Regionlarda istirahət neçəyədir?- “Bahalı yer seçirlər, sonra da deyirlər ki, bahadır”
Pandemiya ilə bağlı ölkədə turizmin inkişafında problemlər özünü göstərsə də, cari ildə bu istiqamətdə irəliləyişlərin olduğu deyilir. Reallıqda isə hələ ki, Azərbaycanın turizmin inkişaf etdiyi ölkələrdən olduğunu demək çətindir. Ötən müddətdə hava yolundan istifadə edə bilməyən vətəndaşlar İran-Naxçıvan quru yolundan istifadə edirdilər. Lakin artıq həmin quru yolu da bağlanıb. Bəzi ekspertlər bunun daxili turizmin inkişafında mühüm rolu olacağını bildirirlə. Hazırda yay turizm mövsümüdür və vətəndaşların əksəriyyəti istirahət üçün regionlara üz tutur.
Naxçıvan quru yolu bağlandıqdan sonra daxili turizm obyektlərində qiymətlər necə dəyişib? Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi
Cebhe.info-ya bildirib ki, Azərbaycan quru sərhədləri ilə giriş-çıxış 2020-ci ilin mart ayından, yükdaşımaları istisna olmaqla dayandırılıb:
“Bu pandemiya ilə bağlı qərara əsasən həyata keçirilmişdi. Bir müddətdir ki, Türkiyə-Naxçıvan arası keçid məntəqəsi açıq idi və Azərbaycan vətəndaşları da Naxçıvana gedərək, oradan da Türkiyəyə səfər edə bilirdilər. Həmin quru sərhədin olması da diskamfortlu olsa da, hava yoluna nibətən daha ucuz başa gəlirdi. Təbii ki, bu yolun bağlanması bir çox məsələlərə təsir göstərir. Azərbaycan vətəndaşları bu quru yolu vasitəsilə Türkiyəyə çox üz tuturdular və yol bağlanırsa, bəzi qrup insanlar, tələbələr, əmək miqrantlarının maraqları nəzərə alınmalıdır. Yəni gedən insan geri qayıda bilməlidir. Əgər quru yolla geri qayıda bilmirsə, məcburdur ki, təyyarədən istifadə etsin və bu da ucuz deyil. Digər tərəfdən, turizm baxımından sərhəd açıq olduğu dövrdə turizm şirkətləri nəinki Naxçıvan, eləcə də Naxçıvan-Türkiyə turları təşkil edirdilər. Bu qərarın verilməsi turizm şirkətlərinə zərbə oldu. Turizm öncədən planlanan bir fəaliyyətdir. Həm turist, həm də xidmətləri satan şirkət üçün maliyyə xərcləri həyata keçirilir. Məsələn, buraya otel otağınn bron olunması, təyyarə biletləri, nəqliyyat, bələdçi xərcləri və s. daxildir. Ona görə də sonra turizm şirkətləri bu xərcləri geri qaytara bilmir. Ancaq nə etmək olar, dövlət bu qərarı qəbul edib və burada ciddi bir səbəb var. Həm də son dövrdə meymunçiçəyi virusu yayılır. Hətta Türkiyədə, Gürcüstanda da buna rast gəlinmişdi. Azərbaycanda karantin müddəti 1 sentyabr 2022-ci il tarixinədək uzadılıb. Son günlər COVİD-19-a yoluxanların sayı artır. Bu kimi səbəblər var. Eyni zamanda, turim şirkətlərinin, turistlərin maraqları nəzərə alınmalıdır. Turizm şirkətləri, turagentliklərinə yardım göstərsək yaxşı olar. Yalnız maliyyə yardımı deyil, məsələn, “AZAL”dan bilet alıblarsa, onun geri qaytarılması da bir prosesidir, digər tərəfdən hansısa digər xərclərin geri qaytarılmasında kömək ola bilər”. Mövcud vəziyyətin daxili bazara göstərdiyi təsirə gəldikdə isə S.Dübəndi deyir ki, bu, o qədər də hiss olunmur:
“Xaricə üz tutan turistərin bir qismi məyus olub. Ola bilsin ki, heç bu il turizm fəaliyyətlərinə də qatılmasınlar. Maliyyə itkiləri baş verir, səfəri başqa bir vaxta təxirə sala bilir. Hazırda yay turizm mövsümüdür və regionlarda müxtəlif qiymətə təklif olunan həm otellər, həm də turizm şirkətləri tərəfindən paket şəkildə təklif olunan turlar var. Sadəcə olaraq satışlar bu il yüksəkdir, bəzi otellərin qiymətində fərqli dəyişik var, ancaq kütləvi xarakter daşımır. Yalnız bahalı otaqlar hazırda satışdadır, həmin otaqların satışda olması onu göstərir ki, otelin digər otaqları satılıb, yalnız bahalı otaq qalıb. Bu gün həm də iri hotellərdə çox yüksək satış var. Bu gün otel axtarsaq, çətin tapaq. Kiçik və orta həcmli otellər və digər yerləşmə yerlərində qiymətlər fərqlidir. Satışlar beşulduzlularda olduğu kimi olmasa da, hər halda ötən illə müqayisədə yüksəkdir. Daxili turzm inkişafdadır. Pandemiyanın qızğın vaxtında deyirdik ki, sərhədlərin açılmasını gözləməyə dəyməz, yəni Azərbaycan turizmi nə vaxt dirçələcək. Daxili turizm də işləməlidir. Bu il turizm sənayesinin bərpa prosesi gedir. Ümid edirik 2019-2020-ci il dövriyyəsinə yenə də nail ola biləcəyik”. Müsahibimiz deyir ki, doluluq həm Bakıda, həm də bölgələrdə var və səbəbləri müxtəlifdir:
“Bakıda ona görə ki, ərəb ölkələri ilə intensiv turizm mübadiləsi gedir. Daha çox Körfəz ölkələrindən turist qəbul edirik. Regionlara isə daha çox iri şəhərlərin sakinləri üz tuturlar. Xarici turistlər isə 20-30 faiz təşkil edir. O ki qaldı qiymətlərə, birmənal demək olmur, hansı qiymətdir. Bakıda beşulduzlu hoteldə elə otaqlar var 10 minlərlə manata ola bilər. Onlar daha az satılır. Sıravi turistlər üçün nəzərdə tutulan otaqlar deyil. Məsələn, Xınalıq ərazisində icarəyə verilən evlərdə 20-25 manata gecələmək imkanı verilir. Həmin əraziyə yaxın Quba, Qusarda 10-15 dəfə artıq qiymətlər də təkilif olunur. Qiymətin formalaşması tələb-təkifdən asılıdır. Ona görə də qiymətlər bu gün tələbə uyğun formalaşır. Şikayətlər də eşidirik ki, vətəndaşın cibinə uyğun olmayan restoran qiyməti var. Bununla qismən razılaşıram. Vətəndaş beşulduzlu oteli seçəndə düşünür ki, sıravi məbləğdə olmalıdır. Nə qədər yuxarı ulduzlu müəssisə seçiləcəksə, qiyməti də ona uyğundur.Qiyməti aşağı olan yer seçmək istəyəndə, yüksək kateqoriyalı otelə üz tutmamalıdır. Ya kampaniyanı gözləməlidir, ya da öncədən sifariş etməlidir. Vətəndaşlar regiona üz tutanda gedib yüksək kateqoriyalı müəssisələr seçirlər və sonrada deyirlər ki, bahadır. Digər təkliflər, müxtəlif yerləşmə vasitələri də var. Doğrudur, müəssisələrin sayı azdır. Alternativ yerləşmə müəssisələri, qonaq evləri, kənd evləri, çadır şəhərcikləri, dağ sıçınacaqları və s. artmalıdır. Bunların sayı artdıqca, təkliflər çoxalacaq və qiymətlərin də aşağı düşmək ehtimalı çoxalır”.
Tarix: 20-07-2022, 22:32