqiq tarixini dəqiqləşdirmək cəhdimizə “lazım gələndə... o zaman görəcəyik” deyən növbətçi reaksiya verib.

Qayıdaq qanunlarımızın qəribəliklərinə, yəni onların fəaliyyətinin təmin edilməsinə. Bəli, ölkədə iş adamları, restorançılar işləməlidir, onlar pul qazanmalı, vergi ödəməlidir, iş yerləri açmalıdırlar və s. Paytaxt sakinlərinin isə istirahət və əyləncə yerləri olmalıdır. Amma bütün bunlar başqalarının zərərinə olmamalı, aidiyyəti strukturlardan qeyri-adi heç nə tələb etməyən sakinlərin hüquqlarının pozulması ilə müşayiət olunmamalıdır - bu insanlar sadəcə olaraq gecələr öz evlərində dinc, sakit yatmaq istəyirlər.

Bu tələbdə fövqəltəbii bir şey varmı? Bəs niyə beşinci polis bölməsinin əməkdaşları sakinlərin tələblərinə qulaq asmırlar? Yuxusuzluqdan əsəbləri pozulmuş sakinlərdən biri “Rose Garden”də görünsə və restoran işçiləri ilə əlbəyaxaya çıxsa, hadisə yerinə ilk olaraq parıldayan paqonlarla gəlməyəcəklərmi? Və sonra qürurlu bir baxışla onlar - qanun keşikçiləri xuliqanların vətəndaşların dincliyini və əmin-amanlığını pozmasına necə imkan vermədikləri barədə rəhbərlik və televiziya kameraları qarşısında hesabat verəcəklər...



Sakinlərin problemi restoran rəhbərliyinin heç vecinə də deyilsə və polislərin “gözləri tutulubsa” və ya “lazım olanda”nın başlanma vaxtı barədə yuxarıdan siqnal gözləyirlərsə, onda şəhər boyu oxşar problemlərin həlli üçün başqa effektiv üsul var. Əgər bu və ya digər vətəndaş - sahibkar şəhərin yaşayış massivlərində restoran açmağa qərar verib, gecə saatlarına kimi sakinlərin dincliyini pozursa, o zaman qanuna yalnız bir bənd daxil edilməlidir – obyekt sahibləri məcburi şəkildə obyektə ən yaxın binalarda yaşamalıdırlar. Ondan sonra bu restoran sahiblərini evlərində necə qarşılayacaqlarını görəcəyik.

Amma bu üsul da bizim reallıqlarımızda çox təsirli olmaya da bilər. Axı bizdə adətən bir obyektin sənədli sahibi başqa, onun əsl sahibi isə fərqli insanlardır. Hər halda, yerli icra hakimiyyəti və ərazidəki polis bir yol tapmalıdır – “Rose Garden”i sakitləşdirməyin bir yolunu tapın. İnsanların öz evlərində rahat yatmaq hüququ var. Və heç kim bu hüququ olnların əlindən ala bilməz. Hətta böyük pullar müqabulində belə...

Tarix: 20-07-2022, 08:28
Xəbəri paylaş





Xəbər lenti